"SOCAR-ın eyni adama bağlı olan şirkətlərlə sövdələşmələr bağlaması tamamilə mümkündür"

Sabit Bağırov
Şəklin alt yazısı, Cənab Bağırov deyir ki, qaydalarda belə sövdələşmələrin qadağan olduğu göstərilmir.

Dövlət Neft Şirkətinin sabiq prezidenti Sabit Bağırov təbii sərvətlər haqqında yaranan münaqişə və korrupsiya halları ilə bağlı araşdırmalar aparan Global Witness qeyri-hökümət təşkilatının hesabatında bir nəfərin, Anar Əliyev adlı şəxsin SOCAR ilə əlaqəsi olan “ən azı 48 yüksək mənfəətli sövdələşmədə” iştirak payı iddialarını şərh edib.

“SOCAR-ın eyni adama bağlı olan şirkətlərlə sövdələşmələr bağlaması tamamilə mümkündür, amma müəyyən suallar doğurur”, o bildirib.

Çərşənbə axşamı Londonda mənzilləşən təşkilatın yaydığı “Anonim Azərbaycan” adlı hesabatında deyilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti(ARDNŞ) qanun çərçivəsində fəaliyyət göstərsə də, onun təcrübəsiz ofşor şirkətlər və kimliyi gizlədilən şəxslərlə əməkdaşlıq etməsi korrupsiyaya yol verə biləcək hallar barədə suallar yaradır.

Cənab Bağırov hesabatda göstərilən bu məsələyə ARDNŞ-nın "hansısa formada" açıqlama gətirəcəyini və bunun beynəlxalq konvensiya hüququna zidd olmadığını deyib.

“Açıqlamanı gözləmək lazımdır. Bu başdan nə demək olar ki, bu şirkətlər bir adama ya beş adama bağlıdır?", o bildirib.

Araşdırma əsasında iddia olunur ki, ARDNŞ bir çox halda "müvafiq tender prosesindən keçməyərək" Anar Əliyev adlı şəxsə məxsus və ya əlaqəli olan şirkətlərlə sövdələşmələr imzalayıb.

"Şirkəti danlaya bilmərik"

Hesabatda Anar Nüsrət oğlu Əliyev adlı şəxsin ARDNŞ ilə əlaqəsi olan “ən azı 48 yüksək mənfəətli sövdələşmədə” iştirak payına malik olması iddia olunur.

Şirkətin mətbuat katibi Nizaməddin Quliyev BBC Azərbaycancaya deyib ki, hesabatda göstərilən məsələlər barədə heç nə bilmir.

“Anar Əliyevin adını bu günə qədər eşitməmişəm və mən heç vaxt elə bir təşkilatla danışmamışam", o əlavə edib.

Şirkətin eks prezidenti ARDNŞ-nın açıqlamasından sonra müəyyən rəyə gəlməyin mümkünlüyünü qeyd edib.

“Yoxsa indidən şirkəti qabağımıza qoyub danlaya bilmərik ki, bu müqavilələri bağlayıb. O qədər elə şirkətlər var ki, belə sövdələşmələr edir", o qeyd edib.

Hesabatda bildirilir ki, Azərbaycan 10 ildir ki, üzvü olduğu Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (EITI) standartlarına əməl etsə də, enerji sənayesnin “digər sahələrində mövcud olan qeyri-şəffaf mühit korrupsiya riskini artırır”, hesabatda deyilir.

Cənab Bağırov deyir ki, qaydalarda belə sövdələşmələrin qadağan olduğu göstərilmir.

EITI

"Mən bu beynəlxalq təşəbbüsün İdarə heyətinin üzvü olmuşam. Ona görə qaydaları bilirəm. Yəni kommersiya şirkətlərindən tələb olunmur ki, bütün kontraktlarınızı açıqlayın, bu təşviq olunan bir şeydir", Bağırov qeyd edib.

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı BBC Azərbaycancaya deyib ki, ARDNŞ-nin EITI-dakı fəaliyyətini "şəffaf deyil".

“Artıq 10 ildir ki, EITI üzvüyəm, amma biz bilmirik Dövlət Neft Şirkəti nə qazanır, nə ödəyir. Azərbaycan EITI-a uyğun fəaliyyət göstərmir”, o əlavə edib.

Xanım Qəhrəmanlının sözlərinə görə, Azərbaycan hesabatda qeyd olunan məsələlərlə bağlı EITI çərçivəsində hesabatını 2016-cı ildə açıqlamalıdır.

“Amma neft hasilatı yüksək sürətdə azaldığı halda 2016-cı ilə qədər açıqlamağa heç nə qalmayacaq”, o qeyd edib.

Global Witness dövlət neft şirkətinin məhz bu fərdi şirkətləri nə üçün seçdiyini sual edir: “ARDNŞ-nin bu sövdələşmədəki partnyorlarının tanınmış beynəlxalq şirkətlər deyil, sahibliyi qeyri-şəffaf olan gizli ofşor varlıqlar olması, bunun məqsədləri barədə narahatlıqlar doğurur”.

"Məcburi deyil"

Şirkətin keçmiş prezidenti hökümətin digər şirkətlərlə bağladığı kontrakları açıqlamasının məcburi olmadığını deyir.

"O ki qaldı mülkiyyətçi hüququna, ona dair açıqlamalar verilməlidir ki, dövlət şirkətinin benefisiarları kimdir. Bizim şirkətin benefisiarı dövlətdir", deyə əlavə edib.

Beş il bundan sonra ARDNŞ SOCAR Trading S.A.-nin qalan 50 faizini həmin fərdi şirkətlərdən, satdığı qiymətdən qat-qat yüksək qiymətə alıb, hesabatda iddia olunur.

“Heritage səhmlərini $5 milyona almışdı, Renfrel isə $1.25 milyona. ARDNŞ isə Heritage-dan səhmləri $103 milyona, Renfrel-dan isə $30 milyona alıb".

“Beləliklə Socar Trading S.A.-nin 100 faizinə sahib olsa da, bunu nəzərə alandan sonra görünür ki, beş il ərzində ARDNŞ cəmi $48.5 milyon gəlir əldə edib. […] O zaman Anar Əliyevə məxsus olan Heritage 118 milyon, Renfrel isə $33.75 milyon gəlir əldə ediblər”.

Bu iddiaları şərh edən Bağırov deyib ki, bunu müəyyən etmək üçün kontrakta baxmaq lazımdır.

"Yoxsa kimsə nəsə yazıb ona əsasən nəsə demək olmaz. Mən kontrakta baxandan sonra deyə bilərəm ki, burda hansısa şübhələr var", o söyləyib.