Prokuror Gülər Əhmədovaya 4 il iş istəyib

Sabiq deputat Gülər Əhmədovanın işi üzrə məhkəmə istintaqı yekunlaşıb və prokuror ona dörd il iş kəsilməsini istəyib.
Ağır Cinayətlər üzrə Məhkəmədə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Həmzəyev deyib ki, xanım Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirlidir, APA məlumat verir.
“Onun himayəsində azyaşlı uşaq olması, ictimai fəaliyyəti, parlamentin üç çağırış deputatı olması yüngülləşdirici hal kimi nəzərə alınmalı, həmçinin vurulan maddi ziyanın məbləği məhkəmə tərəfindən müəyyən olunmalıdır.
“Təqsirləndirilən şəxs cəzasını həbsdə çəkməlidir”, agentlik prokurordan sitat gətirib.
Sabiq deputatin vəkili Əfsər Talıbov məhkəmədən çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Prosesin birinci yarısında Gülər Əhmədova hakimin videolara məhkəmədə baxılması ilə bağlı təklifinə münasibət bildirərək deyib ki, videonun əslinə baxmaq istəyir.
“Ekspertiza rəyində deyilir ki, sinxronluq pozulub. Əsli deyil. Bir formatdan digərinə keçirilib. Daha sonra isə deyirlər ki, bu montaj deyil. Məgər montajın buynuzu olur?”, Qafqazinfo saytı sabiq deputatdan sitat gətirir.
Vəkil Əfsər Talıbov məhkəmədə deyib ki, ekspertiza videoların tam olmadığını sübut edib.
“Elşad Abdullayev qayınatasına məxsus ofisdən qeyri-qanuni istifadə edib. Eyni zamanda müşahidə kameralarından qeyri-qanuni olaraq səsyazma vasitəsi kimi istifadə olunub”, vəkil əlavə edib.
Gülər Əhmədova məhkəmə istintaqının üzü köçürülmüş videoya əsasən aparılmasına etiraz edib və bunun prezidentin fərmanının pozulması olduğunu deyib.
“Ölsəm də, üstündən 10 il, 20 il keçsə də bunu qəbul etməyəcəm. Heç bir miyon pul verən oğlan yeddi il oturub gözləyər? Yeddi ildə bir dəfə qapımı döyməyib. Çünki, Elşad da, Sevinc də yaxşı bilirdi ki, o pullar hardadır”, sabiq deputat əlavə edib.
Növbəti məhkəmə prosesi noyabrın 21-də davam edəcək.
Gülər Əhmədova fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra, fevralın 13-də həbs olunub.
Xanım Əhmədova deputat mandatından imtina edib. Məhkəmə iki dəfə sabiq deputat haqda həbs-qətimkan tədbirinin uzadılması haqda qərar verib.




