“Neftçi neft çıxarmaqla” məşğul olmalıdır - Rövnəq Abdullayev liseylərin bağlanmasına dair

Şəklin mənbəyi, abtm.edu.az
ARDNŞ prezidenti “türk liseyləri” və “Araz kursları”nın fəaliyyətinin dayandırılmasına münasibət bildirib.
“Biz düşünürük ki, ARDNŞ-in bu sahə ilə məşğul olmaması daha yaxşı olardı. Neftçi neft çıxarmaqla, Təhsil Nazirliyi təhsillə məşğul olmalıdır”, - APA agentliyində Rövnəq Abdullayevin sözlərindən iqtibas gətirilir.
İyunun 18-də “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" (ABTM) İctimai Birliyinin həmtəsisçilərindən biri olan Dövlət Neft Şirkəti "Araz Kursları" və təsisçisi olduğu digər qurum və məktəblərin fəaliyyətinin dayandırıldığını elan edib.
Təhsil Nazirliyi fəalliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) liseylərində oxuyan şagirdlərin və çalışan pedaqoji heyətin yerləşdirilməsi üçün işçi qrup yaradıb və hazırlıq işlərinə başlayıb.
ABTK-da təhsil alanlar sərbəst seçim əsasında müvafiq təhsil müəssisələrində təhsillərini davam etdirə biləcək, müəllimlər isə yeni dərs ilinədək yerləşdiriləcək, Nazirliyin saytında yazılır.
Bu açıqlama, ABTK-nın ümumtəhsil müəssisələri və "Araz Kursları" MMC-nin fəaliyyətini dayandırması barədə qərarından sonra verilib.
Təhlilçilər "türk liseyləri" kimi tanınan məktəblərin faəliyyətinin dayandırmasını "siyasi qərar" adlandırsa da, BBC Azərbaycancaya danışan rəsmilər belə məlumatları rədd edib.
"Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyinin həmtəsisçilərindən biri olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ötən şərşənbə günü məlumat yayıb ki, ABTM nəzdində fəaliyyət göstərən "Araz Kursları", həmçinin onun təsisçisi olduğu digər qurumların və ümumtəhsil məktəblərinin fəaliyyəti dayandırılır.
"ABTM-də yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyini nəzərə alaraq qeyd olunan qurumların ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir", - səbəb göstərilir.
ABTM-in tərkibinə Ağdaş, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Şəkil, Şirvan, Lənkəran, Quba, Dədə Qorqud liseyləri və Qafqaz Gimnaziyası aiddir. Liseylər arasında ilk olaraq Bakı Özəl Türk Liseyi 1992-ci ildən fəaliyyət göstərirdi.
ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev BBC Azərbaycancaya bu liseylərin və Araz kurslarının fəaliyyətini dayandırmasını təsdiqləyib.
Yerləşdirmə məqsədilə işçi qrup yaradan və hazırlıq işlərinə başlayan Təhsil Nazirliyi isə təsisçilərin qanunvercilik çərçivəsində qəbul olunmuş qərarına "hörmətlə yanaşdığını" bildirib. Lakin eyni zamanda, qeyd edilir ki, Nazirlik bu qərarı "şərh etmir".
"Siyasi qərar"?
Təhlilçilər Azərbaycanda "türk liseyləri" kimi tanınan orta ümumtəhsil məktəbləri və hazırlıq kurslarının faəliyyətini dayandırmasını "siyasi qərar" kimi izah edib.
Hərçənd ki, BBC Azərbaycancaya danışan rəsmilər belə məlumatları rədd edib.
Liseylərin bağlanmasını Azərbaycan təhsilində "böyük itki" adlandıran təhsil eksperti Nobatəli Qulamoğlu deyir ki, əsas səbəb "nurçuluqla mübarizə" olub.
"Məhz bu liseylərin bağlanma səbəbi siyasi səbəbdir - nurçuluqla mübarizə. Burda başqa səbəb yoxdur".
