Rusiya Azərbaycan vasitəsilə neftini Türkiyə üzərindən Avropaya daşımaq istəyir

Rövnaq Abdullayev
Şəklin alt yazısı, Rusiya Azərbaycan vasitəsilə neftini Avropaya daşımaq istəyir

Moskva Rusiya neftinin Azərbaycanın neft kəmərlərilə nəqli barədə Bakı ilə danışıqlar aparır.

İllər ərzində Azərbaycan neftini Rusiyaya vuran boru kəmərini Moskva və Bakı indi əks istiqamətdə istifadə etmək niyyətindədirlər, Reutyers xəbər verir.

Rosneft şirkəti "Urals" markalı Rusiya neftini Azərbaycan vasitəsilə Türkiyə üzərindən Avropaya daşımaq üçün SOCAR ilə danışıqlar aparmaqdadır.

İTAR-TASS agentliyinin məlumatına görə SOCAR və Rosneft "Bakı-Novorossiysk" neft boru kəmərinin revers rejimində istismar edilməsini nəzərdə tuturlar.

Həmin kəmərlə Rusiyadan Bakıya vurulacaq Urals neftinin bir qismi emal olunacaq.

Rusiya neftinin eləcə də, Ceyhan boru kəməri vasitəsilə Bakıdan Türkiyənin Ceyhan limanına, oradan isə İtaliya və Almaniyada yerləşən neft emalı müəssisələrinə daşınması planı nəzərdən keçirilir.

Rosneft şirkəti həmin müəssisələrin səhmlərinin müəyyən bir hissəsinə nəzarət etməkdədir.

BP-nin idarə etdiyi Azərbaycandan Türkiyəyə neft daşıyan Ceyhan boru kəmərinin gücü gündə 1.2 mln barrel neft üçün hesablanıb.

Lakin Xəzərdə neft yataqları getdikcə tükəndiyinə görə Ceyhan boru kəməri hazırda yarı gücündə işləyir.

SOCAR prezidenti Rövnaq Abdullayev onun rəhbərlik etdiyi şirkətin Rusiyanın Azərbaycan üzərindən ildə 5 mln ton (gündə 100 min barrel) neftin daşınması barədə Rosneft ilə danışıqlar apardığını bildirib.

Neftin bir hissəsi Azərbaycan müəssisələrində emal olunacaq, digər hissəsi isə Ceyhan boru neft kəmərilə daşınacaq.

Rövnaq Abdullayev Rosneftin SOCAR-ın Ceyhanda, Sinqapur və Fujairah-dakı neft anbarlarına da marağ göstərdiyini qeyd edib.