İsmayıllı: dolu və leysan təsərrüfatlara ziyan vurub

İsmayıllıda güclü leysan və dolu yağıb

Şəklin mənbəyi, Elchin Ismayilli

Şəklin alt yazısı, İsmayıllıda güclü leysan və dolu yüzlərlə hektar təsərrüfata və onlarla baş heyvana ziyan vurub. Fotolar Elçin İsmayıllıya aiddir.

Azərbaycanın şimal-şərqində yerləşən İsmayıllı rayonu və bir neçə kəndinə yağan dolu və leysan yüzlərlə hektar təsərrüfata və onlarla baş heyvana ziyan vurub.

"Rayon mərkəzinə və qonşu kəndlərə düşən dolu və leysanın ümumilikdə rayona vurduğu ziyan hesablanmasa da, təsərrüfatların yarısı yararsız hala düşüb", rayonun icra başçısının aqrar məsələlər üzrə müavini Həsən Həsənov BBC Azərbaycancaya deyib.

Cənab Həsənov əlavə edib ki, 700 hektar taxıl, 250 hektar üzüm sahəsinə, 160 hektar meyvə bağlarına, 2 hektar bostan ərazisinin 40-50 faizi məhv olub.

Cənab Həsənovun sözlərinə görə, güclü leysan yağışı və dolu nəticəsində 63 baş xırdabuynuzlu mal-qara tələf olub.

Yerli medianın məlumatına görə, çərşənbə günü leysan yağışı evlərin həyətyani sahələri su basıb, Talıstan kəndində bir evin yarısını sel aparıb. Bundan başqa evlərin dam örtüyü və maşınlara da ziyan dəyib.

Dolu yağan zamanı rayonun işıq təchizatı dayandırılıb

Şəklin mənbəyi, Elchin Ismayilli

Şəklin alt yazısı, Dolu yağan zamanı rayonun işıq təchizatı dayandırılıb.

"Dolu dənələrinin böyük olması səbəbindən evlərin və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də xeyli ziyan dəyib. Şiferlə olan dam örtükləri, pəncərələr və maşınların şüşələri sınıb", APA yazır.

Jurnalist Elçin İsmayıllı BBC Azərbaycancaya deyib ki, maşınlara və avtomobil yolları ziyan görməyib.

"Talıstan kəndindəki ev dərənin kənarında yerləşdiyindən sel onun yarısını yuyub aparıb. Hadisə baş verəndən sonra ev və hansısa obyetklərin dam örtüyünün dolu dənəsindən zərər çəkməsi barədə heç nə görmədim və eşitməmişəm".

İsmayıllının sözlərinə görə, hava şəraitinin əlverişsizliyi elektrik enerjisinin təchizatında fasilələr yaransa da, leysan kəsiləndən sonra elektrik enerjisi bərpa olunub.

İcra nümayəndəsi Həsən Həsənov təsərrüfat sahələrinin sahiblərinə dəyən ziyanın ödənilməsi məsələsinə də münasibət bildirib.

"Kimlərin ki, sığortası var, onlara yardım göstəriləcək. Amma sığortası olmayanlara hansısa yardım olunmayacaq".

Mayın əvvəlində Göyçay, Qəbələ, Şamaxı, İsmayıllı rayonlarına da dolu yağıb.