Azərbaycan, Ermənistan, Gürcüstan və Belarusda Maydan haqqında nə düşünürlər?
Ukraynadakı hakimiyyət dəyişikliyinin postsovet ölkələrində necə qarşılandığı barədə BBC Rus Xidmətinin müxbirləri və BBC Monitorinq Xidməti xəbər verir.
Bakı: Sosial şəbəkələrdə Ukrayna qəhrəmanları alqışlanır

Şəklin mənbəyi, Reuters
Bir sıra yerli təhlilçiyə əsasən, Ukraynadakı olaylar başqa ölkələrdə dəyişiklərin detonatoru ola bilər.
Müstəqil şərhçi Elxan Şahinoğlu hesab edir ki, vaxtilə Gürcüstan və Qırğızıstanda davamını tapan rənqli inqilablara təkan verən məhz Ukrayna olmuşdur.
"Ukraynada son hadisələr müqavimətlə üzləşən avtoritar hökumətin geri çəkilməyə məcbur olduğunu nümayiş etdirir”.
Onun sözlərinə görə, Ukraynadakı hadisələr Azərbaycan üçün mühüm dərs olub və oliqarxik idarə sisteminin nə dərəcədə təhlükəli olduğunu sərgiləyib. Yalnız bu sistemdən yaxa qurtarmaqla Ukraynanın başına gələn təlatümlərdən yayınmaq mümkündür.
Elxan Şahinoğlu ölkədəki siyasi və iqtisadi islahatları dərinləşdirməklə yanaşı 2015-ci ildə ədalətli parlament seçkilərinin keçirilməsinin zəruriliyini vurğulayır.
Vəfa Quluzadənin fikrincə, Ukraynadakı olaylar Rusiyada demokratik dəyişiklərə gətirib çıxara bilər.
"Rusiya Ukraynasız imperiyanın bərpasının mümkün olmadığını etiraf edib. Ona görə də o Yanukoviçə bel bağlayırdı. Lakin Ukrayna liderixalqın etimadını itirdi. Yanukoviç Rusiya təzyiqi nəticəsində həmvətənlərinə xəyanət etdi”.
Vəfa Quluzadənin sözlərinə görə, Rusiyanın Ukraynaya dair planı puça çıxdı və Moskva başqa ölkələrə artıq təsir göstərmək iqtidarında deyil.
Hökumətyönlü baxışları ilə tanınan təhlilçi Natiq Miri hesab edir ki, Rusiya Ukraynanın itirilməsilə barışmaycaq.
"Ukrayna inqilabı" kütlənin qərarlı müqavimətinə görə üstünlük qazandı. Bu qələbə Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsinə səbəb oldu. Azərbaycan bundan sonra Qərbə doğru baxacaq”.

Şəklin mənbəyi, AP
Təhlilçi hesab edir ki, Gürcüstan, Ukrayna, Moldova və Azərbaycan Rusiya “ekspansionist siyasətinə” GÜAM təşkilatındakı regional ittifaqı vasitəsilə davam gətirə biləcək.
Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli Facebook postunda Azərbaycanda da “rejim” dəyişikliyinin mümkün olduğunu bildirir. Hərçənd ki, o bunun dinc yolla baş verəcəyini yazır.
“Buna şübhəm yoxdur ki, xalqımızın böyük əksəriyyəti ölkədə rejim dəyişikliyi istəyir. Yanukoviç də gedəndən sonra xeyli adam getmək sırasının İlham Əliyevə tez çatmasını arzulayır. Amma o da var ki, adamlar Ərəb inqilabları, elə son Ukrayna inqilabı zamanı olduğu kimi, ölkəmizdə qan tökülməsini, vətəndaşlarımızın bir-birini öldürməsini də istəmirlər. Və çox düz edirlər”.
Onun sözlərinə əsasən dəyişiklik sırası Azərbaycana ölkənin “dinc mübarizəyə hazır" olduğu təqdirdə çatacaq.
Rəsmi Bakının reaksiyasını xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərlə görüşündə açıqlayıb.
