İsmayıllı sakini: "Biri soruşmayıb ki, çayı necə qaynadıb içək?"

Şəklin mənbəyi, httpismayilliih.gov.az
Bakıdan təxminən 180 km uzaqlıqda yerləşən İsmayıllının Aşağı Baş məhəlləsinin sakinləri bir neçə ildir yaşadıqları əraziyə qaz çəkilmədiyindən şikayətçidir.
BBC Azərbaycancaya danışan sakinlərin sözlərinə görə, qaz boruları məhəllənin başına qədər çəkilsə də, sonradan iş yarımçıq qalıb.
"Qaz idarəsinin işçiləri gəlib bizə dedilər ki, məhəlləmiz layihədən çıxarılıb. Dedilər ki, bizə qaz çəkmək üçün ayrılan pullar başqa kəndə yönəldilib. Öz hesabımıza ana xətt və evlərə qədər qaz xətlərini çəkməyə də icazə vermirlər", məhəllə sakini Natavan Məmmədova BBC Azərbaycancaya deyib.
İsmayıllı İcra Hakimiyyəti sakinlərin iddiaları ilə razılaşmır və illərlə mavi yanacağın evlərə ötürülməməsinin məhəllənin layihədən çıxarılması ilə bağlı olmadığını bildirirlər.
"Şikayətçilərin hamısı ilə görüşmüşük. Bu sonradan salınmış məhəllədir, layihəsi də işlənib. Qaz çəkilişinə də başlanılıb, daxili xətlər hamısı çəkilibdi. Qalıb bir dənə daşıyıcı xəttin çəkilməsi, yaxın günlərdə tikinti işlərinin aparılması - (bu da) AzəriQazın öz daxili prosedurları ilə bağlıdır", rayon icra hakimiyyətinin başçısının 1-ci müavini Rövşən Ağayev BBC Azərbaycancaya deyib.
"Odun yandırın"
Sakinlərin dediyinə görə, məsələ ilə bağlı prezidentə də müraciət olunub, amma qışda qızınmaq üçün odun yandırırlar.
"Hər qış mövsümü 400-600 manat pul verib odun alırıq, sonra da gəldilər ki, meşələri qırmaq olmaz. Məcbur qaldıq həyətimizdə olan ağacları kəsib yandıraq. İcra başçısına müraciət edəndə deyir ki, gedin odun yandırın. Günü 15 manata muzdlu fəhlə işləyən adam oduna bu qədər pulu hardan alsın?", məhəllə sakini bildirib.
Zivər Quliyeva 14 ildir məhəllədə yaşadığını və mavi yanacağa möhtac olduğunu deyir.
"Əvvəl dedilər borular oğurlanıb. Biz məcburuq qışda odun alaq, ya da işıqla piltədə yemək bişirək. Burda 20 ildən çoxdur yaşayan qadınlar yığışıb gedib icra başçısının yanına. O isə deyib ki, "konfetinizi alın, gedib çayınızı için". Biri soruşmayıb ki, çayı necə qaynadıb içək?", o qeyd edib.
Rövşən Ağayev İcra başçısının belə bir ifadə işlətmədiyini və bu sözlərin "yalan" olduğunu bildirir.
Sakinlərin müraciətinə cavab olaraq "qaz çəkilişinin Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmadığı, Azəriqaz İB tərəfindən icra edildiyi bildirilmişdir", o əlavə edib.
"Daxili prosedur"
"AzəriQaz" İstehsalat Birliyinin İsmayıllı üzrə şöbəsinin mühəndis Abil Qurbanov BBC Azərbaycancaya deyib ki, Böyükmərd qəsəbəsi yeni salınmış məhəllədir və həmin ərazi layihələndirilib.
"Tikintinin bir hissəsi aparılsa da, müvəqqəti olaraq vəsait çatışmazlığından tikinti dayandırılıb. Necə ola bilər ki, məhəlləyə qaz çəkilişi layihədən çıxarıla bilər? Həmin ərazidə qaz xətlərinin tikintisi aparılır, amma orada abonent yoxdu, evlərin çox hissəsində yaşayış yoxdu", cənab Qurbanov əlavə edib.
İH rəsmisinin sözlərinə görə, məhəlləyə qaz çəkilişinin layihədən çıxarılması haqda iddialar "yalandır" və vəsait çatışmazlığı haqda deyilənləri AzəriQazın "öz daxili prosedurları" adlandırıb.
"AzəriQazın öz daxili prosedurları var. Ləngimə onunla bağlıdır. Noyabr ayına qədər o məhəlləyə qaz veriləcək", o deyib.




