Erdoğanın telefon söhbətinin yazısı 800 min baxış cəlb edib

Erdogan

Şəklin mənbəyi, AFP

Bu telefon danışığında baş nazir onu tənqid edən müxalifət siyasətçisinə aid sözlərin televiziya görüntüsündən yığışdırılmasını istəyir.

Türkiyənin baş naziri Recep Tayyip Erdoğanın televiziya rəhbərlərindən biri ilə telefon söhbəti YouTube saytına yerləşdirildikdən sonra ona 800 min baxış olub.

Bu telefon danışığında baş nazir onu tənqid edən müxalifət siyasətçisinə aid sözlərin televiziya görüntüsündən yığışdırılmasını istəyir.

Bu telefon söhbəti internetə ötən həftə post edilib, lakin belə başa düşmək olar ki, danışığın özü İstanbulda ötən ilin iyununda baş vermiş Gezi Parkı etirazları əsnasında yer alıb.

Bu nümayişlər minlərlə gənci baş nazir Recep Tayyip Erdoğanın hökumətinə qarşı küçə etirazlarına çıxarmışdı. Bu telefon danışığında Erdoğan Türkiyənin şəxsi media şəbəkəsinə daxil HaberTürk TV-nin rəhbərini danlayır.

Baş nazir bildirir ki, telekanalın rəhbəri müxalifət siyasətçisinin onu etirazlarla əlaqədar fəaliyyətsizlikdə ittiham edən subtitrlərini ekranlardan yığışdırmalıdır.

"Oldu, əfəndim"

“Bu çox qəribədir” – deyir baş nazir. “Oldu, əfəndim, dediyiniz kimi edərik” – deyir telekanal rəhbəri.

Bu telefon söhbəti internetə özünü anti-korrupsiya fəalları adlandıran qrup tərəfindən yerləşdirilib, hərçənd onların bu danışıq yazısını necə ələ keçirdikləri bilinmir və özləri ilə əlaqə qurmaq da mümkün olmayıb.

Baş nazir Erdoğan belə bir zəngi etdiyini boynuna alıb.

O bunu belə izah edir ki, telekanalın titrlərində iqtibas olunan siyasətçi son dərəcə təhqiramiz dildə danışırmış.

Təzyiq

Bu videoya cavab olaraq Türkiyədə Twitter-də “Mediaya təzyiq var” heşteqi 24 saat ərzində 500 min tweet toplayıb. “Əsas media hökumətlə müttəfiqdir…yaltaqlar” – deyilir bir tweet-də. Hazırda jurnalistlərin ən böyük məhbəsçisi kimi tənqid olunan Türkiyədə media üzərinə basqılar geniş narahatlıq yaradıb.

Bununla belə, Twitter-dəki debatlar həddən artıq siyasiləşib. İstanbul Bilgi Universitetindən Erkan Sakanın ehtimalına görə bu heşteq sosial şəbəkələrdə fəal olan islamçı Gülen hərəkatına bağlı hesabdan başlanıb. Baş nazirin tərəfdarları da bu debata qoşulublar. “Gülen müdaxilə edəndə, “hər şey yaxşıdır, ağam” olur, baş nazir narahatlıq bildirəndə, bu, #ThereIsPressureOnMedia-ya çevrilir” – deyilir postlardan birində.