"Azərbaycan əlbəttə ki, Ukraynaya dost ölkədir. Bu ölkə ilə bizim strateji tərəfdaşlığımız var. Azərbaycanın ərazi bütövlüyü və stabilliyi bizim üçün nə qədər vacib və prinsipialdırsa, Ukraynanın ərazi bütövlüyü və stabilliyi də vacibdir. Ukraynanın stabilliyi birbaşa Mərkəzi Avropanın stabiliyinə təsiredici faktor kimi baxılmalıdır", Trend agentliyində Araz Əzimovdan iqtibas gətirilir.
Sosial şəbəkələrdəki reaksiyalar daha az diplomatik olub.
“Yaşasın Ukraynanın qəhrəman xalqı!”, "Ordubad" adlı istifadəçi Qafqazinfo.az saytında yazıb.
“Democrat” adlı istifadəçi isə belə yazıb: "Demokratiyanı qapınızın önünə çatdırmırlar. Xalqın özü ukraynalılar kimi qurban verərək buna nail olmalıdır”.
"Tarixi xalq yaradır və onu diqtə etmək mümkün deyil”, - Namik Agayev hesab edir.
Anar Melikov-un Facebookdakı postunda isə belə bir şərh yerləşdirilib: "Ssenari eyni, iştirakçılar fərqlidir. Rejissorla tamaşaçılara BRAVO. Növbəti səhnəni harda gözləyək?”.
"Nəzərə belə bir faktı almaq lazımdır ki, Ukrayna korrupsiyanın təhlükəli miqyas aldığı bir ölkə idi. Belə ki, indi hər şey korrupsiyanın nəzarət altına alınıb-alınmamasından asılı olacaq”, - təhlilçi İlham Şaban Facebookda bildirir.
Minsk: Ukraynadakı yaxın “yad” müharibə

“Bizim üçün Maydan nəinki qeyri-məqbuldur - Belarusda Maydan olmayacaq”, - fevralın 23-də prezident Aleksandr Lukaşenko Silahlı Qüvvələrin Günü ilə bağlı tədbirdəki çıxışında deyib.
Belarus lideri poqon daşıyanları sayıq olmağa və ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə “önləyici iş” görməyə səsləyib.
"Son zamanlar tez-tez bəhs etdiyimiz korrupsiya, hakimiyyətin zəifləməsi, cəzasızlıq, hakimiyyətin məsuliyyətsizliyi, anarxiya və qarışıqlığa zəmin yaradır. Cəmiyyət parçalanır, iqtisadiyyat durğunluğa düçar olur, adamlar əziyyət çəkir və destruktiv qüvvələrin əlində küt silaha çevrilir”.
Belarus prezidenti deyib ki, belə bir şəraitdə quzğun leşə daraşan kimi ölkəyə gələn əcnəbi “xoşməramlılar” ehtirasları daha da qızışdırırlar.
Bundan əvvəl cənab Lukaşenkonun Minskdəki Qələbə Meydanında çıxışı daha emosional olub.
"Mən hərbçinin üzünə tüpürülmə bir yana qalsın, onun öldürülməsinə necə yol verə bilərəm? Ona görə narahat olmayın. Hər şey qaydasında olacaq. Biz bir-birimizdən heç nə almamışıq, heç kimdən oğurluq etməmişik, başqasının hesabına sərvətə sahib olmamışıq. Adamları orda elə bir vəziyyətə çatdırıblar: bəziləri daha betər olacağını düşünərək hər şeyə göz yumurlar. Mən (büdcədən) oğurlamağa başlasam, ətrafdakılar hər şeyi ciblərinə qoysalar, Maydan qaçılmazdır".
Prezident Lukaşenko deyib ki, Ukraynanın parçalanmasının əleyhinədir.
"Onların öz məsələləri, bizim isə öz məsələmiz var və biz siyasətimizi məhz bu zəmində qururuq”, deyən prezident Ukraynanın bütövlüyünü qoruyub saxlamağa səsləyib.
