"Jurnalist prezidentlə dost olarmı?" - İlham Əliyevin mükafatlandırılması sosial mediada

Bazar günü Prezident İlham Əliyevin "Jurnalistlərin Dostu" mükafatı ilə təltif olunması sosial mediada geniş müzakirələrə səbəb olub.
Bəziləri prezidenti təbrik edib, bir çox sosial media istifadəçisi isə bu titulun İlham Əliyevə verilməsini sual altına qoyub.
Onlardan biri olan Vüsal İsayev Twitterdə sual edib: "O hansı ölkədir ki, dünyada mətbuat azadlığı indeksinə görə 156-ci olduğu halda ölkənin prezidenti jurnalistlərin dostu seçilib?"
AXCP fəalı Bəyim Həsənli isə Facebook səhifəsində cənab Əliyevin RUH sorğusunda 89 faizlə seçilməsini şərh edib: "80-lərdən aşağı düşmək onun üçün təhqirdir. Təbrik edirik, İlham Əliyev 89 faiz səslə "Jurnalistlərin dostu" seçilib, ikinci dəfə."
Səxavət Soltanlı İlham Əliyevin jurnalistlərlə münasibətini şərh edib. Onun fikrincə, "10 ildə bir jurnalistə müsahibə verməyən, brifinq keçirməyən prezidenti jurnalistlərin dostu adlandırmaq heç bir məntiqə sığmır. Özünü prezidentin dostu hesab edən jurnalistin olması isə sadəcə gülməlidir. Prezident ilə mətbuatı dost olan xalqın vay halına."
Siyasətçi Qənirə Paşayevaya məxsus olduğu güman edilən Twitter və Facebook hesablarında isə "Cənab Prezidenti təbrik edirik!" sözləri yazılıb.
İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı həmçinin prezidenti təbrik edib. ""Jurnalistlərin dostu" mükafatı Azərbaycan prezidentinə təqdim edilib. Təbriklər Cənab Prezident!"
Tədqiqatçı juranlist Xədicə İsmayılovanın fikrincə, jurnalistin işi "prezidentə sual vermək, ondan cavab istəməkdir. Onu "dost" elan eləmək, və yaxyd bunu edənlərə kömək etmək deyil".
Azad Gənclik Təşkilatının Twitter səhifəsində isə belə yazılıb: "Qəzet köşklərinin bağlanması, jurnalistlərin həbs olunması və s.yə əsaslanaraq İ.Əliyev “Jurnalistlərin dostu” seçilib".
"Ruh" Jurnalistləri Müdafiə Komitəsinin media qurumları arasında keçirdiyi sorğuya əsasən, Azərbaycan Prezidenti İlham Əliyev səslərin 89 faizini toplayaraq ikinci dəfədir ki, "Jurnalistlərin dostu" seçilib.




