Azərbaycan və Rusiyanın Eurovision tragikomediyası

- Müəllif, Leyla Nəcəfli
- Vəzifə, bbcazeri.com
Azərbaycanın Eurovision mahnı müsabiqəsinin finalında Rusiyaya bir xal belə verməməsini Moskva və Bakı o qədər ciddiyə aldı ki, müsabiqənin tarixində ilk dəfə olaraq prezident və xarici işlər nazirləri bu məsələyə qarışdı.
Eurovision müsabiqəsinə Rusiya 1994-cü ildə, Azərbaycan isə 2008-ci ildə qatılandan bəri demək olar ki, müsabiqə öncəsi və ya sonrası tez-tez gah Moskvada, gah da Bakıda sular bulanıb.
İki ölkəni ən çox birləşdirən cəhət, yəqin ki, Eurovisiona xərclənən pullardır. Azərbaycanın müsabiqəyə ev sahibliyi etməsindən əvvəl, Eurovision tarixində ən bahalı şou 2009-cu ildə, Moskvada keçirilmişdi.
Rusiyanı bəzi digər ölkələrdən fərqləndirən odur ki, adətən müsabiqəyə ölkənin ən böyük ulduzları göndərilir – t.A.T.u, Alsu, Dima Bilan və hətta məhşur fiqurist Yevgeni Pluşenko.
Və bu il, Azərbaycandan Rusiyaya bir xal da verilməyəndə, hər iki ölkənin buna reaksiyası böyük maraq doğurdu.
"Britaniya xarici işlər nazirinin və ya Fransa prezidentinin mahnı müsabiqəsinə görə bu qədər dilxor olduğunu təsəvvür etmək çətin olardı", Bloomberg kütləvi informasiya şirkətinin müxbiri Leonid Berşidski yazır. Onun fikrincə, əsas fərq ondadır ki, Rusiya və Azərbaycan "effektiv olaraq diktaturalardır".
Qalmaqallı tarix

2009-cu ildə Azərbaycanın Ermənistan təmsilçilərinin çıxışı yayımlanarkən efiri kəsməsi barədə məlumat yayılmışdı. Daha sonra isə Ermənistana səs verən bəzi azərbaycanlılar MTN-ə çağırılmışdı.
Rusiyanın Eurovisiona həssas münasibəti də yenilik deyil. 1998-ci ildə, ölkə müsabiqənin finalına keçməyəndə, Rusiya Eurovision-u yayımlamaqdan imtina etdi. Buna cavab olaraq Avropa Teleradio Yayım Birliyi Rusiyanın müsabiqədə iştirakına bir illik qadağa qoydu.
Eyni zamanda bu ölkələrin müsabiqədə iştirak etmələri və onlara ev sahibliyi etmələri digər cəhətdən ciddi qarşılanıb. 2012-ci ildə müsabiqə Azərbaycanda keçiriləndə, Azərbaycanda insan haqlarının durumuna işarə edərək Avropa Teleradio Yayım Birliyi tənqid edilib.
Politoloq Ərərstun Oruclu düşünür ki, bu məsələnin Rusiya hökümətində ciddi reaksiya doğurması - "siyasi kontekstin olmasından xəbər verir".
"Rusiya düşünür ki, bu, Azərbaycan hakimiyyətinin ona qarşı atdığı addımdır", o deyib.
Post-Sovet arzuları
Cənab Oruclunun fikrincə, müsabiqənin Azərbaycan üçün önəmi hökümətin müsbət PR ehtiyacından irəli gəlir.

"Azərbaycan hakimiyyəti idman, musiqi və bütün bu tədbirlərlə bağlı apardığı siyasətin arxasında PR dayanır. 2012-ci ildə aparıcı dünya mətbuatında gedən məqalələrdən sonra, seçki ilində Azərbaycan neqativ imici özündən atmaq istəyir", o deyib.
Amma Bloomberg yazarı Leonid Berşidskinin fikrincə bunun səbəbi - iqtisadi və siyasi baxımdan zəiflənmiş post-Sovet ölkələrinin "hiss olunan nədəsə seçilmək" istəyidir.
Azərbaycanın Rusiyadakı səfiri də məsələni yenidən şərh edib. "Ümumiyyətlə bu, qeyri-ciddi müsabiqədir. Ora getməkdən imtina etməyə başlayacaqlar", Polad Bülbüloğlu Türkiyəni misal gətirərək "Komsomolskaya pravda"ya deyib.
Ancaq bu məsələni elə ilk dəfə səfirin özü qaldırıb. O, həftənin əvvəlində Rusiyanın Azərbaycandan 10 xal almalı olduğunu və Prezident İlham Əliyevin bu məsələnin araşdırılması üçün xüsusi göstəriş verdiyini demişdi.
Bundan sonra nazirlər Elmar Məmmədyarov və Sergey Lavrovun Moskvada birgə keçirdiyi mətbuat konfransında məsələ ilə bağlı bəyanatları Rusiya və Azərbaycan hökumətləri üçün Eurovision-ın əslində xeyli ciddi bir tədbir olduğunu göstərmiş oldu.




