#BBCAzeriTrending: "Əhmədliyə qar da yağmaz"

Cümə axşamı Azərbaycanda ən çox müzakirə olunan məsələ, ölkənin bir neçə hissəsində qarın yağması olub.
#Qar, #snow və hava, ən çox istifadə olunan sözlərdəndir, Azərbaycanda Twitter istifadəçilərinin statistikasını aparan Aztwi saytında deyilir.
"Səhər oyanıb hər yerin qar içində olmasını görmək kimi heçnə insanı uşaqlığına qaytara bilməz. #gəncə #qar" Emin Məmmədov adlı istifadəçi yazıb.
Parvana adlı istifadəçi isə "sevgilisi ilə qartopu oynayanların" ünvanına qarğışlar yazıb. "Ana ataviz görsün sizi həyətdə".
Bəzi istifadəçilər isə qarın yağmaması barədə şikayət ediblər. "Əhmədlinin suya qarşı aqressiyasını başa düşməmişəm heç vaxt. Şəhər dağılır, Allahın qarı da yağmır bura" - Seljan Qurbanova.
"Bu gün qar haqqında yazılan statuslar Heydər Əliyev haqqında yazılan statuslardan çox oldu. Belə qənaətə gəldim ki, xalq qarı daha çox sevir", Nicat Əlicanov belə nəticə çıxarıb.
Hüquqşünas: "Assange məndən üzr istəməlidir"
Wikileaks açıqlamalarında mənbə kimi adı hallanan hüquqşünas Qeysər Qurbanov, Wikileaks təsisçisi Julian Assange-a ünvanlanan Twitter kampaniyası başlayıb.

Cənab Qurbanov deyir ki, dövlət departamentinin Azərbaycanla bağlı sızdırılmış məxfi məlumatlarında adı çəkiləndən sonra, onun insan haqları pozulub və buna görə Julian Assange ondan üzr istəməlidir.
Twitterdə yayılan son məktubda deyilir ki, bu, onun göndərdiyi 12-ci məktubdur.
Qeysər Qurbanovun adının hallandığı sənəd, Azərbaycanda 2008-ci il seçkiləri ərəfəsindəki siyasi durum barədə məlumatlandırmaq üçün yazılıb. Cənab Qurbanov isə ölkədə hakimlərin seçilmə prosesini şərh edib.
"İki yerli vəkil, Elçin Sadıxov və Qeysər Qurbanov, seçilmə prosesini izah ediblər və müşahidə ediblər ki, kağızda yaxşı görünsə də, bu proses hakimlərin Azərbaycan hakimiyyətinə sadiqliklərini yoxlamaq üçün qeyri-rəsmi mexanizmdir", həmin məxfi sənəddə deyilir.
Qeysər Qurbanov sığınacaq almaq üçün ABŞ-a müraciət etdiyini bildirib.
Bu tweetlər çox müzakirə olunur. 10-cu məktubun altındakı şərhlərdən seçmələr:
"Assange səfirlikdə qapalı olduğu halda necə cavab versin?" Chris Barber adlı istifadəçi sual edib.
"Julian Assange heç kimdən üzr istəməli deyil, İsveçrə ABŞ və Britaniya ondan üzr istəməlidirlər!!" Vegan For Life yazıb.




