Facebookda tənqidə görə Azərbaycanda ilk cəza

Azərbaycanda ilk dəfə məhkəmə sosial şəbəkədə keçmiş iş yerini tənqid etdiyinə görə bir şəxs haqqında cəza qərarı çıxarıb.
Yazdığı tənqidlərə görə, aylıq qazancının 20 faizini dövlətə verməklə, bir il müddətinə islah işləri və Facebook sosial şəbəkəsində təkzib vermək cəzası alan Mikayıl Talıbov özünü təqsirli hesab etmir.
“Məhkəmədə də dedim, mən fikirlərimə görə özümü günahkar hesab etmirəm”, Talıbov BBC Azərbaycancaya deyib.
Bu, Milli Məclisin may ayında İnternetdə təhqir və böhtanla bağlı Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə edilən <link type="page"><caption> dəyişiklərdən</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/05/130513_defamation_change.shtml" platform="highweb"/></link> sonra ilk hadisədir.
Maliyyə çətinliyi üzündən apellyasiya şikayəti vermək niyyətində olmadığını deyən Talıbov məhkəmənin işi “yaxşı araşdırmadığını" iddia edir.
“Səhifəni mən yaratmışam, amma orada mənim paylaşmadığım fikirlərə görə də mən təqsirli sayılmışam”, Talıbov vurğulayır.
Talıbovun sabiq iş yerini özünün yaratdığı “Accessbank – Haqsızbank” səhifəsində tənqid edib.
Məhkəmə bu səhifədə yazılan bəzi ifadələri böhtan məzmunlu hesab edib.
Bank isə yazılanları “defamativ” sayaraq Talıbovu məhkəməyə verib.
Astara Rayon Məhkəməsində CM-in 147.1 maddəsinə əsasən baxılan işi ittihamçı “Facebookdan çıxarış mətnləri çərçivəsində araşdırıb”, Media Hüququ İnstitutu bildirir.
Məhkəmə hökmünü pisləyən MHİ bildirib ki, bu, Azərbaycanın "demokratik dövlət olduğunu, məlumat və ifadə azadlığının müdafiə olunduğunu bəyan edən Konstitusiyanın mahiyyətinə ziddir".
Qurum həmçinin, "Defamasiya haqqında” Qanunun təcili qəbul edilməsinə çağırıb.
Bu Qanunun qəbulu Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olduğu 2001-ci ildən bəri gözlənilir.
Rəsmilər ara-sıra vətəndaşların bu qanuna hazır olmadığını bildirsə də, son məlumatda Venesiya Komitəsinin qanun layihəsinə baxış keçirdiyi və Prezident Administrasiyası ilə danışıqlar apardığı bildirilib.




