İlham Əliyev: "Vəziyyət tam nəzarət altındadır"

Şəklin mənbəyi, Mudafie Nazirliyi
Cəbhə xəttinə səfər edən Azərbaycan prezidenti İlham Əliyev vəziyyətin "tam nəzarət altında olduğunu" bildirib.
"Bu gün Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər", president.az saytı yazır.
İlham Əliyev əlavə edib ki, bir həftə əvvəl Ermənistan Silahlı Qüvvələri gecə vaxtı Azərbaycanın bölgələrinə hücum edib.
"Biz itki vermişik, əsgərlərimiz şəhid olmuşlar. Allah bütün şəhidlərə rəhmət eləsin, onların ailələrinə, yaxınlarına səbir versin. Ancaq, eyni zamanda, düşmən layiqli cavab aldı".
Cənab Əliyevin sözlərinə görə, Ermənistan isə "öz itkilərini gizlədir".
"Beynəlxalq hüquq normaları bizim mövqeyimizi dəstəkləyir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Biz heç vaxt Azərbaycan torpağında ikinci qondarma “erməni dövləti”nin yaradılmasına imkan verməyəcəyik, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik: ya sülh yolu ilə, ya hərbi yolla. Biz hər iki varianta hazırıq".
O, Azərbaycanın "güclü hərbi potensiala malik olduğunu" bildirib.
Cənab Əliyev deyib ki, ona operativ məlumat verilir.
Azərbaycan prezidenti İlham Əliyev avqustun 6-da Ağdamdakı “N” saylı hərbi hissəyə baş çəkib.
Prezidentin saytı yazır ki, Ağdamda İlham Əliyevin iştirakı ilə operativ müşavirə keçirilib.
Müdafiə naziri Zakir Həsənov yaranmış hərbi şərait və cəbhə xəttində ümumi vəziyyətlə bağlı cənab Əliyevə məlumat verib.
Çərşənbə səhəri Ağdam İcra Hakimiyyətinin rəsmisi İlham Əliyevin Ağdamda olduğunu təsdiqləyib.
"Prezident İlham Əliyev Ağdamdadır", icra başçısının köməkçisi Eldəniz Abdullayev BBC Azərbaycancaya deyib.
Rəsminin sözlərinə görə, İlham Əliyev Ağdama İmamqulubəyli qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş 632 mənzilli binanın açılışı üçün gəlib.
"Ali Baş Komandan Ağdama gəlibsə, çox güman ki, təmas xəttinə də baş çəkəcək", cənab Abdullayev əlavə edib.
Azərbaycan tərəfi ötən həftə Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında atəşkəsin pozulması nəticəsində 13 əsgərini itirib.
Müdafiə Nazirliyi yaralıların sayını açıqlamayıb.
Tanınmamış Dağlıq Qarabağ Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlərdə beş erməni əsgəri ölüb, yeddisi yaralıdır.
Atəşkəsin pozulmasından sonra tərəflər bir-birini "kəşfiyyat-diversiya cəhdləri"ndə ittiham edib. Bundan başqa, tərəflər bir-birini itkiləri gizlətməkdə ittiham edərək digərinin daha çox itki verdiyini iddia edib.
Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi 1994-ci il mayın 5-də imzalanıb.




