EITI: "Ümid edirəm ki, ARDNŞ iddialar barədə tədbir görəcək"

Global Witness təşkilatının "Anonim Azərbaycan" adlı hesabatı çərşənbə axşamı buraxılandan sonra, Azərbaycan Dövlət Neft Şirkətinin fəaliyyəti barədə qızğın müzakirələr olub, onun şəffaflığı sual edilib.
Həmin hesabatda ARDNŞ-nin və dünyada mədən hasilatı ilə məşğul olan digər şirkətlərin şəffaflığını təmin etmək üçün çalışan EITI (Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü) həmçinin kifayət qədər yer alır. Global Witness hesabatda işarə edir ki, EITI effektiv deyil.
BBC Azərbaycanca bu barədə EITI-ın beynəlxalq katibliyinin başçısı Jonas Moberg ilə danışıb.
- Siz bu hesabatı oxuyanda nə düşündünüz?
Məncə Global Witness-in bir çox yaxşı arqumentləri var. Azərbaycan EITI standartlarını yerinə yetirir, amma bu o demək deyil ki, heç bir qüsur yoxdur. Bu o deməkdir ki, onlar bir neçə texniki öhdəliyi yerinə yetiriblər. Soruşa bilərsiniz ki, EITI-ya görə vəziyyət daha yaxşıdır, yoxsa daha pis? Mənim də cavabım o olardı ki, vəziyyət daha yaxşıdır.
- Hansı cəhətdən?
EITI bir sıra sahəyə şəffaflıq gətirib, xüsusən Azərbaycan Neft Fonduna gəldikdə. (EİTİ) bəzən hətta çətin mühitdə islahatlardan keçən (ölkələr) üçün islahat platforması ola bilər. Və son olaraq, bildiyimiz kimi Azərbaycanda vətəndaş cəmiyyəti üçün çətinliklər var. EITI vətəndaş cəmiyyətinə idarəetmə məsələlərində iştirak etmək üçün məkan yaradır. EITI-ın olması, EITI-ın olmamasından yaxşıdır.
- Hesabatdakı iddialar sizi sarsıtdımı?
Əlbəttə ki, bütün bunlar çox narahatedicidir.
- Siz bu narahatlıqları Dövlət Neft Şirkəti qarşısında qaldırmaq niyyətindəsinizmi?
Mən bunu edə bilərdim, amma məncə bu mənim vəzifəm deyil. EITI hakimiyyətlə fəaliyyət göstərən şirkətlər arasında açıqlıq üçün bir standartdır və Azərbaycandakı EITI milli EITI komissiyasına məxsusdur və EITI-nın bu ölkədə necə tətbiq olunması ilə onlar məşğuldurlar. Beləliklə bu məsələləri qaldırmaq məsuliyyətini Azərbaycandakı vətəndaş cəmiyyəti və digərləri daşıyır. EITI-ın beynəlxalq ofisində müxtəlif ölkələr barədə məlumatları təqib etmirik.
- Azərbaycan EITI üzvü olan digər ölkələrlə müqayisədə necədir? Digər ölkələr barədə bu cür narahatlıqlar olubmu?
Bir çox ölkə barədə narahatlıqlar olur. Amma təbii ki, bu iddiaların əsaslı olması sübut olunsa, onlar kifayət qədər ağırdılar. Amma EITI-ın şəffaflıq (standartlarının) tətbiq olunmasına gəldikdə, onlar kifayət qədər yaxşıdırlar.
- Bu il EITI bu yeni qaydalar müəyyən edib. Bu qaydaların tətbiq olunması nə qədər vaxt çəkəcək?
Bəli, bu yay EITI-a üzv olan 41 ölkə EITI-ın fəaliyyətini daha da inkişaf etdirməyə razılaşdılar. Bu, ARDNŞ kimi dövlət müəssisələrinə də aiddir və məlumatdakı hallara da dəxli ola bilər. Onlar ilin sonuna qədər bunu necə tətbiq edəcəkləri barədə məlumat verməlidirlər, və tətbiqolunma gələn illərdə həyata keçiriləcək.
- Bunun üçün tarix verilibmi?
Tarixlər çoxdur (gülür). Plan ilin sonuna qədər təqdim olunmalıdır, tətbiq olunma isə 2014-cü ilin ərzində və bəzi hallarda 2015-ci ildə.
- Azərbaycan EITI-ya üzv olduğuna görə alqışlanır və bəzi hallarda qeyri-şəffaflıq barədə təndiqlərə cavab olaraq EITI-ya üzvlüyünü misal gətirir. Siz buna necə baxırsınız?
Neft Fondu EITI standartlarını tətbiq etməkdə uğurlar əldə edib, amma bu o demək deyil ki, Azərbaycandakı bütün sistemlər yaxşıdır. Əsas narahatlıq, pulun necə xərclənməsidir və bu məsələdə irəliləyişlər edilməlidir. Desələr ki, EITI-ya üzvlük islahatların bir hissəsi kimi istifadə olunur, bununla razıyam. Bundan savayı nəsə deyilsə, ola bilsin ki, (EITI-ın gücünü) şişirdir.
- Sizcə Neft Şirkətilə bağlı iddialar EITI-ın uğursuzluğu deyilmi?
EITI hər şeyə, hər yerdə nəzarət edə bilməz. Hansısa zəiflikləri müəyyən edə bilər və buna nəzarət edənləri istiqamətləndirə bilər. Ona görə yox, düşünmürəm ki, bu EITI-ın zəifliyidir.
- EITI-ın Azərbaycandakı iştirakçılarına hansı tövsiyyə verərdiniz?
- Bunlar çox ciddi və mühüm açıqlamalardır, ümid edirəm ki, onlar bu məsələni ciddiyə alacaqlar. Və (iddialar) doğrudursa, tədbir görəcək, doğru deyilsə, bunu sübut edəcəklər.




