Azərbaycan - Atletico Madridin "avtoritar dostu"

Şəklin mənbəyi, Getty
"Atletico Madrid dünya boyu futbol həvəskarlarının pərəstiş obyektinə çevrilib. İspaniya klubu özünün ən uğurlu mövsumunu keçirməkdədir və güman ki, Barselona/Real Madrid klublarının qoşa hökmranlığına son qoya bilər", söz azadlığı üzrə Index on Censorship təşkilatının təhlilində deyilir.
Londonda mənzillənmiş təşkilatın saytında cümə günü dərc olunan təhlildə deyilir ki, Atletico futbolçularının köynəklərində “Azerbaijan: Land of Fire” ( “Azərbaycan: Odlar Yurdu”) reklam şüarı əks olunur.
Klubun sponsoru, yazır təşkilat, “klassik diktatora məxsus rəhmsizliyi” və həddən ziyadə idarəçilik qaydaları oxumuş “həvəsli satış meneceri görünüşü və danışıq tərzini özündə birləşdirən" İlham Əliyevin hökumətidir.
Azərbaycan hökuməti məqaləyə münasibət bildirməyib. Lakin bundan əvvəl hökumət söz azadlığı barədə xarici təşkilatların tənqidlərini rədd edərək, onların qərəzli olduğunu qeyd edib.
Sponsorluq
İspaniya futbol klubu ilə Azərbaycan arasında saziş 2012-ci ildə imzalanıb və 2014-cü ilin mart ayında yenilənib, müəllif Padraig Reidy "Azərbaycan - Atletico Madridin avtoritar dostu" adlı məqaləsində yazır.
Müəllif bildirir ki, Atletico Madrid Azərbaycanla əməkdaşlığına uzun, lakin elə də aydın olmayan izahat verib.
“Azərbaycanla Atletico Madrid arasında əlaqə bütün tərəflərə faydalı olan idman, reklam, kommunikasiya, marketing və korporativ sosial məsuliyyət kimi müxtəlif səciyyəli aksiyalarla mühüm hədəflərə nail olmaq üçün nəhəng dəyərə malik bir vasitə kimi köynək üzərindəki kommersiya sponsorluğu ilə əlaqələndirilən ənənəvi sponsorluqdan fərqlənir”.
Müəllif "söz azadlığını boğan ölkə" ilə İspaniya klubunun əməkdaşlığını sual edir. “Əliyev təbliğat və senzura vasitəsilə gözdən pərdə asmaqla məşğul olan möhtəşəm qaz və neft gəlirləri sayəsində genişlənən avtokratik rejimin başçısıdır”.
Təhlilə əsasən Azərbaycan təbliğat aparmaqda olduqca fəaldır. Lakin ölkənin senzura sayəsində siyasəti o qədər də “ürəkaçan deyil”.
Məqalədə hakimiyyət tərəfindən “şantaj və təqib” edilən jurnalist Xədicə İsmaylovanın misalı çəkilir. Bununla yanaşı, məqalədə Index on Censorship mükafatını qazanmış Azadlıq qəzetinin maliyyə təhdidlərilə üzləşdiyi və İdrak Abbasovun “qəddar hücuma” məruz qaldığı qeyd olunur. Təşkilat başqa işlərlə yanaşı Rafiq Tağı və Elmar Hüseynovun qatillərinin məhkəmə qarşısına çıxarılmadığını bildirir.
Kimin qurbanları?
“Bunların hamısı Atletico Madrid-in qurbanlarıdırmı? Xeyr, bunu demək ədalətsiz olardı”, təhlildə retorik suala cavab verilir.
Məqalədə deyilir ki, İspaniya klubu birmənalı qarşılanmayan rejimlərin sponsorluğuna malik yeganə klub deyil. Çünki Barselona UNICEF reklamından imtina edərək “şairləri həbs edən” Qətərlə müqavilə bağlayıb.
Buna görə klubda oynayan Lionel Messini qınamaq lazım deyil, məqalədə deyilir.
Müəllif qeyd edir ki, Azərbaycanın Atletico ilə sövdələşməsi Əliyevlə onun tərəfdaşlarının imicinin idarı edilməsinin bir tərəfidir və onu tənqidçi müxbirlərin, bloqçu və fəalların məhbəsə atılmasından ibarət başqa bir tərəfindən tam ayırmaq imkansızdır.
“Biz futboldan həzz alıb oyunçuları tərifləməliyik, hərçənd ki, cəsur və qərarlı azərbaycanlılar qarşısında Atletico rəsmilərinə bəzi çətin sual verməyə borcluyuq”, - söz azadlığı üzrə Index on Censorship təşkilatının təhlilində deyilir .


