"Ac toyuq yuxusunda darı, jurnalist İlham Əliyevlə müsahibə görər"
- Müəllif, İlhamə Qasımlı
- Vəzifə, Ankaradan BBC Azərbaycanca üçün
Prezident İlham Əliyevdən çox kiçik qrup jurnalistlə birlikdə müsahibə alırıq.
Müsahibədə iştirak edən jurnalistlərin hamısı, demək olar ki, eyni dövrün təmsilçiləriydik - 1990-cı illərin ortalarından 2000-ci illərin ortalarına qədər olan məhşur jurnalistlər. Digərlərini xatırlamıram, ağlımda qalan tək "Trend" informasiya agentliyindən Elçin Hüseynovdu.

Şəklin mənbəyi, Reuters
Gözüm mətbuat katibi Azər Qasımovu arayır - görmürəm. Və düşünürəm ki, indi o burda olsaydı, belə bir ünsiyyət imkanımız olmazdı.
Hansısa rəsmi tədbir olmasına baxmayaraq, prezident jurnalistlərlə çox səmimi və təbii söhbət edir.
Düşünürəm ki, təcrübə öz sözünü deyir, yeni jurnalistlər prezidentlə ünsiyyət qura bilmirlər, amma "köhnə qurdlar" prezidentlə müsahibəyə nail olmuşuq.
Bir ara yalnız jurnalistlərlə bir arada qaldığı bir vaxtda prezident qayıdır ki, "arada yığışıb dərdləşək. Sizinçün prezident yox, bir dostam. Amma xahiş edirəm, özümüzdən başqalarının yanında çox səmimi görünməyək".
"Yaxşı olardı, cənab prezident" deyirəm.
"Biz səninlə həm də adaşıq, mənə adımla da müraciət edə bilərsən, Amerikadakı kimi" deyir.
Mən də bundan ürəklənib sualımı verərəkən ona "İlham müəllim" deyə xitab edirəm.
"Hadi, kalk, çocuğa bak", - yoldaşımın səsini eşidirəm.
"Ya, buraksana, cumhurbaşkanı ilə röportaj yapıyorum" - deyirəm.
"Manyağ! Rüyanda yaptığın röportajımı yayınlayacaksın?!"

... Yuxunun təsirinə elə düşmüşdüm ki, senasion müsahibənin əlimdən çıxması məni yandırırdı.
İlham Əliyev nə vaxtsa gerçək həyatda da onunla adaş olduğumu xatırlatmışdı deyə, yuxumun psixoloji təsiri daha güclü olmuşdu, elə bilirdim, indi götürdüyüm müsahibə də, gercəkdir.
Yerimdən qalxıb oğlumun otağına keçəndə qaşqabaqli düşündüm ki, "deyəsən, Azərbaycan jurnalistləri prezidentlə müsahibəni bundan sonra yalnız yuxularımızda görəcəyik - ac toyuq yuxusunda darı gördüyü kimi".
Yaşadığım Türkiyə də media azadlığına örnək deyil. Çox sayda həbs olunan jurnalist, aparıcı telekanallardan uzaqlaşdırılmış jurnalistlər var.
Amma bu ölkədə prezident və baş nazir yerli jurnalistlərə mütamadi müsahibələr verib ölkə gündəminə ciddi təsir edirlər.
Hökumətin və dövlətin başçıları xarici dövlət başçısı ilə də görüşür, gəlib parlamentdə hesabat da verib, ciddi siyasi acıqlamalarla cıxış edir, sonra gedib Hülya Avşar və gözdən əngəlli müğənni Metin Şentürkün şou proqramlarına müsahib olurlar. Bu zaman düşünmürlər ki, hansısa sənətçinin verilişinə çıxmaqla şou səviyyəsinə enmiş olublar. Əksinə, ölkənin ən reytinqli şou-proqramlarına çıxaraq geniş auditoriya ilə təmasda olurlar.
Azərbaycanda 10 ildən artıq Prezident Aparatında akkreditasiyalı jurnalist kimi çalışmışdım. İlham Əliyevlə Dövlət Neft Şirkətinin vitse-prezidenti olduğu vaxtlardan müsahibələrim olub - həm qrup, həm də təkbətək.
Prezident olduqdan sonra da bir müddət o, jurnalistlərlə təmasdan yayınmadı, hətta şəxsən tanıdığı jurnalistlərlə səmimi ünsiyyətini də müşahidə etmişəm.
Prezidentin təyyarəsi
İlham Əliyev istər siyasi, istərsə də məmur özbaşınalıqları ilə bağlı suallara normal cavab verib.
Amma tədricən İlham Əliyev onu izləyən jurnalist qrupundan uzaqlaşdı.
İlham Əliyevi səfərlərdə müşaiyət edən jurnalistlərə onun təyyarəsinə minmək qadağan olundu, jurnalistlər yalnız sərnişin təyyarəsi ilə həmin ölkəyə gedə və sonradan prezidentin iştirak etdiyi tədbirlərə qatıla bilərdi.
Səbəbi ilə bağlı "siz prezidentin təyyarəsi ilə gedib özünüzü göstərməkmi istəyirsiniz?" səklində izahat verildi.
Daha sonra isə prezidentin qrupundakı jurnalistlər, ya zəlzələdən, ya vəlvələdən - hərəmiz bir səbəblə qrupdan çıxdıq.
Bu dəyişikliyin səbəbi rəsmi göstərilməsə də, belə deyirdilər ki, xüsusilə korrupsiya faktları ilə bağlı verilən suallara görə nazirlər jurnalistlərin prezidentlə ünsiyyətinə məsul olan şəxslərə təsir ediblər.