“Dəyişiklərin uğurlu olması və Avropa təmayülünün inkişaf etdiyi təqdirdə Ukrayna olayları Belarusa da yayıla bilər. Uğursuzluq isə Belarus hakimiyyətinin təbliğat mövqelərini gücləndirə bilər”, - analitik Aleksandr Klaskovski deyib.
Onun sözlərinə görə, Belarus hakimiyyətini küçə etirazları narahat etsə də, Lukaşenko üçün hazırkı vəziyyət bir tərəfdən uduşlu da ola bilər.

Şəklin mənbəyi, Reuters
"Birincisi - Yanukoviçin simasında Kremldən dotasiya alan rəqib aradan qalxır. İkincisi - Maydanda qan tökülməsinə görə Belarus sabitliyin üstünlüyü barədə dünyaya car çəkə bilər”.
Belarusun Xarici İşlər Nazirliyi vətəndaşları bir müddət Ukraynaya səfər etməməyə səsləyib. Bu arada Ukraynaya ən yaxın vilayət mərkəzi olan Qomel şəhərindən Kiyevə avtobus reysləri ləğv olunub. Minsklə Kiyev arasında hava və dəmir yolu nəqliyyatı əvvəlki rejimdə işləyir.
Ötən şənbə günü Ukrayna paytaxtına yollanan iki gənc fəal sərhəddə saxlanılıb. Ukrayna sərhədçiləri onların ölkəyə daxil olmasına 5 illik qadağa qoyulduğunu bildiriblər.
Kiyev mənbələrinə görə Belarus prezidenti etirazların aparıcı qüvvələrindən olan “Udar” partiyasının sədri Vitali Kliçkoya axtarışa verilən yüksək rütbəli rəsmilərin ölkə ərazisində olmadığını bildirib.
Bundan əvvəl qonşu ölkəyə keçən bəzi Ukrayna rəsmilərinin Belarusu tərk etdiyi bildirilib. Media məsələləri üzrə ekspert Galina Perepelkina deyir ki, Belarus mediası Maydandakı hadisələrin işıqlandırılmasında olduqca ehtiyatlı davranıb.
Onun sözlərinə görə Lukaşenko əvvəlcədən bildirdi: “Bu yad müharibədir, baxaq görək kim qalib çıxacaq?”.
Bir çox eskpertə görə Kiyevdəki zorakılıq Lukaşenko əleyhinə etiraz hərəkatının yaranması ilə bağlı hakimiyyət tənqidçilərinin şanslarına son qoymuş oldu.
Hərçənd ki, xalq arasında təbliğat aparılmasının vacibliyini vurğulayan müxalif Vahid Vətəndaş Partiyasının lideri belə “bədbin” təhlillə razılaşmır.
“Maydan artıq gözləntilər, postsovet məkanında alternativ inkişaf alqoritminə ümidlər yaradıb. 2014-cü ildən fərqli Ukraynada real islahatların keçirilməsi Belarusun demokratik hərəkatı üçün faydalı olacaq ”.
Tbilisi: Ukrayna Gürcüstan üçün bir lokomotivdir

Şəklin mənbəyi, AP
Ukraynadakı olaylar Gürcüstan ictimaiyyəti və mətbuatın diqqət mərkəzində qalır. Gürcüstanda Maydan hərəkətinə dəstək aksiyaları keçirilib.
Rəsmi Tbilisi “böyük Avropa ailəsində layiqli yer tutacaq” Ukrayna xaqlına həmrəyliyini bildirib.
Gürcüstanın xarici işlər naziri qarışıqlığın tezliklə sona çatmasına ümid etdiyini bildirib.
"Mən hesab edirəm ki, bohran tam başa çatmayıb, lakin onun yaxın həftələrdə sona çatacağına işarə edən əlamətlər mövcuddur”, - xarici işlər naziri Maya Pancikizde deyib. – Əlbəttə erkən prezident və parlament seçkilərinin keçirilməsi barədə qərar olduqca mühümdür. Ümid edirəm ki, bu, böhrana son qoyacaq”.
