#BBCAzeriTrending: "Molotov kotleti, atom dolması"

Şəklin mənbəyi, Parking Idiots In Baku
Hakim Yeni Azərbaycan Partiyasının deputatı Siyavuş Novruzovun Milli Məclisdə Molotov kokteylinə "Molotov kotleti" deməsi sosial mediada "partlayışa" səbəb olub.
Parlamentdə N!DA hərəkatının fəallarının həbsi barədə müzakirələr zamanı cənab Novruzov məsələni qaldıran İqbal Ağazadəyə deyib: "Bu sualı o uşaqları öyrədib Molotov kotleti – Molotov kokteyli verən adamlara vermək lazımdır".
İqbal Ağazadə daha əvvəl sual etmişdi: "N!DA-çıların hökmünə baxanda dəhşətə gəldim: 8 il, 7 il, 6 il. Bu məhkəmə prosesini izləyənlər gördülər ki, bu məhkəmə söz oyunundan, şahidlər isə sifarişli şahidlər olmaqdan başqa bir şey deyil. Nə vaxta qədər bu kimi proseslər davam edəcək?"
Çoxu Facebook və Twitter şəbəkələrində cənab Novruzovun səhvini #molotovkotleti həştəqilə şərh edib, Molotov kotletini necə təsəvvür etdiklərini göstərən <link type="page"><caption> şəkillər</caption><url href="https://www.facebook.com/photo.php?fbid=307993642682376&set=pcb.307993739349033&type=1&theater" platform="highweb"/></link> hazırlayanlar da olub.
"Benzini bol"
"Ukraynada Kiev kotleti. Bizdə - #molotovkotleti", Twitter istifadəçisi @Turalqurbanli yazıb.
@rrraemmienn: "Növbəti çıxışında reseptini də versin. #molotovkotleti".
"Molotov kotleti, atom dolması" - yazıb @leonardo_sier.
"Mən elə bilirdim, molotovdan ancaq küftə olur. Sən demə #molotovkotleti də olurmuş". @Yavuzsdov
"Adam evdə kotlet bişirməyə də qorxur ki, gəlib görərlər, tutub apararlar ki, ölkədə stabilliyi pozub anarxiya yaratmaq istəyirsən. #molotovkotleti", Rashid Dozik Facebookda yazıb.
Rehman Memmedli: "Axşama #molotovkotleti var yemekde, benzinini də bol edib anam, əla olur".
Ali S. Nouveaurousseau adlı istifadəçi isə məsələnin ciddiliyinin "ikinci plana" keçməsinin əleyhinə olduğunu bildirib. "Nidaçılara heç nəyin üstündə 6-8 il quyruqla iş istəyiblər, özləri və valideynləri aclıq aksiyası elan edib, siz də burada çox yüngül formada kotlet zarafatları edirsiniz. Məncə heç düzgün deyil, həm də məsələnin nə qədər ciddi olduğunu ikinci plana atır. Yumor, satira silahdır deyiblər, amma ikitərəfli silahdır həm də. Bunu da yaddan çıxarmayın", deyə o, Facebookda yazıb.
Azərbaycanda Twitter statistikasını aparan AzTwi saytının məlumatına görə, hazırda azərbaycanlı istifadəçilər arasında ən çox istifadə olunan sözlər "molotov kotleti"dir. Statistikaya əsasən bundan sonra ən böyük xəbər, yazıçı Gabriel Garcia Marquez-in ölümüdür.




