İstanbulda on minlərlə insan etiraz yürüşü edib

On minlərlə insan bu gün İstanbul boyunca yürüş edərək anti-hökumət nümayişləri zamanı zədə almış yeniyetməni dəfn ediblər.

15 yaşlı Berkin Elvan 269 gününü komadan keçirdikdən sonra dünən - çərşənbə axşamı vəfat edib.

Yeniyetmənin anası kimi nümayişçilərdən çoxu Türkiyə baş nazirinin Berkinin "qatili" olduğunu deyib.

Gezi parkı etirazları vaxtı xəsarət aldıqdan 9 ay sonra vəfat etmiş yeniyetmənin ölümü Türkiyə boyu geniş əks-səda doğurub.

Çərşənbə günü bir sıra şəhərlərdə keçirilən etirazlardan sonra Prezident Abdullah Gül vətəndaşları təmkinə çağırıb.

Ötən ilin iyun ayında çörək almağa gedərkən polisin atdığı gözyaşardıcı qaz kanistri Berkinin başına dəyərək onu komaya salmış və bu hal 9 ay çəkmişdi.

Müxbirlər deyir ki, yeniyetmənin 269 gün komada qalması ölkədə böyük təsir yaradıb və polisin Baş Nazir Recep Tayyip Erdoğana qarşı etiraz nümayişlərində işlətdiyi ağır taktikanın göstəricisi olub.

Çərşənbə günü səhər tezdən dəfn mərasiminə qatılanlar İstanbulun Okmeydan ərazisindəki Cemevi kimi tanınan Alevi müsəlmanları ibadət mərkəzinə gəlir.

Cemevidə dəfn mərasimindən sonra şəhərin mərkəzində yürüş başlayacaq.

Polis çərşənbə axşamı gecə nümayişçilərə su şırnaqları ilə hücum edib.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Polis çərşənbə axşamı gecə nümayişçilərə su şırnaqları ilə hücum edib.

Berkin Elvanın çərşənbə axşamı günü yayılan ölüm xəbəri ölkə boyu etiraz çıxışlarına təkan verib.

Çərşənbə günü Ankarada Erdoğan hökumətini korrupsiyada ittiham edərək “İstefa!” şüarlarını qışqıran etirazçıların aksiyasını dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə olunub.

Arxa küçələrə sıxışdırılan etirazçılarla polis arasında toqquşmalar baş verib.

Ötən il İstanbul mərkəzindəki parkda inşaat əleyhinə etiraz aksiyaları Recep Tayyip Erdoğan hökumətinə qarşı izdihamlı hərəkata çevrildi.

Ötən ilin dekabr ayında 3 nazirin oğlunun həbsindən sonra Baş nazir korrupsiya ittihamlarını xaricdən və daxildən yönlənmiş “xain həmləsi” adlandırıb.

Fevral ayında Recep Tayyip Erdoğan onunla oğlu arasında böyük məbləğdə pulların gizlədilməsi barədə telefon danışığı yazısının gerçək olduğunu qəzəblə rədd edib.

Elvanın ailə üzvlərinə başsağlığı verən Prezident Abdullah Gül Türkiyənin “nifaq və qəzəb mühitində” yaşadığını deyib.

“Bu gün xəbəri görəndə həqiqətən üzüldüm. Bu hadisə baş verəndə (Berkin) 14 yaşında uşaq idi. Bu gün həyatını itirdiyini öyrəndim. Ailəsinə başsağlığı diləyirəm”.

Abdullah Gül Berkin Elvanln bu “mühtin son qurbanı” olduğunu deyib.

Berkinin vəfatından sonra Okmeydanı xəstəxanasının qarşısında başsağlığı verməyə gələn adamlar toplaşıb və mövzu sosial mediada geniş müzakirə olunub.

Hadisə yerinə gələn iğtişaş polisilə etirazçılar arasında toqquşma baş verib.

Eyni zamanda etiraz çıxışları Antalya, İzmir və paytaxt Ankarada keçirilib.