Təhlil: Gülen məktəbləri siyasi mübarizənin arasında qalıb

    • Müəllif, Firdevs Robinson
    • Vəzifə, Siyasi bloqçu

Türkiyənin Ədalət və İnkişaf Partiyası hökuməti və onun keçmiş müttəfiqi Gülen hərəkatı arasında şiddətlənən siyasi və bürokratik mübarizə, ölkədən xaricdə diqqətləri onların üzərinə çəkib.

Sızdırılmış telefon danışıqlarından sonra Recep Tayyip Erdoğan ciddi korrupsiya və qanun pozuntusu ittihamları ilə üzləşməkdədir.

Fetullah Gulen

Bəzilərinin telefon danışıqlarının üzə çıxarılmasının arxasında olmaqda şübhəli bildiyi, Pensilvaniyada yaşayan imam Fetullah Gülen və onun tərəfdarları hakimiyyət uğrunda bu mübarizədə roluna görə diqqət çəkib.

Qeyri-siyasi icma olduğunu deyən Gülen hərəkatı 150 ölkədə, o cümlədən Azərbaycanda qlobal məktəblər şəbəkəsini idarə edir.

Baş Nazir, onun oğlu və Türkiyədəki digər aparıcı şəxslər arasında olduğu iddia edilən telefon danışıqlarının qanunsuz dinlənilməsi və bu danışıqların yayılan mətni yalnız Erdoğan hökumətinin etibarına yox, həm də Gülen hərəkatının imicinə zərbə vurdu.

Bundan başqa, cənab Erdoğan özünə dost hökumətlərə öz ölkələrindəki Gülen məktəblərini bağlamaq üçün təzyiqlər etdi.

Son müsahibələrindən birində Baş Nazir deyib ki, Qazaxıstan Gülen məktəblərinin fəaliyyətini araşdırır və o, bu məsələni Pakistan hakimiyyəti qarşısında da qaldıracaq.

Gülençi tədris məktəbləri Türkiyənin daxilində və xaricində, eləcə də ABŞ-dan Asiyaya və Səhra-altı Afrikasına qədər fəaliyyət göstərir. Mərkəzi Asiya və Qafqazda da bir çox məktəblər var.

Türkiyədə Gülen hərəkatının geniş hazırlıq məktəbləri şəbəkəsi və yaxud “dərsanələri” var. Bu məktəblərdə universitet imtahanlarına hazırlaşan tələbələrə əlavə dərs keçirilir. Hərəkatın yaratdığı bir neçə özəl məktəb və universitet də var.

Cənab Erdoğanın hökuməti və Gülen hərəkatı arasındakı qatı düşmənçiliyin ilk qurbanı məhz dərsanələr oldu. Türkiyə Parlamenti bu məktəblərin 2015-ci il sentyabrın 1-dək bağlanmasına dair qərar qəbul etdi.

Türkiyənin xaricində isə, Gülen hərəkatı 2000-dən çox təhsil müəssisəsini idarə edir. ABŞ-da dərc olunan Wall Street Journal qəzeti dünyada Gülen hərəkatına aid məktəbləri göstərən <link type="page"><caption> xəritə</caption><url href="http://online.wsj.com/news/interactive/GulenSchools0120" platform="highweb"/></link> dərc etdirib. Xəritəyə görə, Azərbaycanda 14 belə təhsil müəssisəsi var.

Bu məktəblər həmin ölkələrin elitası arasında populyardır, çünki onlar əsas əhəmiyyəti akademik nailiyyətlərə yönləndirən keyfiyyətli təhsil verir.

İnanca əsaslanan hərəkat olsa da, Gülençilərin idarə etdiyi məktəblər mövcud olduqları ölkələrdə həssas məsələ olan İslam missionerliyi ilə məşğul olmur.

Xarici dil kimi ingilis dili ilə yanaşı onlar türk dili də tədris edir. Hər il keçirilən Türk Mədəniyyəti və Dili Olimpiadalarında dünyanın hər yerindən tələbələr səhnəyə çıxaraq Türk poeziyasından şerlər deyir və yaxud populyar patriotik mahnılar oxuyur.

İllər boyunca apardığım müşahidələrə əsasən deyə bilərəm ki, Gülençi məktəblər Gülençi biznesmenlər şəbəkəsinin kommersiya maraqlarının olduğu ölkələrdə yaradılır. Həmin ölkələrin milli elitasında mövqeyə malik olan Gülençi hərəkat akademik və dil baxımından keyfiyyətli kadrlar hazırlayır və beləliklə də, Türkiyə bizneslərinə yolları açmış olur.

Gülen hərəkatının Türkiyədəki hökumətlə düşmənçiliyi bu məktəblərin mövcud olduğu bəzi ölkələri daha tədbirli olmağa məcbur edib.

Erdoğan hökumətilə mübarizəsindən uzun illər öncə belə, bəzi ölkələr Gülençi hərəkatın praqmatik stilinə şübhə ilə yanaşıb.

WikiLeaks-in 2010-cu ildə dərc etdirdiyi diplomatik yazışmalardan birində ABŞ diplomatları Gülen hərəkatını “Türkiyənin ən güclü islamçı qrupu” adlandırmışdı. Diplomatik məktubda deyilirdi ki, Gülen hərəkatı “əsas biznes, ticarət və nəşriyyat fəaliyyətinə nəzarət edir və siyasi səhnədə çox dərin köklər salıb”.

ABŞ-da Gülen məktəbləri bir neçə dəfə, Federal Təhqiqatlar Bürosu və Əmək və Təhsil nazirlikləri tərəfindən təftişə məruz qalıb. Özbəkistan prezidenti Gülençi məktəbləri ölkədən çıxaran ilk dövlət başçısı olub. Qazaxıstan da hərəkata ehtiyatla yanaşıb.

Türkiyənin dindən ilhamlanan yumşaq gücü sərt zopaya çevrilib.

<italic>Beynəlxalq məsələlər üzrə təhlilçi, Londonda yaşayan jurnalist <link type="page"><caption> Firdevs Robinson</caption><url href="http://www.firdevstalkturkey.com/about-firdevs-robinson/" platform="highweb"/></link> BBC Dünya xidmətində redaktor işləyib.</italic>

Bloqla bağlı sual, təklif və şərhlərinizi azeri@bbc.co.uk ünvanına göndərin.