Göyərtəsində Edward Snowden olan təyyarə Şeremetyevo aeroportuna enib

ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edward Snowdeni Hong Kong-dan çıxaran təyyarə Moskvanın Şeremetyevo aeroportunda eniş edib.

ABŞ Edward Snowden-i casusluqda ittiham edərək onun Hong Kong-dan ekstradisiya edilməsini istəmişdi, lakin Hong Kong höküməti ABŞ tərəfinin ekstradisiya xahişilə bağlı təqdim etdiyi sənədlərin Hong Kong qanunvericiliyinə tam şəkildə cavab verməməsini əsas götürərək Edward Snowdenin təyarə ilə Hong kong-u tərk etməsinə əngəl törətməmişdir.

Bəzi məlumatrlara görə, Edward Snowden-in bazar ertəsi günü Havanaya təyyarə reysinə bileti var.

Bundan əvvəl Reyter agentliyinə Aeroflotdan xəbər veriblər ki, o, Moskvadan Kubaya, oradan isə Venesuellaya uçacaq.

Hong Kong mediası isə Edward Snowden-in İslandiya ya Ekvadora gedə biləcəyini yazıb.

Qeyri-rəsmi son məlumatlara əsasən, Moskvada Edward Snowden Ekvador səfirliyinə siyasi sığınacağın verilməsi üçün müraciət edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş işçisi Edward Snowden ötən ay anonim sürətdə mətbuat vasitəsilə ABŞ Kəşfiyyat orqanlarının milyonlarla insanın telefon zəngləri, email-ləri, facebook və twitter-də şəxsi səhifələrinə məxvi qaydada nəzarət etdiyini bəyan etmişdir.