Facebook və açıq portallarda "böhtan və təhqir" cinayətdir

Milli Məclisdə böhtan və təhqir maddələrinə "İnternet" sözü sabah qəbul edilə bilər.
Şəklin alt yazısı, Milli Məclisdə böhtan və təhqir maddələrinə "İnternet" sözü sabah qəbul edilə bilər.

Azərbaycan Parlamenti İnternetdə böhtan və təhqirə görə cinayət məsuliyyəti yaradan "Cinayət Məcəlləsi"nə əlavələri təsdiq edib.

Bununla da, İnternetdə, xüsusilə Facebook sosial şəbəkəsi və digər ictimai portallarda istifadəçilər yazdıqlarını digər insanlara "açıq" qoyduqları zaman "təhqir və böhtan yazanlar" cinayət məsuliyyətinə cəlb olunacaq.

Dəyişikliklərin qəbul edilməsi barədə məlumat verən deputat Əli Hüseynli deyib ki, mətbuatda təhqir və böhtana görə məsuliyyət nəzərdə tutulursa, internetdə təhqir və böhtan da bu maddənin təsiri altına düşməlidir.

Əlavələrin əleyhinə danışan deputat Qüdrət Həsənquliyev yeniliyi "anlaşılmaz" adlandırıb.

“Biz sivil dünyanın bir hissəsinə çevrilirik. Bir neçə il əvvəl fərqli düşünsəm də, hesab edirəm ki, artıq deffamasiya ilə bağlı qanunu qəbul edə, Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələrini ləğv edə bilərik”.

Parlamentin vitse-spikeri Ziyafət Əsgərovsa "Azərbaycan cəmiyyətinin buna hazır olmadığını" deyib.

Onun sözlərinə görə, Avropa Birliyinə daxil olan ölkələrin hamısında “Deffamasiya haqqında” qanun yoxdur.

“Yaxşı qanundursa, Avropa Birliyi bizə nümunə göstərsin də. “Deffamasiya haqqında” qanun bizim Avropa Şurası qarşısında öhdəliyimiz deyil. Sadəcə bizə bunu təklif ediblər"

Deputat Çingiz Qənizadəyə görə, məsələni "siyasiləşdirmək" lazım deyil.

Tənqidçilər isə əlavələrin Azərbaycanın Avropa Şurasına daxil olarkən götürdüyü öhdəliklərə zidd olduğunu və prezidentin 2012-ci il üçün Milli Fəaliyyət Planında “Defamasiya haqqında” Qanunun qəbulu barədə sərəncamı ilə üst-üstə düşmədiyini deyir.

Qanun nə üçün dəyişdirilir?

“Burada söhbət kiminsə tutulmasından yox, insanların şərəf və ləyaqətinin qorunmasından gedir. Bu gün İnternetdən istifadə etməklə insanlar kifayət qədər yazışmalar edir, saytları var, müsahibələr verir, fikirlər öz əksini tapır. Lakin bu o demək deyil ki, bu elektron vasitələrdən və ya KİV-dən istifadəylə kiməsə qarşı təhqir və böhtana yol verilməlidir”, Qənizadə deyir.

Layihəni Baş Prokurorluğun Hüquq Təminatı və İnformasiya İdarəsi hazırlayıb.

Baş prokurorluğun mətbuat xidməti əlavələrin hansı zərurətdən irəli gəldiyini BBC Azərbaycancaya açıqlamayıb.

Yerli mediaya verilən açıqlamada isə bildirilib ki, məqsəd, "hər hansı bir şəxsə qarşı əməllər internet informasiya ehtiyatında kütləvi nümayiş etdirildiyi halda, şəxsin böhtan və ya təhqirə məruz qalmasını cinayət məsuliyyəti yaradan hal kimi aydın göstərmək, onun azadlığı və ləyaqətini qorumaq və bu hüquq pozuntularının qarşısının alınmasının təmin olunmasıdır".

Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağaliyevin sözlərinə görə, İnternetin də media vasitəsi sayıldığı “KİV haqqında” Qanunda böhtan və təhqirə görə məsuliyyət nəzərdə tutulub.

“İnternetin KİV sayılması məsələsi də mübahisəlidir, çünki orada nəzərdə tutulmur ki, İnternetin hansı qolu mediadır, amma indiki əlavələr daha yayqındır”.

Qanuna "sadəcə əlavə" edildiyini deyən deputat Qənizadə isə təhqir və böhtan yayanlar sırasına jurnalistləri də əlavə edib.

“Təəssüf ki, bu gün Azərbaycanda istənilən jurnalist istənilən şəxs haqqında nə istəyirsə, yaza bilər, təhqir edə bilər, ictimaiyətdə onun nüfuzuna xələl gətirə bilər və sadəcə bir ay, ay yarım sonra qısaca yazar ki, filan məsələni dəqiqləşdirdik, həqiqətə uyğun deyil. Bununla da ötüşmüş olur. Belə deyil axı. İnsanların işgüzar nüfuzu var, şəxsiyyəti var, ləyaqəti var”.

Qanun layihəsinin qəbuluna etiraz edən vətəndaş cəmiyyəti və jurnalist təşkilatları isə, əlavələrə "xüsusi zərurət" olmadığını deyir və bu halı “söz azadlığının pozulması” kimi qiymətləndirir.

"Geri addım"

“Defamasiya haqqında” Qanuna görə, “böhtan” və “təhqir” maddələri Cinayət Məcəlləsindən çıxarılmalı idi, belə geri addım gözləmirdik”, Xalid Ağaliyev bildirib.

Hazırda Venesiya Komitəsi “Defamasiya haqqında” Qanun layihəsinə baxış keçirir və Prezident Administrasiyası ilə danışıqlar aparır.

Qanunun qəbulu isə Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olduğu 2001-ci ildən bəri gözlənilir.

Deputat Qənizadə isə, əlavələr təkrarçılıq "olsa da, olmasa da" onların genişləndirildiyini deyir.

"Əvvəl məlumat təkzib edilərkən tərəflər deyirdi ki, qanun İnternetdə bunları nəzərə almır, boşluq var idi, doldurulur, şərhi normal verilir və burada hər hansı söz azadlığının pozulmasından söhbət gedə bilməz".

"Özünü senzura"?

Digər narazılıq isə, İnternetdə böhtan və təhqirə görə cinayət məsuliyyətinin nəzərdə tutulmasıdır.

Çünki bu, insanlarda və jurnalistlərdə “özünü-senzura” yaradacaq.

“Avropa Məhkəmələrinin təcrübəsini götürsək, bu, istənilən halda ifadə azadlığının pozulmasıdır və bu qanuna görə kimsə həbs olunsa, Avropa Məhkəməsi ifadə azadlığının pozulması hesab edəcək və dövləti cərimələyəcək”.

Bu səbəbdən narazı tərəf defamasiyaya görə, mülki məcəllənin tətbiq edilməsini istəyir.

İndiki halda isə, “təhqir” maddəsinə görə, ən az cəza 300-1000 manat, ən ağır altı aya kimi həbs, “böhtan” üçünsə 100-500 manat və üç ilədək həbs cəzası nəzərdə tutulur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi qanuna dəyişikliyi aprelin 30-da müzakirə edib.

Yeni qanun layihəsi isə Parlamentə Baş Prokurorun imzası ilə gəlib.