Ötən bir neçə həftə ərzində Gürcüstan siyasətçiləri biri-birinin ardınca tərəfləri böhran vəziyyətindən danışıqlar yolu ilə çıxmağa səsləyiblər.
Cümə günü ilk illik nitqilə parlamentə müraciət edən prezident çıxışdan öncə Kiyevdə ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
"Ukraynada hakimiyyət vətəndaşlarına qarşı zor işlədib və bununla da hər bir hakimiyyət üçün keçməsi yolverilməz olan səddi aşıb”, - Georgi Marqvelaşvili deyib.
O həmçinin qarşıdurma vaxtı iki Gürcüstan vətəndaşının həlak olduğunu bildirib.
Ukraynadakı hadisələr ana müxalifət partiyasının daha radikal dəyərləndirmələrini qazanıb.
Sabiq prezident Saakaşvilinin mənsub olduğu Vahid Milli Hərəkat Partiyası bildirib ki, Kiyev yalnız Ukrayna yox Gürcüstan azadlığı uğrunda da gedən mübarizənin ön cəbhəsidir.

Şəklin mənbəyi, AFP
Kiyevə baş çəkən Mixail Saakaşvil Maydanda toplaşanlara ukraynaca müraciət edib.
“Ukrayna inanılmaz sıçrayışla irəliləyib və bu Gürcüstan üçün çox mühümdür. İndi elə bir məqamdır ki, Gürcüstan Ukraynadan öyrənməlidir”, - Saakaşvili daha sonra Maydanda jurnalistlərə bildirib.
Tbilisidə bir çoxları Ukrayna hadisələrini Kremlin və şəxsən Vladimir Putinin məğlubiyyəti kimi görürlər.
“Putin Ukraynada baş verənlərin Rusiyada da təkrarlanmasından qorxur”, – politoloq Tornike Şaraşenidze Rus Xidmətinə bildirib. – "Onun siyasəti olmasaydı, o Kiyev qarşısında “Ya Rusiya, ya da ki Avropa İttifaqı” seçimini qoymasayadı belə olaylar baş verməzdi və Yanukoviç çox güman ki, öz müddətini rahat bitirəcəkdi”.
Şaraşenidze şübhə etmir ki, bundan sonra Krımın ayrılmasına yönələn səylərə əl atılacaq.
Ekspertin sözlərinə görə, Rusiya beləliklə öz qanunlarını və beynəlxalq hüququ pozmuş olacaq və bununla da Moskva əleyhinə əhval-ruhiyyə daha da güclənəcək.
"Mən Putinin Krım uğrunda müharibə aparacağı fikrindən uzağam. Lakin müharibəni yalnız silahla aparmırlar. O iqtisadi, diplomatik və informasiya müharibəsi şəklini ala bilər... Zənnimcə, Rusiya hətta informasiya müharibəsi aparmaq üçün resurslara malik deyil”.
Politoloqun sözlərinə görə, Ukrayna misalı Rusiyanın yenilməz olmadığını nümayiş etdirdi.
"Ukrayna Gürcüstan üçün həmişə bir lokomotiv olub. Ukraynaya maraq Gürcüstandan daha artıqdır”, gürcüstanlı ekspert belə deyir.
Ermənistan: Maydanın Gömrük İttifaqı və Qarabağa təsiri

Şəklin mənbəyi, BBC World Service
Hökümətyönlü Qolos Armenii qəzetində, Ruben Marqaryanın təhlilində deyilir ki, Ukraynadakı qarışıqlıq ölkənin bütövlüyünə təhlükə yaradır. Müəllifin fikrincə, Gömrük İttifaqına qoşulmadığı təqdirdə Ermənistan eyni ssenari ilə üzləşə bilər.
“Əsas nəticə budur ki, heç bir ideya nə Qərb, nə də ki, Avrasiya düşərgəsində onlarla adamın ölümlərinə bəraət qazandırmır. Və sentyabrın 3-də Yerevanın Gömrük İttifaqına qatılması barədə qərarının Maydanda baş verənlərdən hər bir baxımdan daha yaxşı olmasını izah etməyə ehtiyac qalmır”.
