Vəkil Aslan İsmayılov başına gələnləri "qorxulu filmə" bənzədir

Daxili İşlər Nazirliyi vəkil Aslan İsmayılovun yenidən hüquq-mühafizə orqanlarına çağırılaraq təhqir edilməsini təkzib edir.
Qurumun mətbuat xidmətindən Orxan Mansurzadə deyib ki, vəkil “polisin cəmiyyətdəki yüksək nüfuzuna və işgüzar imicinə kölgə salmağa cəhd göstərdiyinə” görə o, İdarəyə dəvət edilib, APA yazır.
“..vəkil polis əməkdaşlarını təxribata çəkməyə cəhd göstərib, lakin qanun keşikçiləri təxribata getməyərək özlərini təmkinli aparıblar”, deyən sözçü İsmayılovun “hər hansı fiziki təzyiqə məruz qalmadığını” bildirib.
Vəkil İsmayılov isə deyir ki, cümə axşamı saat 6-7 radələrində təxminən ona yaxın xahiş tipli zəngdən sonra İstintaq şöbəsinin rəis müavini Canpolad Daanovla görüşə gedib və “hədələnib”.
“Bunu ancaq quldurlar barədə filmlərdə görə bilərsiniz. Məni bir nəfər idmançı cüssəli birisi qarşıladı, sonra Daanov gəldi və söyməyə, təhqir etməyə başladı”.
İsmayılov BBC Azərbaycancaya deyir ki, ona daxili işlər naziri Ramil Usubovun “adını bir də çəkməmək” barədə xəbərdarlıq edilib və o, qulaq nahiyəsindən “vurulub”.
“Dedi ki, sən kimsən ki, nazirin adını çəkirsən. Əgər həyatın dəyərlidirsə, özünü yaxşı apar”.
O, başına gələnlər barədə Bakı Prokurorluğuna, Baş Prokurorluğun “qaynar xətt”inə və ABŞ səfirliyinə məlumat verib.
Səbəb
Son günlərdə bloqçu Rəşad Ramazanova işgəncə verildiyini iddia edən İsmayılov, bu səbəbdən İdarəyə çağrıldığını deyir.
“Mənə dedilər ki, sən Ramazanovu tanımırsan, sən kimsən ki, onu müdafiə edirsən”.
Vəkilin sözlərinə görə, o, “yalnız vətəndaş mövqeyini nümayiş etdirərək Ramazamovun işgəncəyə məruz qaldığını deyib, “dəqiq bildiyimi deməkdən qorxmuram, heç bir şəxsi marağım yoxdur”.
17 mayda İsmayılov Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində bloqçu Rəşad Ramazanova “işgəncə verildiyini” deyib və “Usubovun istefasını” istəyib.
Ramazanov narkotik maddə ittihamı ilə 9 mayda saxlanılıb. Onu dəstəkləyənlərsə, bloqçunun sosial mediada höküməti tənqid etdiyini deyir.
Hazırda İsmayılovun Vəkillər Kollegiyasından çıxarılıb-çıxarılmaması məsələsi ətrafında da məhkəmə prosesi gedir.
8 mayda Vəkillər Kollegiyasının Rəyasət Heyəti onun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar verib.




