#BBCAzeriTrending: "Hague, kürü yedikdən sonra susma"

William Hague
Şəklin alt yazısı, Gözlənilir ki, cənab Hague Azərbaycana dekabrın 17-də gələcək

Azərbaycanlı və beynəlxalq ictimai fəallar Böyük Britaniyanın xarici işlər naziri William Hague-in Bakıdakı görüşləri zamanı insan haqları məsələsini qaldırması üçün sosial media kampaniyasına başlayıblar.

Fəallardan biri, İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov BBC Azərbaycancaya deyir ki, kampaniya Twitter sosial şəbəkəsindən fəal istifadə edən Hague-in <link type="page"><caption> profil</caption><url href="https://twitter.com/WilliamJHague" platform="highweb"/></link>ini qeyd etməklə, ona Azərbaycanda siyasi məhbus problemini çatdırmaq və onun bu məsələni İlham Əliyevlə görüşdə qaldırması üçün aparlır.

Kampaniyanın heştəqləri #politicalprisoners və #ilgarmammadov-dur.

"Hague, son seçkilərdə gözlənilmədən ədalətli mövqe nümayiş etdirən Böyük Britaniyanı təmsil edir, həm də o, Bakıya hər gün gələn rəsmi deyil", cənab Cəfərov vurğulayıb.

Cənab Hague Britaniyanın son 17 ildə Azərbaycana səfər edəcək ilk xarici işlər naziridir. Bundan əvvəl, 1996-ci ildə Mühafizəkarlar partiyasından cənab Malcolm Rifkind Bakıya gəlib.

Dekabrın 17-də Bakıya gələcək cənab Hague “Şahdəniz” layihəsinin ikinci mərhələsinin son investisiya qərarının qəbul olunması mərasimində iştirak etməlidir. Həmin gün onun prezident İlham Əliyevlə də görüşü planlaşdırılıb.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi BBC Azərbaycancaya bildirib ki, Xarici İşlər Nazirliyi adətən bu tip Twitter kampaniyalarını diqqətdə saxlayır.

Britaniya Xarici İşlər Nazirliyi isə cənab Hague-in Bakıya gedəcəyini BBC Azərbaycancaya təsdiqləsə də, onun insan haqları məsələsini qaldırıb qaldırmayacağı barədə sualına cavab verməkdən imtina edib.

Çağırışlar

Twitterdə @rasuljafarov yazıb ki, "Nazir @WilliamJHague, xahiş edirəm ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə danışıqlar zamanı siyasi məhbusların azad edilməsini tələb et. Açıq danışmaq vaxtdır".

"Görünməmiş sayda vicdan məhbusu olan Azərbaycana xoş gəlirsən. Xahiş edirəm, bu mövzunu rəhbərliklə danış", @FuserLimon yazır.

"@WilliamJHague, 8 günahsız gənc yalan təqsirlərlə həbsdədir, ümid edirəm, kürü yedikdən sonra susmayacaqsan", @Ulk_A_li isə belə deyib.

Helsinski İnsan Haqları Fondunun prezidentinin müavini @Adbodnar bildirib ki, "Ümid edirəm ki, @WilliamJHague Azərbaycana səfəri zamanı 140-dan çox siyasi məhbus problemini qaldıracaq".

Beynəlxalq və yerli hüquq müdafiəçiləri bildirir ki, Azərbaycanda 9-u jurnalist olmaqda, 142 siyasi məhbus mövcuddur.

Azərbaycan rəsmiləri isə, dəfələrlə ölkədə siyasi məhbus olmadığını və həmin şəxslərin müxtəlif cinayətlər törətdiyini bildirib.