Gülər Əhmədovaya bəraət istənilir

Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın işi üzrə keçirilən prosesdə vəkil müvəkkilinə bəraət istəyib.
BBC Azərbaycancanın müxbiri xanım deputatın məhkəmədə halsız olduğunu müşahidə edib.
Vəkil Əfsər Talıbov müdafiə çıxışında xanım Əhmədovaya qarşı irəli sürülən bütün ittihamların əsassız və dəlillərin saxta olduğunu bildirib.
“Cinayətin obyekti olan pul ortada yoxdur. Üç dəfə millət vəkili seçilmiş, iqtidarın yolunda canını qoymuş qadını necə 10 ay həbsdə saxlamaq olar? Gülər Əhmədovanın həbsi üçün bir dənə də sübut yoxdur”, vəkil bildirib.
Cənab Talıbov Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin sabiq deputata şər atdığını deyib.
“Əgər Elşadda Gülər xanımın ondan pul almasını göstərən video olsaydı o, bu görüntüləri çoxdan çıxarmışdı. Necə olur ki, 9 il ərzində bir dəfə də olsun Elşad Abdullayev Gülər xanımın ondan pul alması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyib?”, o əlavə edib.
Vəkil məhkəməyə sübut kimi təqdim olunan videoda 1 və 500 rəqəmlərinin səsləndirildiyini, amma bunun qeyri-dəqiq və anlaşılmaz olduğunu bildirib.
“Möhtərəm hakim, Elşad hüquqşünasdır, mən də hüquqşunasam və bilirəm rüşvət necə alınıb-verilir. Siz də bilirsiniz”, cənab Talıbov belə deyib.
“Ağsaqqal, bizə onun dərsini keçməyiblər", hakim Əlisoltan Osmanov cavab verib. "Biz bilmirik rüşvət necə alınıb-verilir”.
Əfsər Talıbov xanım Əhmədovaya qarşı Cinayət Məcəlləsinin 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddəsi ilə irəli sürülən ittihamın əsassız olduğuna görə işdən çıxarılmasını istəyib.
"Çünki həmin maddəyə əsasən, Gülər Əhmədova Sevinc Babayevanı Türkiyədə gizlətməsi üçün Səlcuq Ağlayanla cinayət əlaqəsinə girib".
Lakin Türkiyə məhkəməsi tərəfindən Səlcuq Ağlayan bəraət alıb", o əlavə edib.
Günün ikinci yarısında davam edən məhkəmədə vəkil sabiq deputatın əməlində cinayət tərkibinin olmadığını deyib.
Cənab Talıbov hakimlər heyətindən cinayət işinə xitam verilməsini və bəraət hökmü çıxarılmasını istəyib.
Xanım Əhmədova son sözlə çıxış etmək üçün hazır olmadığını bildirib və hakimdən onu müayinə etmək üçün yaxşı həkim təyin etməsini istəyib.
Sabiq deputat məhkəmədən vəkilin yanında oturmaq üçün icazə istəyib.
Məhkəmə dekabrın 2-dək təxirə salınıb.
<link type="page"><caption> Gülər Əhmədova</caption><url href="http://www.bbc.co.uk/azeri/topics/gulargate/" platform="highweb"/></link> fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra, fevralın 13-də həbs olunub.
Xanım Əhmədova deputat mandatından imtina edib. Məhkəmə iki dəfə sabiq deputat haqda həbs-qətimkan tədbirinin uzadılması haqda qərar verib.




