"Şok", "çirkin", "detektiv" - XİN başçılarından Eurovision açıqlaması

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanla Rusiya arasındakı Eurovosion qalmaqalını “detektiv hekayə” adlandırıb.

“Biz Azərbaycanın nəticələrini eşidəndə, bir qədər şok keçirdik”, cənab Məmmədyarov Rusiya həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycanda fəaliyyət göstərən hər üç operatora görə Rusiya ikinci yerdədir. Səslər hara getdi? Necə yox oldular? Bu sual, təbii ki, bizim ictimai televiziyamız üçündür.”

Cənab Məmmədyarov qeyd edib ki, Azərbaycanın ən böyük telekommunikasiya şirkəti Azercellin nəticələrinə görə, 7893 səslə Ukrayna 1-ci yer alıb, Rusiya isə 1677 səslə ikinci yer. “Sonra Malta, Belarusiya, Gürcüstan, və sair gəlir”, o deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, hər iki tərəf “bu çirkin əməlin cavabsız qalmaması üçün” birgə hərəkət yolları haqqında razılaşacaq.

“Bizdən 10 xal oğurladılar - bizdən yox, bizim təmsilçimizdən”, o deyib.

Azərbaycan deyir ki, Eurovision finalında Rusiyaya əslində 10 xal səs verib, ancaq yanlışlıq nəticəsində bir xal belə verilməyib.

Azərbaycan prezidenti bu məsələnin səbəblərinin araşdırılması üçün xüsusi göstəriş verib.