Nelson Mandelanın vəfatına Azərbaycandan reaksiyalar

Cənubi Afrika Respublikasının sabiq prezidenti, dünyanın ən hörmətli siyasi xadimlərindən biri hesab edilən Nelson Mandelanın vəfatından sonra onun haqqında fikirlər paylaşılmaqdadır.
BBC Azərbaycanca Azərbaycan siyasətçiləri, rəsmiləri və tanınmış şəxslərinin Nelson Mandelanın ölümünə şərhlərini təqdim edir.
Politoloq Zərdüşt Əlizadə deyib ki, sovet mətbuatında Mandelanın adı "mətin kommunist" kimi tanınırdı.
"O mətanəti ilə artapeid rejiminin süqutunu yaxınlaşdırdı. Amma intiqam hissini unutdu, ağlar və qaralar arasında barış yaratdı. Bəşəriyyətin xatirəsində sınmaz bir insan kimi qalıb və onun ölümü bütün bəşərriyyəti təəssüfləndirdi, çünki sağ olanda deyirdik ki, belə işıqlı insan var".
Tarixçi Altay Göyüşov üçün Nelson Mandela "lider simvolu"dur.
"Hələ uşaq vaxtından onun haqda eşidirdik. Eşidirdik ki, o irqçiliyə qarşı mübarizə aparır və buna görə ona rəğbət hissi vardı"
Cənab Göyüşov deyir ki, onun onilliklərlə həbsdən sonra, azadlığa çıxıb prezident olması simasında "bəşəriyyət dərin bir ədalətin şahidi olub", çünki bu proses "çətin və ağrılı olsa da, Mandela öndə gedirdi.
"Bu mübarizədə dünya liderlərin rolunu dərk etdi” deyən Göyüşov bildirir ki, Mandelanın siyasətdən özünün getməsi onun “dəyərlərinin siyasi ambisiyalarından üstün olduğunu” göstərib.
“Onun davası siyasi olsa da, o ideallar uğrunda mübarizə aparırdı”.
Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib ki, dünya miqyasında tanınan Nelson Mandelanı Azərbaycanda da "yaxşı tanıyırlar".
"Nelson Mandela dünyada tanınmış şəxsiyyət idi. O qaradərililərin diskriminasiyasına qarşı mübarizə aparıb və azadlıq simvolu olub. Onun mübarizəsi istənilən nəticəni verib və qaradərililər hakimiyyət orqanlarına seçilmək hüququ əldə ediblər".
Müxalifət koalisiyası Milli Şuranın sədri Cəmil Həsənli Nelson Mandelanı "böyük mübariz insan" kimi tanıdığını deyir.
"Mandela insan haqları, diskriminasiyaya qarşı mübazirədə böyük tarix yazmış insandır. Cənubi Afrika Respublikası xalqının haqqı uğrunda mübarizə aparıb. O tarix içində yaşadı və tarixdə də qalacaq", cənab Həsənli bildirib.
Hökümətyönlü deputat Vahid Əhmədovun sözlərinə görə, Nelson Mandelanı "müsbət bir insan kimi" xarakterizə edir.
"Bu insan mübarizə aparan olub, mən onu sülh carçısı kimi tanımışam və bütün çıxışlarını, fikirlərini izləmişəm. O, CAR xalqının azadlığı və firavan həyatı uğrunda böyük işlər görüb".
Musavat partiyası Divanı və partiya lideri İsa Qəmbərin yaydığı nekroloqda deyilir ki, Nelson Mandelanın əziz xatirəsi bütün tərəqqipərvər bəşəriyyət tərəfindən ehtiramla yad ediləcək.
Dekabrın 5-də Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandela 95 yaşında vəfat edib.
Sosial şəbəkələrdə reaksiyalar
Sosial şəbəkələrdə Cənubi Afrika liderinin vəfatı ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
“Təki Nelson kimi prezidentimiz olardı indi dünyanin ən xoşbəxt milləti idik”, Elnur Hüseynzadeh Facebook-da yazır.
Ruslan Huseynov belə bir şərh yerləşdirib: “Görəsən hansı müxalifət liderimiz xalqına, ideyalarına görə 27 il demirem 2 il 7 ay yatar?? (bu parafraz olundu)”.
Jamellia G-Zadeh Mandelanın güclu mənəviyyata sahib insan olduğunu bildirir.
“Azadlıq uğrunda daim mubarizə apardı. İdeal humanist, insan, Allah rəhmət eləsin”.




