Hakimiyyət Oxfam-Azərbaycanı "yaxından təftiş edir"

Oxfam

Şəklin mənbəyi, f

Azərbaycanda ictimai fəallar yerli və xarici qeyri-hökumət təşkilatlarının fəalliyyətləri ilə bağlı araşdırma aparılmasını "təzyiq" kimi qiymətləndirir.

Ötən həftə Baş Prokurorluğun Azərbaycanda bir sıra yerli və xarici qeyri-hökumət təşkilatlarının fəalliyyətlərində “aşkar edilmiş qanun pozuntuları” ilə bağlı cinayət işi qaldırdığı məlum olub.

Yerli media bu QHT-lər arasında Böyük Britaniyanın "Oxfam" Beynəlxalq Xeyriyyə Təşkilatı və Danimarkanın "International Media Support" (IMS) təşkilatının adını çəkir.

Oxfam-ın baş qərargahının BBC Azərbaycancaya göndərdiyi bəyanatında deyilir ki, hazırda "Azərbaycan hakimiyyəti Oxfam-ın Azərbaycandakı fəaliyyətini təftiş edir. Hələ ki, heç bir ittiham irəli sürülməyib, amma Oxfam məlumat tələbləri haqqında hökumətlə əməkdaşlıq edir". Yoxsulluğu aradan qaldırmaq üçün çalışan Oxfam 20 ildir ki, Azərbaycanla işləyir.

Baş Prokurorluğun mətbuat xidməti BBC Azərbaycancaya məsələ ilə bağlı "zərurət olacağı halda" şərh veriləcəyini deyib.

Hüquq müdafiəçisi Zöhrab İsmayıl BBC Azərbaycancaya deyir ki, ictimai fəalların həbsləri də daxil olmaqla, indi baş verənlər "vətəndaş cəmiyyətinə ümumi təzyiqin tərkib hissəsidir".

IMS bundan əvvəl BBC Azərbaycancaya bildirib ki, onlara təşkilat barədə cinayət işinin qaldırılması haqqında rəsmi məlumat daxil olmayıb. Təşkilatın Azərbaycandakı nümayəndəsi Gülnarə Axundova qeyd edib ki, o, xəbəri yerli mediada oxuyub və baş ofisi məlumatlandırıb.

Baş Prokurorluğun IMS də daxil olmaqla, bir necə xarici və yerli QHT-lər barədə Cinayət Məcəlləsinin "vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı" maddələri üzrə təhqiqatın aparılması jurnalist Aynurə İmranovanın bank hesabına qoyulan həbs qərarının <link type="page"><caption> surətindən</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/05/140523_ims_bank_accounts_frozen.shtml" platform="highweb"/></link> bəlli olub.

Sənəddə qeyd edilir ki, “Danimarka Krallığında mənzillənən International Media Support (IMS) təşkilatından Aynurə İmranovanın hesabına 13 may, 2014-cü ildə 1683 avro məbləğində pul köçürülüb” və bu məbləğ "cinayət predmeti hesab olunur".

Həmin vaxt yerli hüquq müdafiəçiləri qeyd edib ki, təhqiqat işləri vətəndaş cəmiyyətinin xəbəri olmadan aparılır.

“Vətəndaş cəmiyyətinin heç bir xəbəri olmadan cinayət işləri başlanıb. Bu o deməkdir ki, hakimiyyət bizə dırnaqarası böyük sürprizlər hazırlayır”, - Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov bildirib.

Elə hüquq müdafiəçisi Zöhrab İsmayıl da araşdırmalar barədə ətraflı məlumata malik olmadığını deyir.

"Yoxlamaların detalları və hansı təşkilatlara qarşı aparılması barədə dəqiq məlumat məndə olmasa da, xəbərim var ki, bir neçə tanınmış beynəlxalq QHT-ə qarşı araşdırmalar gedir".

Lakin cənab İsmayılın sözlərinə görə, bəzi media bu araşdırmaları "dramatikləşdirməyə çalışır", əslində isə beynəlxalq təşkilatlar "ən çox hesabat verən"dir.

"Biz hüquqi şəxs kimi vergi hesabatı veririk-həm Ədliyyə və Maliyyə nazirliklərinə. Bəzi hökumət qurumlarına elə gəlir ki, bizim üstümüzə yönəltdikləri mediaya da hesabat verməliyik. Şəxsən bizim təşkilat öz hesabatlarını öz saytında da yerləşdirib", həm də Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri olan Zöhrab İsmayıl qeyd edir.

Baş verənləri "təzyiq" adlandıran cənab İsmayıla görə, vətəndaş cəmiyyətinin olmaması ölkələri "inkişafdan saxlayır".

"Adı çəkilən və ya çəkilməyən təşkilatlar məcburi şəkildə fəaliyyətlərini dayandırsalar da, bu nəticə verməyəcək. Cəmiyyət Azərbaycanı demokratik görmək istəyir", - o deyir.