Azərbaycan Maydandan necə dərs almalıdır?

Azərbaycanda siyasi təhlilçilər hesab edir ki, Ukraynadakı olaylar başqa ölkələrdə dəyişiklərin detonatoru ola bilər.

Bu baxımdan, BBC Azərbaycanca iqtidar və müxalifət nümayəndələrindən Ukrayna hadisələrinə şərhlər öyrənib.

Şərhlər Musavat partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və millət vəkili Rasim Musabəyova aiddir.

Arif Hacılı: Hakimiyyət oxşar mövqe tutarsa, oxşar proseslər baş verə bilər

Şəklin mənbəyi, musavat

BBC: Azərbaycanda Ukraynadakına bənzər hadisələr baş verə bilərmi?

Arif Hacılı: Azərbaycan və Ukraynanın xarici siyasətləri oxşardır. Ukrayna höküməti də, Azərbaycan höküməti də balanslaşdırılmış xarici siyasət adı altında Rusiya ilə Qərb arasında manevr mövqeyi tutur. Konkret olaraq, Şərq tərəfdaşlığı ilə bağlı məsələlər aktuallaşarkən Ukraynada xarici siyasətin bu limitinə son qoyuldu. Bu da Ukraynada məlum hadisələrə səbəb oldu. Azərbaycan da oxşar xarici siyasət yeridir. Çox yəqin ki, Azərbaycan da yaxın zamanlarda balanslaşdırılmış siyasətinə son qoyaraq seçim etmək zorunda qalacaq. Şübhəsiz ki, belə olan halda Azərbaycan hakimiyyəti Yanukoviç hakimiyyətinin mövqeyinə oxşar mövqe tutacaqsa, Azərbaycanda oxşar proseslər baş verə bilər.

BBC: Azərbaycan bu hadisələrdən özü üçün hansı nəticəni çıxara bilər?

Arif Hacılı: Ukrayna hadisələri Azərbaycan cəmiyyəti üçün bir örnək ola bilər. Ukraynada baş verən hadisələr göstərdi ki, ölkədə nə qədər korrupsioner, nə qədər zora əsaslanan hakimiyyət olsa da, xalq öz iradəsini göstərərkən belə hakimiyyət geri çəkilməyə məcbur olur və belə hakimiyyət məğlubiyyətə məhkumdur. Bu baxımdan Ukraynada baş verən hadisələr Azərbaycan cəmiyyətinin öz gücünə inamını geri qaytara bilər.

BBC: Əgər belə bir hadisə baş verərsə, onun Azərbaycan üçün nəticələri nə ola bilər?

Arif Hacılı: Azərbaycan Ukrayna ilə müqayisədə daha balaca və yığcam ölkədir. Azərbaycan əhalisi Ukraynanınkından sayca 5 dəfə azdır. Bu baxımdan, Azərbaycanda Ukraynada baş verdiyi kimi qlobal hadisələrin baş verə biləcəyini gözləmirəm. İstənilən halda ölkədə demokratiyaya keçidin qanlı hadisələrlə müşayiət olunması bizim üçün arzuolunan deyil. Azərbaycanın siyasi qüvvələri olaraq, biz ölkədə demokratik keçidin sülh yolla və qan-qadasız olmasının tərəfdayırıq. Azərbaycan hakimiyyəti də Ukraydakı hadisələrdən özü üçün nəticə çıxartmalıdır.

BBC: Oxşar hadisələr baş verərsə, onun Qarabağ münaqişəsinə təsiri necə ola bilər?

Arif Hacılı: İstənilən ciddi keçid müəyyən kataklizmlərdən keçir və əgər Azərbaycan cəmiyyəti öz gücünə inananaraq öz iradəsi ilə ölkədə demokratik cəmiyyət qurmağa nail olsa, Azərbaycanda gerçək demokratik dəyərlər mövcud olsa, Qarabağ probleminin həllinə də müsbət təsir göstərər. Bu gün avtoritar polis rejimi mövcud olan Azərbaycan hakimiyyəti Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan ermənilərə cəlbedici görünməyə bilər. Amma Azərbaycanda sivil, demokratik, azad bir cəmiyyət yaransa, bu, nəinki Qarabağ erməniləri üçün, bütün Qafqaz üçün cəlbedici olar.

BBC: Oxşar hadisələr baş verərsə, bu, Rusiya-Azərbaycan münasibətlərinə necə təsir edər?

