William Hague Anar Məmmədlinin məsələsini İlham Əliyevlə "müzakirə edib"

Azərbaycanda səfərdə olan Britaniya Xarici İşlər naziri ölkədə insan haqlarının vəziyyətinə dair narahatlıqları Prezident Əliyevlə müzakirə edib, bu barədə jurnalistlərə nazirin özü deyib.
"Biz iki və çoxtərəfli görüşlərimizdə dünən həbs olunan hüquq müdafiəçisi Anar Məmmədli kimi ayrı-ayrı şəxslərin də məsələsindən narahatlığımızı ifadə etməyə davam edəcəyik", William Hague bildirib.
Seçkiləri müşahidə edən monitorinq mərkəzinin rəhbəri Anar Məmmədli bazar ertəsi həbs olunub.
Müdafiəçiləri onun həbsini oktyabr ayında keçirilmiş prezident seçkilərində qanunsuzluqlara dair hesabatında yer alan məlumatlarla bağlı olduğunu deyir.
Anar Məmmədliyə qarşı irəli sürülən ittihamlar arasında vergidən yayınma və qanunsuz biznes ittihamları da var.
Nazir Hague həmçinin insan haqlarına dair "digər xüsusi halları" da prezidentlə müzakirə etdiyini bildirib.
Prezidentin mətbuat katibi Azər Qasımov BBC Azərbaycancaya deyib ki, William Hague və İlham Əliyev arasında siyasi məhbuslar və Anar Məmmədli barədə müzakirə haqqında "hər hansı məlumatı" yoxdur və "belə bir informasiya məndə yoxdur".
Hague çağrılır
Böyük Britaniyanın xarici işlər nazirinin Azərbaycana səfəri ərəfəsində qeyri-hökümət təşkilatları onu insan haqları məsələlərini qaldırmağa çağırıblar.
Çərşənbə axşamı William Hague Azərbaycanda bir sıra enerji sazişinin imzalanmasında iştirak edib, amma Amnesty International və Platform London kimi təşkilatlar onun insan haqları məsələlərini qaldırmasını da tələb ediblər.
"Azərbaycanın insan haqları üzrə tarixçəsi dəhşətlidir", Amnesty UK-də Siyasət və Hökümət Məsələləri üzrə rəhbər Allan Hogarth deyib, və əlavə edib ki, ölkədə ifadə azadlığına qarşı "xüsusilə aqressiv, sərt tədbirlər görülür".
"Xarici işlər naziri ora gedəndə onu təmin etməlidir ki, sövdələşmə təkcə qaz və gəlirlər üzərində deyil. William Hague vicdan məhbuslarının azad edilməsinə çağırış etməlidir", cənab Hogarth deyib.
Neft və qazın ictimai, iqtisadi və mühitə təsirləri barədə kampaniya aparan Platform London təşkilatından Emma Hughes isə XİN başçısının səfərinin "daha bir qeyri-demokratik seçkidən" az sonraya təsadüf etdiyini qeyd edib.
"Korrupsiyaya uğramış bu diktatura ilə enerji sövdələşmələri etmək o deməkdir ki, Birləşmiş Krallığın "qaz qətiyyəti" Azərbaycanda demokratiya fəallarının siyasi repressiyasına xeyli töhvə verir", xanım Hughes belə deyib.
Çərşənbə axşamı Birləşmiş Krallığın xarici işlər naziri William Hague "Şahdəniz" layihəsinin xarici tərəfdaşları ilə qarşılıqlı öhdəlik sazişlərinin imzalanması mərasimində iştirak etmək üçün Bakıya gəlib.




