Azərbaycan Şahdəniz-2 layihəsinin tərəfdaşları ilə sazişlər imzalayacaq

Azərbaycanın Dövlət Neft Şirkəti gələn həftə “Şahdəniz” layihəsinin xarici tərəfdaşları ilə ikinci dəfə qarşılıqlı öhdəlik sazişləri imzalayacaq.

Hökumət bu məqsədlə Xəzər dənizində yerləşən “Şahdəniz” yatağının layihəsinin səhmdarlarının investisiya yatırımlarını sanksiyalaşdırmaq üçün təntənəli mərasim keçirməyə hazırlaşır.

Dekabrın 17-də Heydər Əliyev Mərkəzində baş tutacaq mərasimdə 39 sənəd imzalanacağı gözlənilir.

İqtisadçı ekspert İlham Şaban BBC Azərbaycancaya deyib ki, “Şahdəniz” layihəsinə 25 milyard dollar həcmində xarici investisiya qoyulub və imzalanacaq sazişlərlə bu razılıq rəsmi təsdiqlənəcək.

Onun sözlərinə görə, Azərbaycan höküməti qoyulan investisiyanın hasilatın pay bölgüsü sazişi çərçivəsində səhmdarlara geri qaytarılmalıdır.

“Qoyulan hər bir investisiyaya görə hökumət müəyyən müddətdən sonra müxtəlif faizlər çərçivəsində həmin şirkətlərə ödəniş etməyi öz üzərinə götürüb”, ekspert bildirib.

Mühüm sənəd

Cənab Şaban 39 müqavilənin içində Trans-Anadolu qaz kəmərinin (Trans Anadolu Pipeline-TAP) investorları arasında imzalanacaq sənədin mühüm olduğunu qeyd edib.

“ Yayda qəbul olunmuş qərara əsasən bu kəmərin investorları Dövlət Neft Şirkəti, BP və Podar şirkətidir. Bunlar kəmərin 50 faiz səhmlərinə sahibdirlər”, iqtisadçı əlavə edib.

Bu tədbirdə iştirak etmək üçün bir sıra ölkələrin rəsmilərinin, Böyük Britaniyanın xarici işlər naziri William Hague, Italiyanın baş naziri Enrico Letta, Yunanıstan və Albaniyanın rəsmilərinin Bakıya gələcəyi gözlənilir.

"Şahdəniz" yatağının işlədilməsi ilə əlaqədar ilk sazişlər Böyük Britaniya Krallığının "Britiş Petroleum" və Norveçin "Statoyl" şirkətləri ilə 1992-ci ilin sentyabrında imzalanıb.

Hasilat platforması quraşdırılması isə 2006-cı ildə sazişlərdən sonra mümkün olub, həmin ilin noyabrında bu platformadan qazılmış quyudan ilk qaz hasil edilib.

Yeni layihə çərçivəsində 16 mlrd. kubmetr həcmində əlavə təbii qaz hasil ediləcəyi gözlənilir.

Bu ilin iyunun 28-də "Şahdəniz" konsorsiumu elan edib ki, ildə 10 mlrd. kubmetrədək "Şahdəniz-2" qazını Yunanıstan, İtaliya və potensial olaraq Cənub-Şərqi Avropadakı müştərilərə çatdırmaq üçün TAP layihəsini seçib.

"Şahdəniz-2"nin işlənməsindən hasil ediləcək ildə 16 mlrd. kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibi ilə keçməklə İtaliyaya qədər 3 500 km-dən artıq boru kəmərləri vasitəsilə çatdırılacaq.

"Şahdəniz-2"dən ilk qazın əldə edilməsi isə 2019-ci ilə planlaşdırılır.