Avropa Parlamenti seçki müşahidə missiyası barədə qərarı sentyabrda verəcək

Avropa Parlamenti

Avropa Parlamenti Azərbaycana seçki müşahidə missiyası göndərib göndərməyəcəyi barədə qərarı sentyabrda verəcək. Bu barədə BBC Azərbaycancaya Avropa Parlamentinin Kommunikasiya İdarəsinin direktoru Marjory van den Broeke məlumat verib.

Onun sözlərinə görə, Parlament administrasiyası hər altı aydan bir etdiyi kimi, yaxın zamanda seçkilərin keçiriləcəyi ölkələrin siyahısını tutub və həmin siyahıda Azərbaycanın da adı var.

"Parlamentin seçki müşahidə nümayəndə heyətini məhz hara göndərəcəyinə isə sentyabrda qərar verəcək", xanım van den Broeke deyib.

Yerli mətbuatda Azərbaycanın Euronest nümayəndə heyətinin sədri Elxan Süleymanova istinadən məlumat verilmişdi ki, Azərbaycan Avropa Parlamentinin seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxarılıb.

Amma xanım van den Broeke deyib ki, sentyabrda tərtib ediləcək siyahı - Avropa Parlamentinin müşahidəçilərlə bağlı yeganə siyahısıdır.

O eyni zamanda Azərbaycanın Avropa Parlamentini seçkiləri izləmək üçün dəvət etdiyini təsdiqləyib.

Seçki vaxtı hansı ölkələrə müşahidəçilərin göndəriləcəyi barədə qərarı Avropa Parlamentinin Prezidentlər Konfransı verir. Bunun üçün bir sıra kriteriya var, o cümlədən ölkənin Avropa İttifaqından müşahidə missiyası və ya məhz Avropa Parlamentini dəvət etməsidir.

Mətbuatda yayılmış məlumata görə, cənab Süleymanov Avropa Parlamentinin "müşahidəçi göndərməmək" qərarını parlament müşahidəçilərinin 2005, 2008 və 2010-cu illərdə keçirilən seçkilər zamanı təqdim etdiyi "müsbət hesabatlar"ı ilə əlaqələndirib.

Bazar ertəsi Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın prezident seçkilərini izləmək üçün ATƏT-dən müşahidəçilər dəvət edəcəyini bildirib.