Hökumətə yaxın Hayots Aşxarh qəzetinə əsasən Yanukoviçi “devirən” müxalifət qüvvələri arxasında duran Qərbin əsas hədəfi Rusiya olub.
“Vəziyyət 1853-cü ildə Krım müharibəsi vaxtı yaranmış olayları xatırladır. O zaman Osmanlı İmperatorluğuna qarşı ilk uğurlarından sonra Sevastopola qoşun yeridən Rusiya Qərbin əks-hücumu ilə üzləşmişdir”.
Müxalifətyönlü Jamanak qəzetinin müəllifi Aram Amatuni hadisələrdə Qərb amilinin şişirdildiyini bildirir. Təhlildə deyilir ki, hadisələrin aparıcı qüvvəsi müxtəlif siyasi qüvvələrə uymayan xalq olub.
Amatuni yazır ki, ölkədəki siyasi vəziyyətə görə Ermənistanda “Maydan”-ın gerçəkləşməsi mümkün deyil.
Siyasi icmalçı Edgar Vardanyan hesab ki, Ukraynadakı hadisələr Avrasiya Birliyi layihəsinə təsir edə bilər.
"Prezident Putin və Nazarbayevin yaratdığı Avrasiya Birliyi layihəsi təhlükə altına qoyulur”, - Aravot qəzetində, Edgar Vardanyanın məqaləsində deyilir.
Müəllifin sözlərinə görə, proses Ermənistana çata biləcək “zəncirvari” reaksiyaya təkan verə bilər.
Mətbuat Gömrük İttifaqına üzvlüklə bağlı Ermənistanla Ukraynanın təzyiqə reksiyalarını müqayisə edir.
"Yanukoviç rejiminə yardım etmək üçün Rusiya planlarının puça çıxmasından sonra rəsmilərimizin Gömrük İttifaqına daxil olması üzrə səyləri nəinki gülünc, hətta xalqımız üçün təhqiramizdir”, Hraparak qəzeti yazır.
Qəzetin baş məqaləsində deyilir ki, Ukrayna hadisələri fonunda Ermənistanın durumu "aciz və acınacaqlı" görünür.
"Rusiya-Sovet imperializmi altında qalanlardan, gələcəklərini yalnız qüdrətli dövlətlərin hissəsi kimi görən, Rusiya təbliğatına uyan şəxslərdən Ukraynanın azadlığı barədə şərhlər eşitmək qəribə görünür”, siyasi icmalçı Alen Simonyan Facebook səhifəsində bildirir.
Bloqqer Hrant Ter-Abrahamyana görə Qərb və Rusiya hadisələr vaxtı üzə çıxan millətçilik dalğasından şoka düşüblər.
"Adamlar qan töküb və xalq, din bayraq və azadlıqları uğrunda ölüblər. Ruslar bunu qavramaq istəmirlər. Çünki onların imperiya nöqteyi-nəzərinə görə millətçilik ya yerli xüsusiyyət ya da ki, başqa imperiyaların himayə etdiyi təxribat vasitəsidir”.
Rejissor Tiqran Xzmalyan prezident Yanukoviçin devrilməsini alqışlayıb: "Maydanda baş verən olaylar, Ermənistan və bütün post-sovet məkanında hadisələrin inkişafına təsir göstərəcək”.
Tanınmamış Dağlıq Qarabağın sabiq xarici işlər naziri olayların Qarabağ tənzimləməsinə təsir edəcəyini düşünür.
"Rusiya və onların qərbli partnyorlarının Ukraynaya dair ortaq məxrəcə gələ bilmədiyi təqdirdə vəziyyətin bizə təsiri ola bilər. Belə bir halda Minsk Qrupu formatı Fransa, Rusiya və ABŞ tərəfindən qeyri-məhsuldar sayıla bilər və bu müharibənin bərqərar ehtimalının artmasına səbəb ola bilər”




