Erdoğanın Bakıya səfəri öncəsi Türkiyə və Azərbaycan əlaqələri necədir?

Şəklin mənbəyi, Getty
Türkiyənin baş naziri Recep Tayyip Erdoğanın Azərbaycana bu gün başlayan işgüzar səfəri yenidən diqqəti iki ölkə arasında münasibətlərə çəkib.
BBC Azərbaycancaya danışan siyasi təhlilçilər səfər çərçivəsində əsasən regionda təhlükəsizlik məsələlərinin müzakirəsinin gündəmdə olacağını desələr də, iki ölkə münasibətlərinin hazırkı durumu haqda fərqli düşünürlər.
İqtidaryönlü deputat və politoloq Rasim Musabəyov BBC Azərbaycancaya deyib ki, səfərin gündəliyinə regionda təhlükəsizlik məsələsinin ön plana çıxacağı gözləniləndir.
"Regionda təhlükəsizlik"
“Bölgədə təhlükəsizlik məsələləri indiki vəziyyətini nəzərə alaraq düşünürəm ki, daha önə çəkilir. Ancaq iki ölkə arasında energetik sahədə çox böyük layihələr həyata keçirilməlidir və onların müzakirəsi də olacaq. Bu layihələr bilavasitə Azərbaycana və Türkiyəyə aiddir”.
Cənab Musabəyov bildirib ki, Rusiyanın Ukrayna ilə davranışı, Qərblə münasibətlətlərdə gərginliyin yaranması baş nazirin səfərini həyata keçirməyə imkan yaradıb və o bu məsələlərlə bağlı Azərbaycana gəlir.
Politoloqun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında investisiya layihələrinin də müzakirəsi aparılmalıdır və bura Baku-Tbilisi-Qars dəmiyol xətti, dəyəri milyardlarla ölçülən layihələr daxildir.
“Ənənəvi işlərimiz də var. Qondarma erməni soyqırımının yüz illiyi yaxınlaşır və Türkiyə Azərbaycana yönələn süni pisləmə kompaniyası aparılır. Birgə bu cür cəhdlərə qarşı tədbirlər həyata keçirmək, Azərbaycan Türkiyə mövqelərini möhkəmlətmək lazımdır”, politoloq qeyd edib.
Cənab Musabəyovdan fərqli olaraq politoloq Ərəstun Oruclu Azərbaycan-Türkiyə münasibətlərində son illərdə inkişaf dinamikasının olmadığını düşünür.
"İkitərəfli münasibətlər Türkiyə tərəfini qane etmir"
BBC Azərbaycancaya danışan politoloq deyib ki, münasibətlərin indiki durumu Türkiyə tərəfini qane etmir.
“Azərbaycan və Türkiyə arasındakı müzakirə olunacaq mövzuları iki böyük qrupa bölmək olar. Birinci qrup bilavasitə ikitərəfli nümasibətlərə aiddir və şübhəsiz ki, bu Türkiyə tərəfini qane etmir”.
Cənab Oruclunun sözlərinə görə, müzakirə mövzusu olacaq məsələlərin ikinci qrupuna bölgədəki durum daxildir.
“Xüsusilə də Qərb və Rusiya münasibətlərində son zamanlar baş verən neqativ mənada dinamika, onun bölgə üçün törədə biləcəkləri və bu konteksdə iki ölkə münasibətləri diqqət çəkir. Türkiyə NATO üzvüdür və bu məsələlərdə Azərbaycannın rolu ola bilər. Çünki Türkiyənin Azərbaycanla çox spesifik münasibətləri və əlaqələri olan dövlətdir”.
Türkiyə Baş Nazirinin Azərbaycana səfəri bu gün başlayır. Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılan cənab Erdoğanın səfəri bir gün çəkəcək. Səfərin gündəliyi açıqlanmasa da, iki ölkə arasında siyasi, iqtisadi və enerji məsələlərinin müzakirəsi gözlənilir.




