İlham Əliyev: "Türkiyənin regional güc olması sizin qədər bizləri də qürurlandırır"

Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə həmkarı Abdullah Gül ilə görüşüb.
“Azərbaycanla dostluq, qardaşlıq və yaxşı qonşuluq bağlarına söykənən ilişkilərin güclü şəkildə davamına böyük önəm veririk”, Haberler.com saytı cənab Güldən sitat gətirib.
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Abdullah Gül ikitərəfli görüşün ardınca mətbuat üçün açıqlama verib.
İlham Əliyev deyib ki, Türkiyə Azərbaycan üçün ən yaxın dost, qardaş və müttəfiq ölkədir.
“Türkiyənin regional güc olması sizin qədər bizləri də qürurlandırır”, prezident bildirib.
Azərtac Agentliyinin məlumatına görə, görüşdə ikitərəfli münasibətlər və regional məsələlərin müzakirə olunub.
Türkiyə prezidenti deyib ki, Azərbaycanın ərazi bütövlüyü və işğal altındakı torpaqların azad edilməsi məsələsi ölkəsinin önəm verdiyi məsələlərdən biridir.
“Ümid edirəm ki, Azərbaycanın ərazi bütövlüyü və işğal altındakı torpaqların azad edilməsi məsələsi əvvəl-axır həllini tapacaq. Bütün bunların diplomatiya yolu ilə gerçəkləşməsinə də böyük önəm veririk”, Gül bildirib.
İlham Əliyev çıxışında deyib ki, “Azərbaycanın xarici siyasətinin prioriteti Azərbaycan-Türkiyə əlaqələridir”.
“ Bu əlaqələr bizim xarici siyasətimizi müəyyən edir. Bizim birliyimiz bölgədə gedən proseslərə təsir göstərir. Regional əməkdaşlıq, regional təhlükəsizlik üçün Türkiyə-Azərbaycan birliyi əsas şərtdir”, Azərbaycan prezidenti deyib.




