Gülər Əhmədova: “Mən sizin bildiyiniz adamam, cənab prezident...”

Ağır Cinayətlər Məhkəməsi sabiq deputat <link type="page"><caption> Gülər Əhmədova</caption><url href="http://www.bbc.co.uk/azeri/topics/gulargate/" platform="highweb"/></link>ya hökm oxunub və o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə xanım Əhmədovanın təqsirinin təsdiqini tapdığını bildirib. Hökm çıxarılarkən bütün yüngülləşdirici hallar nəzərə alınıb.
Prosesi müşahidə edən BBC Azərbaycancanın müxbiri Nailə Abdiyevanın məlumatına görə, prosesin birinci hissəsində halsız görünən sabiq deputat oturaq halda "son söz"lə çıxış edib və ona yönəlik ittihamların "əsassız" olduğunu və azadlığa çıxmaq istədiyini deyib.
“İttiham aktında sübutlar heç bir hüquqi müstəvidə sübut olunmayıb”, o bildirib.
Vəkil Əfsər Talıbov prosesin əvvəlində qısa çıxış edib və Əhmədovanın prezident İlham Əliyevə teleqramla göndərilən müraciətinin cinayət işinə əlavə olunmasını istəyib.
“Gülər Əhmədova dövlətə, Heydər Əliyev və İlham Əliyevə sədaqətli olub və prezidentə yazdığı məktubda sədaqətini göstərib”.
Son söz
Çıxış edən sabiq deputat "son sözü" ifadəsi əsasında yazdığını və bir dəfə istintaqa ifadə verdiyini deyib.
“İşin gedişatına bəzi məsələlər daxil olmayıb. Bunlardan biri, Elşad Sevinc arasında olan telefon danışığının audio yazısıdır ki, orda aydın deyir ki, “Mən Gülərə yox, Sevincə vermişəm pulu”.
Xanım Əhmədova “Sevinc birdən-birə 2006-cı ildə necə varlandı” sualını cavablandırıb və bildirib ki, “pulun alış verişi Sevinc Babayeva və Elşad Abdullayev arasında olub”.
“İş bu qədər sadəykən Elşad Abdullayevin qurama videosunun üzərində hay-küy düşdü. Elşad necə deputat olmağa hazırlaşırdı ki, seçki marafonunda 40 gün Dubayda olub. O, nə deputat seçilmək istəyirdi, nə də bunun üçün çaba sərf edirdi”, o əlavə edib.
"Gülərqeyt" qalmaqalında adı vasitəçi kimi hallanan Sevinc Babayeva videolar yayılandan sonra Türkiyəyə gedib. Ötən ilin 26 dekabr tarixində Türkiyədə, İstanbulun Medicana International xəstəxanasında vəfat edib.
Hazırda Fransada mühacirətdə olan Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin mayoru - Mahir Abdullayevnın 13 oktyabr 2003-cü ildə oğurlandığını və indiyədək ailəsinə qaytarılmadığını deyir.
Azərbaycan Beynəlxalq Universiteti 1997-2010-cu illərdə Bakıda fəaliyyət göstərib.
Elşad Abdullayev dindindirilməsi barədə vəsatətlərin təmin olunduğunu deyən xanım Əhmədova adı çəkilən şəxsin yaşadığı ünvanları və telefonlarının məlum olduğunu qeyd edib.
Mənə deyiblər ki..
“Sevincin də yeri məlum idi. Bəs onu niyə sağ ikən dindirməyiblər”, o sual edib.
Sabiq deputat deyib ki, Türkiyədə vəfat edən Sevinc Babayevanı vəkillə təmin edib və bu, "qəbahət deyil".
“Sevinc Türkiyəyə gedəndə rəhbər vəzifədə olub. Bu adama stop qoyulmayıb”, o əlavə edib.
Xanım Əhmədova deyib ki, “yeganə günahı hamıya inanması olub”.
“Hər kəs özünü mənim yerimə qoysun. Vəzifədə olan adamın ağlına gəlməz ki, onun yanına xahişə, minnətə gələn adam, bu halda Sevinc, hansı biabırçı oyunlardan çıxa bilər”.
İlkin ifadəsinin dəyişildiyini iddia edən Gülər Əhmədova deyib ki, “mən heç bir yerdə deməmişəm ki, pul almışam və ya ötürmüşəm”.
“Elşad Abdullayevin videosu başdan ayağa quramadır” bildirən sabiq deputat deyib ki, Abdullayev videonu gizli çəkdiyini dediyi halda cinayət işi düzgün aparılmayıb.
“Çünki gizli yolla sübutlar əldə olunub və bu Konstitusiyaya ziddir. Mənə deyiblər ki, həbsdə qalacaqsan və səni orda öldürəcəklər”, o qeyd edib.
"Mən dələduz deyiləm, cənab prezident"
Xanım Əhmədova deyib ki, Elşad Abdullayevin zərərçəkmiş kimi tanınmaması, mülki iddiasının təmin olunmaması və ona qarşı rüşvətə cəhd maddəsi ilə cinayət işi açılması nə zamansa onun barəsində ədalətli qərarın çıxarılacağına ümid yaradır.
Sonda prezidentə müraciət edən sabiq deputat deyib ki, zaman gələcək və bu iş bəraətlə nəticələnəcək.
“Mən dələduz deyiləm, cənab prezident. Mən sizin bildiyiniz adamam və həmişə Heydər Əliyev siyasi kursuna sadiqəm, bu mənim əqidəmdir. Zaman gələcək və günahsız olduğumu siz də biləcəksiniz”, o qeyd edib.
Gülər Əhmədova fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra, fevralın 13-də həbs olunub.
Xanım Əhmədova deputat mandatından imtina edib. Məhkəmə iki dəfə sabiq deputat haqda həbs-qətimkan tədbirinin uzadılması haqda qərar verib.
Sabiq deputat Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib.




