Erdoğan istefa çağırışlarını rədd edib

Korrupsiya qalmaqalı ilə bağlı İstanbulda keçirilən hökumət əleyhinə nümayişin dağıdılmasında rezin güllə və gözyaşardıcı qazdan istifadə edilib.

Nümayiş iştirakçıları Erdoğanı istefaya çıxmağa səsləyərək “oğrunu yaxala” şüarını qışqırıblar.

Etirazlar İzmir və Ankarada da keçirilib.

Cümə günü İstanbulda toplaşan tərəfdarlarına müraciətində Recep Tayyip Erdoğan korrupsiya iddialarını hökumətinin son 11 il ərzində üzləşdiyi ən böyük qarayaxma kampaniyası kimi dəyərləndirib.

Türkiyə lideri vəzifədən getmək fikrində olmadığını deyərək gələn ay keçiriləcək yerli seçkilərdə hakim AK partiyanı dəstəkləməyə səsləyib.

Cümə günü Türkiyə Silahlı Qüvvələri ölkə daxilində baş verən siyasi proseslərə qarışmayacağını deyib.

BBC müxbiri James Reynolds Türkiyə baş nazirinin qurduğu hakimiyyət sistemi daxilindəki müxalifətlə üzləşdiyini bildirir.

Ötən həftə genişmiqyaslı korrupsiya əməliyyatı nəticəsində həbs olunanlar arasında nazirlərin övladları da olub.