Mandelanın vəfatı - yas mərasimləri davam etdirilir

Yohannesburqda Nelson Mandelanın xatirəsi yad edilməkdədir. Eyni zamanda Cənubi Afrika gələn həftə keçiriləcək dəfn mərasimlərinə hazırlaşır.
Yas tutan kütlə sabiq liderin evi qarşısında onun xatirəsini rəqs və mahnılarla yad edir.
Mandelanın vəfatı ilə bağlı xəbərdən sonra dünyanın müxtəlif ölkələrindən Cənubi Afrika xalqına başsağlığı bildirilir.
Prezident Barack Obama deyib ki, Mandela şəxsi azadlığını xalqın azadlığı yolunda qurban verən siyasi xadimlərdən olub.
ABŞ liderinin sözlərinə görə o Mandelanın misalı olmadan şəxsi həyatını təsəvvür edə bilməz.
Britaniya kraliçası Mandelanın vəfatı ilə bağlı xəbərindən “dərin kədərləndiyini” bildirərək mərhumun ailəsi və Cənubi Afrika xalqına başsağlığını bildirib.
Şahzadə William isə Nelson Mandelanı "çoxlarını ilhamlandıran qeyri-adi adam" adlandırıb.
BMT-nin baş katibi Ban Ki-Moon Mandelanın dünya boyu qeyrət, bərabərlik və azadlıq uğrunda mübarizə aparanların həyatına təsir etmiş nəhəng şəxsiyyət olduğunu bildirib.
Azərbaycan prezidenti İlham Əliyev Nelson Mandelanın vəfatı ilə bağlı Cənubi Afrika liderinə başsağlını bildirib.
“Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, Cənubi Afrika Respublikasının xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm", AzərTAc-da Jacob Zumaya ünvalanan məktubdan iqitibas gətirilir.
Mandelanın vəfatı ilə bağlı bir çox ölkələrdə dövlət bayraqları endirilib.
Nelson Mandela Yohannesburqda öz evində ailə üzvlərinin əhatəsində dünyasını dəyişib. İki gün bundan əvvəl onun qızı Makazive Mandela atasının can üstündə olduğunu bildirmişdi.
Üç ay xəstəxanada yatdıqdan sonra o, ağciyər infeksiyasından evdə tibbi müalicə alırdı.
Cənubi Afrikanın milli televiziyası ilə çıxışında cənab Zuma deyib ki, cənab Mandela “yola düşüb” və sakitlikdə uyuyur.
”Xalqımız öz böyük oğlunu itirdi”, cənab Zuma deyib.
O Mandelanın dövlət törənilə dəfn olunacağını və bayraqların yarıyadək endiriləcəyini bildirib.
BBC müxbirləri deyir ki, cənab Mandelanın cəsədi Pretoriada morqa yerləşdiriləcək, dəfn mərasimi isə şənbə günü baş tutacaq.
Nobel sülh mükafatı laureatı dünyanın ən hörmətli dövlət adamlarından biri idi. 27 il həbsdə yatmasına baxmayaraq o hər zaman sülh və barışığı təbliğ edirdi.
2004-cü ildə təqaüdə çıxdıqdan sonra o, ictimaiyyət qarşısına çox az çıxıb.




