Şahdəniz tərəfdaşları arasında bağlanan müqavilə Azərbaycana "sərf edir"

Şahdəniz
Şəklin alt yazısı, Azərbaycanın Şahdəniz yatağının satışı üzrə 25-illik sazişlər imzalanıb

Şahdəniz-2 layihəsinin tərəfdaşları arasında bağlanan müqavilə Azərbaycana "sərf edir", neft-qaz üzrə İlham Şaban belə hesab edir.

BBC Azərbaycancaya danışan cənab Şabanın sözlərinə görə, Şahdəniz-2 layihəsini investisiya qoyacaq şirkətlərlə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında müqavilənin bağlanmasının Azərbaycan qazının Avropaya nəqli baxımından doğru addımdır.

Cümə axşamı Şahdəniz konsorsiumu elan edib ki, Azərbaycanın Şahdəniz yatağının Mərhələ 2 işlənməsindən hasil ediləcək qazın ildə 10 milyard kubmetrə yaxın olan həcminin satışı üzrə 25-illik sazişlər imzalanıb.

Bu qazı İtaliyada, Yunanıstanda və Bolqarıstanda doqquz şirkət alacaq.

Cənab Şaban BBC Azərbaycancaya deyib ki, 28 milyard dollarlıq bir layihənin bu ilin sonunadək reallaşması gözlənilir.

“Beş ildir ki, davam edən danışıqlarda nəhayət ki, müqavilə imzalandı. Azərbaycan bu illər ərzində 15 şirkət arasında seçim etməli idi və konsorsiumun qərarı düzgündür”.

“Azərbaycan qazı Türkiyə vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstana nəql olunacaq. Buna qədər Balkan ölkələri, Mərkəzi Avropa ölkələrinə qazın nəqli ilə bağlı təkliflər var idi. Amma Azərbaycanın vergiləri və götürə biləcəyi gəlirlər baxımından dəyərləndirmədə bu qərar alınıb”.

Qaz alışı sazişlərini imzalayan alıcılar bunlardır: “Axpo”, “Bulgargaz”, “DEPA”, “Enel”, “E.ON”, “Gas Natural Aprovisionamientos”, “GDF SUEZ”, “Hera” və “Shell”.

ARDNŞ prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, müqavilələr 25 il müddətinə bağlansa da, gələcəkdə vaxtı uzadıla bilər.

“Çoxsaylı Avropa şirkətləri ilə illərdir ARDNŞ-nin rəhbərliyi altında aparılan danışıqların uğurla başa çatmasından məmnunuq. Bu, ölkəmizin tarixində ən böyük qaz satışı sazişləri olmaqla Azərbaycanın nəhəng qaz ehtiyatları ilə Avropa bazarları arasında birbaşa əlaqələrin başlanğıcını qoyur", cənab Abdullayev sazişlər barədə belə deyib.

Sazişlər barədə danışan BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gordon Birrell isə deyib ki, Şahdəniz konsorsiumu "dünya neft və qaz sənayesi tarixində ən böyük qaz satışı sazişlərindən biri olan bugünkü sazişlərin bağlanmasında iştirakından qürur duyur".

10 milyard kubmetr ümumi həcmdən hərəsinə təqribən 1 milyard kubmetr olmaqla Bolqarıstan və Yunanıstanı təchiz etmək niyyətində olan alıcılara, qalanı isə İtaliyanı və ona bitişik bazar mərkəzlərini təchiz etmək niyyətində olan alıcılara ötürüləcək, bu barədə BP məlumat verir.