Nərmin Kamaldan "Sovetski" bloqu: Əgər kasıbsansa...

    • Müəllif, Nərmin Kamal
    • Vəzifə, www.bbcazeri.com üçün

Cəmiyyətin “Sovetski” probleminə münasibətində bir qabarıq təhlükəli əhval-ruhiyyə var.

Bu təhlükəli əhval-ruhiyyə “Sovetski”-nin sökülməsi haqda mətbuatda çıxan publisistik yazılarda da var, sosial şəbəkələrdəki müzakirələrdə də, lap adi küçə söhbətlərində də əksəriyyət belə yanaşır məsələyə: “Bəs nə oldu, əyalətdən gələn oğlanların gözünü qorxutmuşdunuz, məhlənizə yad adam buraxmırdınız, “mestnı-çuşka” söhbəti edirdiniz, tində yad adam görsəniz, təsbeh, qeyrət, bıçaq söhbəti edirdiniz, bəs nə oldu?!”

Sovetski
Şəklin alt yazısı, "Sovetski" küçələri. Foto: Əziz Kərimov

Bu münasibətdə qisas da var (“bəyənmədiyiniz rayonlulardır da hakimiyyətdə”, “Hə, indi göstərin o bizi qorxutduğunuz xofunuzu, söyüşcül dilinizi, bıçaqlı əlinizi”), amma qisasdan daha təhhlükəli və qabarıq olan insanların bu mövzunu tamaşa kimi izləməsidir.

“Sovetski” camaatı hər dəfə polislə üz-üzə gələndə cəmiyyət sanki kənardan iki qladiatorun döyüşünə baxır, hər dəfə “Sovetski”-nin ümumi davakar şəhərli obrazını sınağa çəkirlər.

“Sovetski-hakimiyyət, - çəkilin indi dalaşacaqlar”, “Baxaq görək bu işin axırı necə olacaq, onlardan hansı daha çox dirəşəcək” - hayqırışları bürüyür meydanı.

Hətta kameralara narazı danışdığına görə zorla tutulub polis bölməsinə aparılan cavan oğlanın son geniş yayılmış videosunda sərlövhənin “Şəhər uşağı” qoyulması bu qisas və tamaşa fenomenini büruzə verir.

Sovetskidə nümayişlər
Şəklin alt yazısı, "Sovetski"də etiraz nümayişləri. Foto: Əziz Kərimov

Bu münasibətə nə üçün təhlükəli deyirəm? Ona görə deyirəm ki, sabah başqa yerlərin, misal üçün, Naxçıvanın başının üstünü qara buludlar alsa, cəmiyyət eyni diskursla münasibət göstərə bilər: “Bəs nə oldu, biz hakim regionuq deyib hər yeri tutmuşdunuz, indi o şücaətinizi erməniyə göstərin görək”.

Halbuki, burda hamı qurbandır, “Sovetski”nin sökülməsində hakimiyyətin göstərdiyi yanaşma bütün ölkədə və bütün problemlərdə özünü göstərir.

Dünyada ev sökməyin, kompensasiya verməyin hazır modelləri var, onları götürüb tətbiq etməkdənsə, hakimiyyət hər bir şeydə “öz” variantını yaradır.

“Sovetski”-də qatar kupesi boyda evi olan qohumum son hadisələrdən sonra məndən xahiş etdi ki, xaricdə, inkişaf eləmiş ölkələrdə belə köçürmə mübahisələrinin necə həll olunduğunu onun üçün öyrənim. Cavab verdim ki, xaricdən bizə nə. Ancaq yenə də dediyini etdim.

Ortaya çox maraqlı nəticə çıxdı. Mütərəqqi dövlətlərin təcrübəsində əgər hakimiyyət öz şəhərsalma planlarına görə müəyyən evləri sökürsə, sakinlərə iki cür kompensasiya verilir.

Onlardan biri “Ev itkisinə görə” adlanır; bunun üçün əvvəlcə evin yerləşdiyi ərazinin, yəni tikilisiz torpağın qiyməti hesablanır və üstünə evin içinin sahəsinə görə bazar qiyməti gəlinir.

Sovetskidə etirazlar

Evinin düzgün qiymətləndirilmədiyini düşünənlər mülkiyyət tribunalına müraciət edirlər. İkinci kompensasiya “Narahatlığa görə kompensasiya” adlanır.

Evindən çıxmaq məcburiyyəti qarşısında qalanlara köçmək xərcləri və stressə görə kompensasiya ödənir. Sakinlərin hüququ var ki, evlərin sökülməsindən sonra həmin ərazinin sonrakı taleyinə, oranın necə dəyişdirilməsinə etiraz etsinlər.

Əgər hökumət o evləri ərazidən daha gəlirli məqsəd üçün istifadə etməkdən ötrü sökürsə, sakinlərin 10 il müddətində o gəlirdən kompensasiya almaq hüququ da var.

Sovet dövləti “Sovetski”-ni o vaxt oradakı xuliqanlıq, cinayətkarlıq yuvasını dağıdıb pərən-pərən salmaqdan ötrü sökmək, əhalini bu səbəbdən köçürmək istəyirdi.

Azərbaycan hökuməti isə bu işi şəhəri gözəlləşdirmək üçün edir. Heç bir hakim siyasi qüvvə insanların güzəranını yaxşılaşdırmaq üçün vermədi bu qərarı.

İndi o ərazidə 15-20 kvadrat metrlik evi olanlar həmin pulla şəhərin içində yalnız qəbir ala biləcəklərini deyirlər, başqa köhnə məhəllələrin işində olduğu kimi, polis narazı çıxışlar edən neçə-neçə adamı 5, 15, 30 sutkalıq həbs edir, qaz borularını, işıq xətlərini kəsməklə razılaşmağa təhrik edir.

Kasıblıq siyasi məsələdir. Əgər sən kasıbsansa, dünyanın harasında yaşamağından asılı olmayaraq, siyasətin qurbanısan. Bu, bir məhəlləylə hakimiyyətin davası deyil.

Bu, bütün kasıblarla, “Mən sadə adamam, siyasətə qarışmıram” deyən insanlarla siyasətin davasıdır.

Azərbaycanın ədəbiyyatında “Sovetski”-nin romantikasını yaradan yazıçılar olub. “Ortasından sabunlu sular axan dar küçələri”ndən, “əl vurma uçar damları”ndan, “yel vurub yelkənlər oynadan pərdələri”ndən şeirlər yazıblar.

Amma indi o küçələri etiraz aksiyaları bürüyüb, insanlar çətin vəziyyətdədir, səslərinə səs verən yoxdur.

Müşahidə eləyirlər, bütün cəmiyyət sanki futbol meydançasında rahat yerlərində oturub toqquşmalara baxır, şərh edir, ən yaxşı halda kənardan “Vur, vur, vur” qışqırır.

Davanın iştirakçılarının özlərini tamaşaçı saymasından kədərli heç nə yoxdur.

Sizin rəyiniz: Bloq haqqında fikir və təkliflərinizi azeri@bbc.co.uk ünvanına göndərin.

Nərmin Kamal "Umberto Eco və Postmodernizm fəlsəfəsi“ və “Aç, mənəm” adlı iki kitabın müəllifidir. Bakalavr, magistr və aspiranturada fəlsəfə üzrə təhsil alıb, uzun müddət jurnalist işləyib.