"Snowden Rusiyaya daxil olmayıb"

Təyyarə
Şəklin alt yazısı, Edward Snowden Moskvadan Havanaya uçmalı idi, mənbə deyib.

Rusiya deyib ki, ABŞ kəşfiyyatından xəbər sızdıran və ABŞ tərəfindən axtarışda olan Edward Snowden ölkənin ərazisinə daxil olmayıb.

Bazar günü Honq-Konqdan Moskvaya uçan cənab Snowdenin harada olduğu məlum deyil.

Ancaq xarici işlər naziri Sergey Lavrov onun Rusiya sərhədini keçmədiyini bildirib.

O, mətbuat konfransında deyib ki, onun yoxa çıxmasında Rusiyanı ittiham etmək "əsassız və qəbuledilməzdir".

"Bizim cənab Snowden ilə, onun ABŞ-la münasibətlərilə, və ya dünya ətrafında dolaşması ilə heç bir əlaqəmiz yoxdur", cənab Lavrov deyib.

Müxbirlərin dediyinə görə, cənab Lavrovun şərhləri göstərir ki, cənab Snowden Moskvada təyyarədən endikdən sonra hava məkanı ərazisində qalıb və beləliklə də, texniki olaraq Rusiya ərazisinə daxil olmayıb.

Reuters xəbərlər agentliyi Moskva aeroportundakı mənbəyə istinadla yazır ki, cənab Snowden bazar günü Moskvaya Honq-Konqdan gəlib və o, sonrakı gün Kuba paytaxtı Havanaya yola düşməli idi. Ancaq cənab Snowden Havanaya biletindən istifadə etməyib, mənbə deyib.

Mənbə həmçinin bildirib ki, o, Wikileaks qrupu üçün işləyən Britaniya hüquq təhqiqatçısı Sarah Harrison ilə birlikdə səyahət edirmiş.