Milyonlar Azərbaycan futboluna təsir edirmi?

Azərbaycanda futbol sahəsinə milyonlarla avro məbləğində investisiya qoyulur və güclü sponsorlar tərəfindən dəstək göstərilir.
İnkişaf müşahidə olunsa da, ekspertlər deyirlər ki, azarkeşlərin bunun kifayət olmaması barədə narazılığı tezliklə üzə çıxa bilər, AFP-nin təhlilində deyilir.
Son illərdə Azərbaycanın yerli klublarına bir çox yeni ulduz əlavə olunub - həm idarəetmə səviyyəsində, həm də yığmaya.
Xəzər Lənkəran FK-a bu il qoşulan menecer John Toshack Azərbaycana gəlməzdən əvvəl Real Madrid və Uels-də fəaliyyət göstərib.
Klublara bir sıra xarici oyunçu da qoşulmağa başlayıb - Xəzər Lənkəran və Qəbələ kimi klublarda bir neçə braziliyalı futbolçu oynayır.
Buna baxmayaraq güclü sponsorların və varlı sahiblərin ayırdığı pulların klublara nə qədər təsir edə biləcəyi barədə şübhələr var, AFP yazır.
Pullar hardan gəlir?
Azərbaycan klublarına ARDNŞ kimi güclü sponsorlar və varlı sahibkarlar pul qoyurlar.
Qəbələ FK-nin prezidenti, ölkənin ən güclü və varlı siyasətçilərindən biri olan Kəmaləddin Heydərovun oğlu, Tale Heydərovdur.
Bakı FK-nin prezidenti biznesmen Hafiz Məmmədov, fəxri prezidenti isə nəqliyyat nazirinin oğlu və biznesmen Anar Məmmədovdur.
Azərbaycan liqasının çempionu Neftçi-yə ARDNŞ sponsorluq edir.
"Mübahisə etmək olar ki, qoyulan pullara baxanda daha böyük inkişaf əldə edilməlidir", APASport İnformasiya Agentliyinin baş direktoru İxtiyar Ələsgərov AFP-ə deyib.
Fərq "hiss olunur"
Amma məbləğ kifayət qədər böyük görünsə də, Avropa klubları ilə müqayisədə bu, büdcənin bir zərrəsidir.
"Azərbaycanda klubların büdcələri 20-30 milyonu keçmir", Xəzər Lənkəranın vitse-prezidenti Tuyqun Nadirov AFP-ə deyib.
"Avropada elə klublar var ki, büdcələri 200-300 milyon avrodur, amma onlar da nəsə udmaqda çətinlik çəkirlər", o izah edib.
Eyni zamanda yerli oyunçular üçün bir neçə il bundan əvvəlki vəziyyətlə müqayisədə fərq hiss olunur.
"Bir neçə il bundan əvvəl Azərbaycanda əməlli-başlı stadionlar da yox idi. İndi isə demək olar ki, hər klubun öz stadionu var", Bakının İnter klubunda oynayan hücumçu Vagif Cavadov deyib.




