Rəşad Şirinin bloqu: boşalan Azərbaycan kəndləri

Basqal

Şəklin mənbəyi, Rashad Shirin

    • Müəllif, Rəşad Şirin
    • Vəzifə, Siyasi təhlilçi, Bakı

Son bir həftəni Basqalda keçirdim, məşhur İsmayıllı rayonunda.

Arada Lahıca da getdim. Lahıc təbii ki daha dinamik və canlıdır, çünki orada insanlar arasında sənətkarlıq qədim zamanlardan yayğın olub.

Bunun sayəsində iqtisadiyyat biraz daha oyaqdır. Yolun böyük hissəsinin düzəlməyi də yerli və xarici turistlərin sayını artırıb. Lahıc əslində bir turistik yerdir, tam olmasa da (otellərin demək olar ki, olmaması) müəyyən mənada bu belədir.

Basqal məni hər zamankındən daha çox kədərləndirdi bu dəfə. Düzdü bir tərəfdən inanılmaz təmiz və sərin hava həm də çox sevindirirdi və bəlkə də insanların son dərəcə az olması dincəlmək üçün gözəl şansdır amma yenə də…

Mən Basqalın çox daha canlı günlərini görmüşəm 80-lərdə və 90-larda.

Basqaldan olan yaşlı insanlar Basqalın canlı və dinamik mərkəz olmağını əsasən Basqal bazarındakı basabas və sıxlıqla xatırlayır.

Şəklin mənbəyi, Rashad Shirin

Adətən deyirlər ki: “Bazarın bir ucundan o biri ucuna (hardasa 100 m) 1 saata (!) gedirdik, o qədər adam olurdu ki…”. Və ya deyirlər ki: “Basqal bazarında iki adam bir birini tapmaq üçün gərək əvvəlcədən harada görüşəcəkləri haqqda razılaşaydılar, yoxsa kimisə orada tapmaq çox müşgül məsələ idi”.

Bugün bazar meydanı tamamən bomboşdu. Nə piştaxtalar var, nə də satıcılar. Basqal bir bölgə mərkəzi idi əslində: ətraf kəndlərdən bura yağ, pendir, süd, yumurta və s. kənd təssərüfatı mallarını satmağa gətirirdilər.

Basqal həm də daha qabaqcıl şəhər tipli bir yaşayış yeri idi, qədim hamamı və məscidi ilə.

Hazırda dövlət büdcəsindən müəyyən yatırım edilib, yol, körpü, səki və küçə işıqları qoyulub kəndin bir hissəsinə (bütün ölkədə baş verən “fasadlaşmanın” bir parçası olaraq). Qaz və mərkəzləşmiş su şəbəkəsi yoxdur. Zibil atmağa qutular yoxdur, insanlar zibili çaya və ya dərələrə atır: son dərəcə gözəl təbiəti olan kənddə bu zibil səhnəsi çox ürəkağrıdandı.

Səssizlik və yalnızlıq hiss olunur, gənc və orta yaşlı insanlar demək olar ki yaşamır Basqalda. Əsasən Rusiyaya (daha çox Kazan şəhəri) və Bakıya köçüblər bu illər ərzində tədricən. 90-cı illərdə gənc kişilərin çoxu Rusiyaya iş dalınca getdilər.

Basqal kəndi

Bəziləri evli idi, bəziləri sonradan gəlib evlənir və yenidən Rusiyaya geri dönürdü. Daha çox tək. Bayramlarda gəlirlər ancaq evə. Ailələri və uşaqları üçün həqiqi bayram olur bu.

Bir şeyə də fikir verdim ki, uşaqlar atasız böyüyür indi kəndlərdə.

Necə ki Azərbaycanın əksər orta məktəblərində kişi müəllimlər çox azdı (və ya heç yoxdu), eləcə də kəndlərdə uşaqlar atasız böyüyür. Bunun uşaqların tərbiyəsində hansı rol oynayacağı haqqında danışmaq olar, amma burada əsas problemlərdən biri odur ki, evin və ailənin əsas yükü qadınların üzərinə düşür. Təbii ki, kişilər Rusiyaya kefdən getməyib və orada min cür əziyyətlə və risklə üzləşirlər .

Müşahidə etdiyim digər məsələ isə – qızların təhsilinə ailələr ciddi əngəl yaradır.

Uzağı doqquzuncu sinfə qədər oxuyur bəzi qızlar. Həm Basqalda, həm də Bakıda yaşayanların bəziləri qızları uzağı 9-cu sinifi bitirdikdən sonra məktəbdən çıxarıb evdə oturdurlar.

İnsanlarla söhbətlərdən anladım ki, Basqal məktəbində çox az uşaq oxuyur. Hər il sadəcə bir sinif məzun olur.

Uzun sözün qısası, iyirmi illik müstəqillik dövrümüz nəticəsində bölgələrdə təxminən belə bir səhnə formalaşıb. Təbii ki, işsizlik və böyük şəhərin inkişafı (Bakı) miqrasiya baxımından öz sözünü deyir. Dünyanın bir çox əyalətləri bugün boşalır, insanlar böyük mərkəzlərə axın edir.

Amma burada hökümətin də fəaliyyətsizliyinin və səriştəsizliyinin böyük rolu var. İllərdir “regionların inkişafı” proqramlarının uğurunun əslində istənilən dərəcədə olmadığını, insanların işsizlikdən, təhsilsizlikdən əziyyət çəkdiklərini qəbul etmək lazımdır.

Maraqlısı isə odur ki, insanlarımız sanki dövlətsiz yaşamağa öyrəndilər bu iyirmi ildə. Artıq heç nə gözləmirlər sanki, heç nə istəmirlər dövlətdən.