ARDNŞ Global Witness-i “hüquqi tədbirlər”lə hədələyib

Global Witness təşkilatının hesabatı qeyri-dəqiqdir və məlumatların bir hissəsi köhnəlib, digər hissəsi təhrif edilib, dövlət neft şirkəti deyir.
“ARDNŞ-nin fəaliyyətinə dair ''Global Witness'' təşkilatı tərəfindən …''Azerbaijan Anonymous'' adlı hesabatda biznes-partnyorların seçilməsi ilə bağlı əks olunan bəyanatları mahiyyətcə ARDNŞ-nin dünyada artan nüfuzuna xələl gətirməyə cəhd kimi qiymətləndiririk”, şirkətin saytında yer almış bəyanatda deyilir.
Şirkət Global Witness qarşı hüquqi tədbirlər görmək, o cümlədən “məhkəməyə müraciət etmək hüququnu da özündə saxladığını” bildirib.
Global Witness təşkilatının "Anonim Azərbaycan" adlı çərşənbə günü buraxılmış hesabatında deyilir ki, ARDNŞ qanun çərçivəsində fəaliyyət göstərsə də, onun təcrübəsiz ofşor şirkətlər və kimliyi gizlədilən şəxslərlə əməkdaşlıq etməsi korrupsiyaya yol verə biləcək hallar barədə suallar yaradır.
<span >Holdinqlər
Neft şirkəti cümə axşamı yaydığı bəyanatında deyir ki, onun layihələrinin həcmindən asılı olaraq, partnyorları iri şirkətlər və ya holdinq qrupları olur.
“Bununla yanaşı, müasir praktikada biznesin həyata keçirilməsində ticarət, istehsalat və digər risklərin qarşısını almaq üçün ayrı-ayrı layihələrdə ixtisaslaşmış şirkətlərin təsis olunması tələb olunur. ARDNŞ-nin əməkdaşlıq etdiyi şirkətlərin sayının çoxluğu bununla izah olunur”, bəyanatda deyilir.
Hesabatda Anar Nüsrət oğlu Əliyev adlı şəxsin ARDNŞ ilə əlaqəsi olan “ən azı 48 yüksək mənfəətli sövdələşmədə” iştirak payına malik olması iddia olunur.
“Sual olaraq qalır: necə olur ki, nisbətən gənc, bundan əvvəl tanınmamış sahibkar altı il ərzində dövlət neft şirkətilə 48 sazişdə (iştirak edib)”, hesabatda deyilir.
Anar Əliyev kimdir?
Neft Şirkətinin nümayəndələri BBC Azərbaycancanın bir neçə dəfə verdiyi bu suala cavab olaraq, belə bir adamı <link type="page"><caption> tanımadığını deyiblər</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/12/131209_global_witness_socar_report.shtml" platform="highweb"/></link>.
Ancaq ARDNŞ-nin cümə günü verdiyi bəyanatında Anar Əliyevin "kimliyi" açıqlanır.
Şirkət bildirir ki, “azərbaycanlı iş adamı” Anar Əliyevlə 2000-ci illərin əvvəllərindən əməkdaşlıq edir və bu, peşəkar mütəxəssislərə olan tələbat ehtiyacından irəli gəlib.
“…Anar Əliyevin təklifləri ən səmərəli hesab edildi və sonradan, həqiqətən də, uğurla nəticələndi”, şirkət deyir.
“Belə ki, ARDNŞ-nin ilk treydinq şirkəti olan SOCAR Trading şirkəti (birgə müəssisə) təsis edildi və Anar Əliyevin təşəbbüsü ilə Lukoyl şirkətində rəhbər vəzifədə işləmiş və zəngin təcrübəyə malik Valeriy Qolovuşkin onun rəhbərliyinə gətirildi”.
Şirkət həmçinin bildirir ki, “qısa bir zaman çərçivəsində görülmüş işlər nəticəsində”, Azərbaycan nefti dünya birjalarına ilk dəfə olaraq birbaşa öz brendi altında çıxarıldı.
“Yuxarıda qeyd edilən tərəfdaşların maliyyə yardımı və təqdim etdiyi aktivlər hesabına SOCAR Trading şirkətinin neft bazarları olan dünyanın müxtəlif ölkələrində ixtisaslaşmış şəbəkəsi fəaliyyət göstərir”, şirkət bəyan edir.
Məhkəmə hədəsi
"ARDNŞ-nin fəaliyyətinə dair “Hesabat”da əksini tapmış maliyyə məlumatlarına gəlincə, bildirmək istəyirik ki, biz onları mahiyətcə əsassız, qeyri-düzgün və etibarsız hesab edirik", neft şirkəti bəyan edir.
ARDNŞ hesab edir ki, ''Global Witness'' təşkilatının "qeyri-obyektiv" saydığı hesabatı "məqsədli şəkildə ARDNŞ-nin artan işgüzar nüfuzuna xələl gətirmək" məqsədi daşıyır.
"Bununla yanaşı, ARDNŞ işgüzar nüfuzunun müdafiəsi üçün hüquq prinsiplərinə uyğun olaraq ''Global Witness'' təşkilatına qarşı zəruri hüquqi tədbirlər görmək, o cümlədən məhkəməyə müraciət etmək hüququnu da özündə saxlayır", neft şirkəti bəyanatda qeyd edib.




