Monitorinqçilərin monitorinqi

Şərqi Avropa Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumundan Krzysztof Bobinskinin EuropeanVoice.com (European Voice qəzetinin saytı) internet saytındakı məqaləsində Avropa İttifaqının Şərq Tərəfdaşlığına daxil iki ölkədə keçiriləcək prezident seçkilərindən danışılır.
Bunlar Gürcüstan və Azərbaycandır.
Müəllif yazır ki, European Voice qəzeti son vaxtlar bu iki ölkədə bu payız keçiriləcək prezident seçkilərinin siyasi həssaslığı məsələsinə bir neçə yazı həsr edib.
Bu yazılarda seçkilərə hazırlığın ilk mərhələsilə bağlı narahatlıqlar ifadə olunub.
Seçkilər yüksək peşəkarlığa malik ATƏT və onun Demokratik Təsisatlar və İnsan Haqları Ofisi də daxil olmaqla, yerli və beynəlxalq müşahidəçi qrupları tərəfindən monitorinq ediləcək.
Bu qruplara, həmçinin Avropa Şurasının və ATƏT-ə daxil ölkələrin parlament assambleyaları da daxildir.
Yazıda xatırladılır ki, Avropa Parlamenti Azərbaycan seçkilərini müşahidə etməyəcək, lakin Gürcüstana səfər edəcək.
Krzysztof Bobinski yazır ki, Avropa İttifaqının Şərq Qonşuluğuna daxil ölkələrdə bir çox seçkilər Avropa standartlarına cavab verməyib.
Onun fikrincə, məhz buna görə də sadə seçicilər, Şərqi Tərəfdaşlıq Vətəndaş Cəmiyyəti Forumuna daxil yerli QHT-lərin fəalları beynəlxalq müşahidəçilərin, xüsusilə də parlament assembleyalarının monitorinqinə və seçkiləri ədalətli qiymətləndirməsinə ciddi diqqət yetirəcəklər.
"Əgər seçkilərə ədalətli qiymət verilməsə, parlament qurumlarına etimad süqut edəcək və demokratik təcrübəyə verilən dəstək aşınacaq".
Müşahidəçilər
Müəllif yazır ki, elə indinin özündə qarşılıqlı etimad tənəzzülə uğrayıb. Məsələn, ötən fevral ayında Ermənistanda nümayiş keçirən etirazçılar ATƏT-i, Avropa Parlamentini və AŞPA-nı seçkiləri qərəzli qiymətləndirməkdə ittiham edirdilər.
Avropa Parlamentinin Azərbaycana <link type="page"><caption> gəlməmək qərarı</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/07/130712_eu-pa_election_monitoring.shtml" platform="highweb"/></link> vətandaş haqları fəallarının "ciddi narahatlığına səbəb olub".
Bobinski yazır ki, Azərbaycan və Gürcüstana göndərilmək üçün hazırlanan müşahidəçi qrupları ədalətli və vicdanlı, həmçinin gördüyünü deməkdən çəkinməyən siyasətçilərdən tərtib olunmalıdır.
Ötən il Avropada Stabillik Təşəbbüsü (ESI) qrupunun “Kürü diplomatiyası” adlı hesabatı AŞPA-nı Azərbaycanda 2010-cu il prezident seçkilərindəki pozuntular barədə natamam hesabat verməkdə günahlandırırdı.
Müəllif yazır ki, əgər AŞPA Azərbaycanda bu dəfə də uğursuzluğa düçar olsa, bu əsl faciəyə çevrilə bilər.
Məqalədə qeyd olunur ki, Gürcüstanda bir narahatlıq da var. Burada parlament müşahidəçiləri seçkidə mübarizə aparan partiyalarla daha çox müttəfiqlik edirlər. Öz partiyalarına sədaqət belə müşahidəçilərin ədalətli seçkilərə nail olmaq istəklərinə zərbə vura bilər.
Yay tətilindən az sonra AŞPA bu iki seçkiyə göndərəcəyi 30 müşahidəçini seçəcək. Bundan sonra Avropa Parlamentindən və ATƏT-in Parlament Assambleyasından nümayəndələr seçiləcək.
Seçkilərin nə dərəcədə ədalətli keçirildiyinə düzgün qiymət verilməsi üçün müşahidəçilərdən qərəzsizlik və peşəkarlıq təkləb olunur.
Müəllifin qənaətinə görə, müşahidəçilərin seçilməsinə cavabdeh olanlar unutmamalıdırlar ki, seçki müşahidəsi üçün seçdikləri insanların keyfiyyətləri Şərq Tərəfdaşlığı cəmiyyətlərində Avropanın demokratik təsisatları barədə imicin yaranmasında həlledici rol oynayacaq.




