Türkiyənin baş naziri Britaniya qəzetini məhkəmə ilə hədələyib

Recep Tayyib Erdoğan
Şəklin alt yazısı, "Bir səhifəlik reklamı xatırladan məktubu imzalayanlar demokratiyanın həqiqi müdafiəçiləri deyillər", Erdoğan deyib.

Recep Tayyib Erdoğanın qəzəbinə səbəb “The Times” qəzetinin öz səhifələrində ona ünvanlamış açıq məktubu dərc etməsi olub.

Erdoğan qəzeti öz səhifələrini pula satmaqda ittiham edib.

Hollivud məşhurlarının və alimlərin imzaladıqları açıq məktubda, onların təbirincə deyilsə, Türkiyənin “diktator hökuməti” tənqid edilir.

Məktubda bildirilir ki, hökumət ötən ay İstanbuldakı Gezi Parkının yenidən qurulmasına etiraz edənlərlə qəddar davranıb.

Kütləvi etiraz aksiyalarında 4 nəfər həlak olmuş, minlərlə insan xəsarət almışdı.

“Mətbuat mənə palçıq atır ki, görsün yapışırmı" -Erdoğan Türkiyənin NTV telekanalına müsahibəsində deyib.

O həmçinin bildirib ki, “The Times” qəzetinə qarşı hüquqi vasitələrdən istifadə edəcək.

Cənab Erdoğan deyib ki, tam bir səhifəlik reklamı xatırladan məktubu imzalayanlar demokratiyanın həqiqi müdafiəçiləri deyillər.

“Onlar doğrudan da demokratiyaya inansaydılar, seçkidə səslərin 50 faizini qazanmış baş naziri diktator adlandırmaq səviyyəsinə enməzdilər” – Erdoğan deyib.

“The Times” qəzeti bu çıxışla bağlı hələlik şərh verməyib.

Açıq məktub Türkiyəli pianoçu Fazil Say, ABŞ kino ulduzları Sean Penn və Susan Sarandon, kinorejissor David Lynch və Britaniya tarixçisi David Starkey də daxil olmaqla 30 tanınmış tərəfindən imzalanıb.

Məktub müəllifləri hakimiyyəti etirazları dağıtdığına görə ittiham edir, hakim partiyanı dəstəkləmək üçün düzəldilmiş nəhəng aksiyaların isə AKP tətəfindən təşkil edildiyini deyərək, bu nümayişləri Adolf Hitlerin nasist Almaniyasındakı marşlarına bənzədirlər.