Qarabağ FK - "futboldan daha önəmli" klub

Şəklin mənbəyi, Getty
Çərşənbə axşamı günü Bakıda Tofiq Bəhramov stadionunda Azərbaycanın Qarabağ Futbol Klubu ilə Maltanın Valletta Futbol Klubu arasında növbəti qarşılaşma olacaq.
Bu matç Çempionlar Liqasının kvalifikasiya mərhələsi çərçivəsində keçirilir.
Azərbaycan liqasının çempionları olan Qarabağ FK Maltada keçirilən oyunda Valletta-ya 1-0 hesabı ilə qalib gəlib.
Klubun meneceri Asif Əsgərov BBC Dünya Xidmətinin "World Footbal" proqramına klubun Ağdama qayıtmaq ümidlərindən və Azərbaycanda futbolun durumundan danışıb.
Asif Əsgərov, menecer
"Azərbaycanda görürəm ki, klubların əksəriyyətinə yaxşı şirkətlər investisiya qoyur. Buna görə son 5-6 il ərzində futbol çox inkişaf edib", o deyir.

Şəklin mənbəyi, AFP
"Təbii ki, oyunlar İmarat stadionunda keçirilməlidir, amma ermənilər onu dağıtdı. İnanıram ki, biz ora qayıdacağıq və orada stadion yaradacağıq. Hazırda klubumuz Bakıdakı stadionda oynayır, yeni stadion da tikilməkdədir və bu mövsümdən sonra biz [yeni] stadionda oynayacağıq. Dediyim kimi, ümid edirəm Ağdama köçüb orada oynayacağıq".
World Football-dan Steve Mellory isə Avstriyada oyunçularla görüşüb. Burada onlar Almaniyadakı keçirilən final mərhələsinə hazırlaşırlar.
Namiq Yusifov, yarımmüdafiəçi
Bu klubu hamı sevir. Gənc oyunçular uşaqlıqdan burada oynamağı arzulayır.

Şəklin mənbəyi, Getty
Qarabağ Azərbaycan xalqının klubudur, hamı ona azarkeşlik edir, çünki biz Avopada oynayanda hamı bilir ki, Qarabağ Azərbaycan ərazisidir. Bu siyasidir, ona görə çox yaxşıdır - hamı bu klubu sevir.
Futboldan daha önəmli bir şeydir. Təbii ki, futbol önəmlidir, amma futbol idmandır, bu isə siyasət. Biz qələbə qazananda hamı sevinir.
Biz qrup mərhələsinə keçə bilsək bu, möhtəşəm olar. Əlbəttə mən çox nikbinəm, həmişə düşünmüşəm ki, nəyəsə inanmırsansa, onu heç etməsən yaxşıdır.
Demirəm ki, biz böyük klubuq, gəlib qələbə qazanacağıq. Amma Dünya Kubokunda gördük ki, İspaniya uduzdu, İtaliya uduzdu, Portuqaliya uduzdu, İngiltərə uduzdu - bu böyük yığmalar uduzdu, çünki onlar elə bilirdilər ki, asanlıqla qalib gələcəklər.
Amma indi futbol başqa cürədir. Ən böyük istəklə oynayan qalib gəlir. Ona görə inanıram ki, biz bunu edə bilərik.
İbrahim Sehiç, qapıçı
Əslində bura gəlməzdən əvvəl düşünürdüm ki, o qədər peşəkar deyil və [buradakı] klublar o qədər yaxşı olmayacaq, amma Azərbaycanda 4-5 çox, çox yaxşı klub var.
Bu məni təəccübləndirdi. Amma çempionat üçün çalışmaq gözəldir.
Azərbaycanda adamlar daha çox döyüş idmanlarını sevir. Taekvondoda qələbə qazanırlar, ona görə 10 000 adam onu izləməyə gedir.
Ona görə Qarabağ qrup mərhələsinə keçsə hamı onu izləməyə gedəcək, futbola daha çox maraq olacaq.
Azərbaycandan əvvəl Türkiyədə oynayırdım. Türkiyədə də adamlar futbol dəliləridir. Amma onların böyük klubları var - Fenerbahçe, Galatasaray, Beşiktaş...
Azərbaycan klublarının isə Çempionlar Liqasında o qədər təcrübəsi yoxdur, milli komanda da Türkiyə qədər yaxşı deyil. Nəsə baş verməlidir ki, onlar görsünlər ki, özləri də yaxşı oynaya bilir.