Arif Hacılı: Əgər Azərbaycan avrointeqrasiya yolu seçsə və Azərbaycan hakimiyyəti Yanukoviçin səhvlərindən nəticə çıxararaq, Azərbaycanın avrointeqrasiya istiqamətində səylərini artırsa, Azərbaycan hakimiyyəti ilə Rusiya hakimiyyəti arasında münasibətlərin kəskinləşməsi mümkündür. Amma şübhəsiz ki, Rusiya müəyyən dövr keçdikdən sonra, Şərqi Avropa ölkələri ilə qurduğu münasibətlərə oxşar əlaqələri Azərbaycanla da qurmağa məcbur olacaq. Bütün bu məsələlər Azərbaycan xalqının iradəsindən asılıdır.

Rasim Musabəyov: istisna deyil, amma belə məsələ Azərbaycanda gözlənilmir

BBC: Azərbaycanda Ukraynadakına bənzər hadisələr baş verə bilərmi?

Rasim Musabəyov: Hər halda belə bir şey aktual deyil, nəzəri cəhətdən isə hər yerdə buna bənzər hadisə baş verə bilər. Ancaq indi mümkün deyil, ən azı ona görə ki, Ukrayna ilə Azərbaycan arasında xeyli fərqlər var. Buna bənzər hadisələr əvvəl Ərəb dünyasında oldu, Qırğızıstanda oldu, Gürcüstan da oldu. Onlar Azərbaycana təsir göstərmədi, niyə Ukraynadakı hadisələr təsir göstərməlidir? Düşünmürəm ki, belə bir proyeksiya etmək düzgün olardı. Nəzərə alınmalıdır ki, Azərbaycan hakimiyyyəti Ukrayna hakimiyyəti ilə müqayisədə xeyli güclüdür, vahiddir və Azərbaycanda büdcə tam icra olunur, iqtisadi artım mövcuddur. Hökümətin nəzarətində 50 milyardlıq valyuta ehtiyatları mövcuddur ki, hər cür sosial problemləri həll etməyə tam kifayətdir.

Nəzəri cəhətdən neftin qiyməti 3 dəfə düşsə, maaş və pensiyaları almaqla problemlər olsa, gözlənilməyən dəhşətli korrupsiya faktları aşkar olunsa, hər bir ölkədə mümkün olduğu kimi, [Azərbaycanda da] istisna deyil, amma belə məsələ Azərbaycanda gözlənilmir.

BBC: Azərbaycan bu hadisələrdən özü üçün hansı nəticəni çıxara bilər?

Rasim Musabəyov: Xalqın narazılığını qabaqlamağa çalışmaq lazımdır. Ukraynada bir çox islahatlar gecikmişdi. Vergiləri düzgün toplamaq kimi bir çox ciddi islahatlar həyata keçirilməli idi, amma Ukrayna hakimiyyəti nüfuzuna ziyan gəlməsin deyə keçirmirdi. Haqlı da deyildi, təbii. Korrupsiyaya qarşı mübarizə xeyli sərtləşməlidir, məmur özbaşınalığının qarşısı sərt şəkildə alınmalıdır. Azərbaycan iqtidarı bunların hamısının Ukrayna hadisələrindən dərs kimi nəzərə almalıdır.

BBC: Əgər belə bir hadisə baş verərsə, onun Azərbaycan üçün nəticələri nə ola bilər?

Rasim Musabəyov: Biz Azərbaycanda buna bənzər hadisələri görmüşük və o Azərbaycan üçün çox pis nəticələnmişdi. Hətta ermənilər hakimiyyət boşluğundan istifadə edərək torpaqlarımızı işğal etmişdi. Nəzərə alsaq ki, biz dondurulmuş müharibə şəraitində yaşayırıq, Azərbaycanın müxalifəti də, iqtidarı da və vətəndaş cəmiyyəti də bu amili heç vaxt yaddaşından çıxarmamalıdır.

BBC: Oxşar hadisələr baş verərsə, bu, Rusiya-Azərbaycan münasibətlərinə necə təsir edər?

Rasim Musabəyov:Hər halda buna bənzər hadisələr olub və Rusiya-Azərbaycan münasibətlərində gərginlik müşahidə edilsə də, tam pozulmayıb. O vaxt Elçibəy hakimiyyəti qoyub Kələkiyə getmişdi, necə ki indi Yanukoviç də hakimiyyətini qoyub çıxıb gedib. Şükürlər olsun ki, Azərbaycanda Heydər Əliyev kimi fiqur ortaya çıxdı və vəziyyəti nəzarətə aldı. Istəyərdim ki, Ukraynada da formalaşan hökümət vəziyyəti tam nəzarətə götürsün və belə olan halda, Rusiya, baxmayaraq ki, indi bəzən yaramaz fikirlər səslənir, səfiri geriyə çağırır, ordunun təlimlərini təşkil edir, əraziyə nəzarəti bərpa edən hökümətlə hesablaşmağa və münasibət qurmağa məcburdur.