Bu il, aprelin əvvəlində də Türkiyənin baş naziri Recep Tayyip Erdoğan Bakıya səfər edərkən jurnalistlər ona və prezident İlham Əliyevə Azərbaycanda Fetullah Gülen məktəblərinin gələcəyi ilə bağlı suallar verib.
Sualların birində deyilirdi ki, "cənab Erdoğan onların bağlanmasını cənab Əliyevdən xahiş edibmi?" Həmin vaxt həm Türkiyə Erdoğan, həm də Azərbaycan lideri birbaşa cavab verməsə də, İlham Əliyev "tərəflərin heç biri münasibətlərini korlaya biləcək addım atmaz" deyə bildirib.
Bu ilin əvvəlində Türkiyədə Parlament "gülen məktəbləri"ni 2015-ci il sentyabrın 1-dək bağlanmasına dair qərar qəbul edib.
Cənab Qulamoğlu deyir ki, liseylər Azərbaycan təhsilinə "öyrətmə anlayışını gətirib".
"Bizim ali məktəblərdə toplanan yüksək bal toplayanların hamısı həmin liseylərin payına düşür. Son zamanlar onları tənqid edib deyirlər ki, onlar qaymaqları yığıb onlara dərs keçirlər və nəticə onunla bağlıdır".
"Çıxartmaq lazımdır ki, ..."
Lakin təhlilçi onu da iddia edir ki, hazırda Azərbaycanda "hakimiyyətə yaxın imkanlı şəxslərə aid özəl" ümumtəhsil məktəbləri yaranıb.
"Necə deyərlər gəldilər türk liseyləri öyrətdilər, indi onların getmək vaxtıdır. Çıxartmaq lazımdır ki, qoy bizimkilər özlərinə yer tapsın. Məqsəd bundadı, necə bütün şirkətləri gətirirlər, müəyyən qədər işlədirlər, öyrənirlər və deyirlər yaxşı yol".
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov BBC Azərbaycancaya nazirliyin rəsmi açıqlamadan başqa məsələyə heç bir şərh verməyəcəyini bildirib.
Nazirliyin cümə axşamı yayılan açıqlamasında deyilir ki, Təhsil Nazirliyi təsisçilərin qanunvercilik çərçivəsində qəbul olunmuş qərarına "hörmətlə yanaşır" və "şərh etmir".
"Qərarın qəbul olunması özəl təhsil müəssisələrinin tabe olduğu ictimai birliyin müstəsna səlahiyyətlərinə daxildir", TN-nin məlumatında bildirilir.
"Hamı çox gözəl bilirdi ki, Çağ Öyrətim İşlətmələrinin liseyləri olsun, Araz kursları olsun, Azərbaycan ümumtəhsil məktəblərinə bir alternativ idi və heç də pis alternativ deyildi", deyən siyasi təhlilçi Fərhad Mehdiyev də liseylərin qapadılmasında siyasi çalar görür.
"Mən hesab edirəm ki, bu Azərbaycan təhsilinə güclü zərbə olacaq. Amma bu siyasi qərardır və bu Ərdoğan hökümətinin təzyiqi nəticəsində alınmış bir qərardır", cənab Mehdiyev BBC Azərbaycancaya bildirib.
Lakin ARDNŞ sözçüsü Nizaməddin Quliyev BBC Azərbaycancaya deyib ki, "ictimai təşkilat özü öz müəssisəsini bağlayırsa, burda hansı siyasətdən söhbət gedə bilər?".
Ümumtəhsil mərkəzlərinin bağlanması ilə bağlı qərar Təhsil Mərkəzinin təsisçilərinin 18 iyun tarixli ümumi yığıncağında verilib. Hazırda “Araz Kursları” fəaliyyəti ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatanadək davam etdiriləcək. Müəllim və şagirdlər isə yeni dərs ili başlayanadək yerləşdiriləcək.
Azərbaycan Beynəlxalq Təhsil Kompleksi təsisçisi olan özəl təhsil müəssisəsi- Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Birliyin həmtəsisçiləri ARDNŞ, “Practical Solutions Group” və “Çağ” Öyrətim İşlətmələri Şirkətidir.




