Erdoğan və Əliyev birgə mətbuat konfransı keçirib

Şəklin mənbəyi, AzerTac
"Öncəliklə buraya səfərimin səbəbi haqda demək istəyirəm ki, bu artıq ənənəyə çevrilmiş addımdır və biz ikili münasibətlərimizi müzakirə edirik. Ölkələrimiz arasında hər hansı sıxıntı varsa və bu sıxıntı ölkələrimizi narahat edirsə, bunu öz aramızda ayrıca qiymətləndirərik".
Bunu Türkiyə Baş Naziri Rəcəb Tayyib Erdoğan "Əl-Jazerra Turk" telekanalı jurnalistinin Gulen hərəkatına aid məktəblərin Azərbaycandakı əlaqələri barədə prezident İlham Əliyevlə hansısa müzakirələrin aparıldığı barədə sualını cavablandırarkən deyib.
Cümə günü Türkiyə Baş Naziri Azərbaycana bir günlük işgüzar səfərə gəlib. Səfərdən sonra hər iki rəsmi birgə mətbuat konfransı keçirib.
"Al-Jazeera Türk" tele-kanalının jurnalistinin TANAP layihəsinin imzalanmasının 2014-cü ildə reallaşması və Pensilvaniyada mənzillənən imam Fetullah Gülen hərəkatına aid məktəblərin Azərbaycandakı hər hansı əlaqələrinin olması barədə sualını cavablandırarkən deyib ki, iki ölkə rəhbəri arasında müzakirə olunacaq məsələlərin geniş spektrə malikdir.
Doğan" İA-nın məlumatına görə, Azərbaycan prezidenti jurnalistin "Gulen camaatı ilə əlaqəli yüksək çinli məmurların işdən azad edilməsi barədə xəbərlər dərc olundu. Bununla bağlı fikriniz nədir" sualına cavabda deyib ki, "iki ölkə arasında elə bir məsələ yoxdur ki, biz bu məsələni dost kimi müzakirə etməyək".
"Biz qardaşıq, dostuq, müttəfiqik. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan tərəfi bizim münasibətlərimizə zərrə qədər zərər verəcək hər hansı addımı qəbul etmir və buna imkan vermirik, verməyəcəyik də. Biz bir birimizin yanındayıq, bir birimizi müdafiə edəcəyik və yaxşı olmayan günlərdə də bir yerdə olmalıyıq", - cənab Əliyev deyib.
Türkiyə Baş Naziri TANAP layihəsinin nə zaman reallaşdırılacağı barədə sualı cavablandırıb və deyib ki, işlər tamamlanacağı halda bu ilin sonunda iki ölkə arasında müqavilə imzalana bilər.
"Bizim istədiyimiz TANAP marşrutunun tezliklə ortaya çıxmasıdır. Amma kanallar açılmağa başladığı və borular görünməyə başladığı anda onsuz da bunu bütün dünya izləyəcək".
Cənab Əliyev bildirib ki, TANAP layihəsinin reallaşmasında Türkiyə və Azərbaycan rəhbərlərinin iradəsi və qətiyyəti böyük rol oynayıb.
"Çalışacağıq hər şey vaxtlı-vaxtında olur. Bizə verilən məlumata görə, hər şey cədvəl üzrə gedir və ümid edirəm ki, 2018-ci ildə bu layihənin açılışını əziz qardaşımla qeyd edəcəyik".
Azərbaycan prezidenti Türkiyə Baş Nazirinin partiyasını 30 mart bələdiyyə seçkilərində qalibiyyəti münasibətilə təbrik edib və onun ilk səfərinin Bakıya olmasından dolayı təşəkkür edib.
"Türkiyənin uğurları bizim uğurlardır. Türkiyə dinamik inkişaf dövrünü yaşayır. Bütün sahələrdə müzakirələrdə bir-birimizə qardaş kimi, dost kimi yanaşırıq. Bu gün danışdığımız məsələlər bizim birliyimizi sübut edir. Siyasi sahədə elə ölkə tapılmaz ki bizim qədər yaxın olsun".
Cənab Erdoğan Azərbaycanla Türkiyə arasında iri miqyaslı layihələrin olduğunu və yaxın 7-8 ildə Türkiyəyə 20 milyard sərmayə yatıracağını açıqlayıb.
"Ölkələrimiz arasında ticarətin həcminin 15 milyardı ötəcəyi gözlənilir. Bu iki ölkənin gələcəyə eyni bucağı eynidir. Təbii qaz məsələsində "Petkim"ə qoyulan yeni sərmayələr çox önəmlidir".
Hərbi sahədə əməkdaşlıq haqda fikir mübadiləsi aparıldığını deyən Baş Nazir söhbətin təfərrüatlarını açıqlamayıb.
İkitərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğuna diqqət çəkən cənab Erdoğan deyib ki, Türkiyə bu məsələdə indiyənə kimi hansı mövqedə olubsa, bundan sonra da eyni qətiyyətli mövqedədir.
Türkiyə Baş Naziri Recep Tayyip Erdoğan Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.
Baş Nazirin saytının məlumatına görə, prezident sarayının qarşısında salamlaşdıqdan sonra rəsmilər təkbətək nahara yollanıb.
"AzərTac" İA-nın yaydığı məlumata görə, Baş Naziri hava limanında baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Cənab Erdoğan səfər öncəsi Atatürk Hava Limanında jurnalistlərə açıqlamasında Türkiyə Azərbaycan əlaqələrindən danışarkən deyib ki, bu münasibətlər "örnək götürüləcək bir səviyyə əldə edib".
"Mükəmməl səviyyədə ikitərəfli münasibətlərlə bərabər Cənubi Qafqaz miqyasında uğurlu layihələrə imza atırıq. Səfərim zamanı Azərbaycan prezidenti İlham Əliyevlə keçirəcəyim görüşdə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı görülən işlərlə bağlı müzakirələrimiz olacaq", CNN Türk Baş Nazirdən sitat gətirir.
30 Mart bələdiyyə seçkilərində partiyasının qalib gəldiyini deyən cənab Erdoğanın sözlərinə görə, bu qələbədən “bütün bölgə barış qazanıb”.
“Türkiyə tarixindən aldığı güclə daxildə və xaricdə demokratiya və hüququ müdafiə etməkdə davam edəcək. Azərbaycana ziyarətimiz də belə simvolik dönəmə təsadüf edir. Bunu xüsusilə vurğulamaq istəyirəm”.
Baş nazirin sözlərinə görə, Türkiyənin bölgədə davamlı sülhün təmini istiqamətində "fəal payı" var.