Şəklin mənbəyi, AP
Bunun nə qədər doğru olduğunu deyə bilmərəm, amma Heydər Əliyevin dövründə onun xəbəri olmadan heç bir jurnalist onun jurnalist qrupundan siyasi səbəblərlə uzaqlaşdırıla bilməzdi.
Heydər Əliyev başqa idi
Ən sərt sualların müəllifləri belə Prezident Adminsrtasiyasinda fəaliyyətini illərlə davam etdirmişdilər.
Dövlət müşavirlərindən birinin bir jurnalistin akkreditasiyani ləğv edilməsi üçün mətbuat katibliyinə etdiyi zəngə cavab olaraq ona bildirilmişdi ki, jurnalistlə problemi varsa, ona müsahibə verməyə bilər, amma prezidentin qurupunda olan jurnalistlə bağlı onun özündən başqa heç kim qərar verə bilməz!
Təxminən 2005-ci ildən sonra isə Prezident Aparatının şöbələrindən birinin işcisinin şikayəti ilə mətbuat katibinin müavini mənə zəng edərək akreditasiyamı ləğv etməklə hədələmişdi.
İndiki müşahidələrimə görə, Prezident Aparatında o dövrün inadcıl jurnalistlərindən heç kim qalmayıb. Yalnız hansısa xarici dövlət başçılarının səfərləri zamanı keçirilən nadir mətbuat konfranslarında verilən suallar isə, adətən, kağızdan oxunur - hazırlanmış suallar olur.
Azərbaycan ictimaiyyəti öz ölkəsinin prezidentinin özəl müsahibələrini yalnız xarici mediadan oxuyur.
Azərbaycan prezidenti bu gün yalnız "medianın dostu" mükafatını alarkən yerli jurnalistlərlə görüşür ki, bu görüşdə də nə danışacağı əvvəldən bəlli olanlar iştirak edirlər.
Məncə, Azərbaycan müasir jurnalistikasının inkişaf dövrü 2005-ci ildə bitib. O dövrdən sonra jurnalistlər prezidentin fəaliyyəti ilə bağlı xəbərləri hadisə yerindən deyil, Prezident Adminstrasiyasından hazır gondərilmiş yazılı və videoxəbərləri azacıq üzərində işləməklə yayınlayıblar.
Prezident, Azərbaycan ictimaiyyətinə jurnalistin müşahidələri ilə deyil, öz adminstrasiyasının məmurlarının hazırladığı hazır mətn və videogörüntülərlə təqdim olunur.
Azərbaycan vətəndaşları öz prezidentinin fəaliyyətini eyni ssenari və montaj əsasında izləyə bilir.




