
İsmayıllıya etiraz aksiyasından sonra həbslər və ümumi vəziyyəti öyrənmək məqsədilə Bakıdan gedən saxlanılan hüquq müdafiəçiləri artıq buraxılıb.
Rəsul Cəfərov, Bəşir Süleymanlı, Elşən Həsənov, Zaur Əkbər və Yadigar Sadıqov çərşənbə axşamı İsmayıllının girəcəyində polis tərəfindən saxlanılıb.
Cəfərov BBC Azərbaycancaya deyir ki, polis şöbəsi rəisi Nizami Qocayev və rayon prokurorluq nümayəndəsi onlarla söhbət edib.
"Söhbətin nəticəsi belə oldu ki, bizə İsmayıllıdan getməyi məsləhət gördülər".
Cəfərov polisə "ən azı bir neçə saat rayonda olacaqlarını" bildirdiyini qeyd edir.
Onun sözlərinə görə, görüş zamanı onlara bəzi rəsmi məlumatlar verilib.
"Dedilər ki, 12 nəfər barəsində həbs-qəti imkan tədbiri açılıb, işgəncə halları ilə bağlı heç kim müraciət etməyib, buna görə, bu barədə heç nə deyə bilməzlər".
Hüquq-mühafizə orqanları nümayəndələrinin sözlərinə istinad edən Cəfərov, İsmayıllı hadisələrinə görə, iğtişaş törətmə, əmlaka qəsdən zərər verilməsi və ictimai asayişin pozulması maddələri ilə cinayət işi açıldığını bildirib.
Çərşənbə axşamı jurnalistlər, hüquq müdafiəçiləri və gənclərdən ibarət beş avtomobildə iyirmi nəfərlik qrupla İsmayıllıya səfər edib.
Yanvarın 23-də İsmayıllıda İcra başçısının qohumu olduğu deyilən şəxsin Çıraq otelindən çıxaraq avtomobil qəzası törətməsi, taksi sürücüsünü döyməsi və söyüş işlətməsi sakinləri etiraza qaldırıb.
Ötən həftə Klikləyin toqquşmalardan sonra müxbirimizə danışan İsmayıllı sakinləri sosial vəziyyətlərindən də narazı olduqlarını deyib.
"Həbslər davam edir"
İki günlük etiraz aksiyalarından sonra hadisələr səngisə də, rayon sakinləri aksiya iştirakçılarının həbs edildiyini deyir.
"Görüntülərə baxırlar, kim nə danışıbsa, şöbəyə gətirirlər, döyürlər", yerli jurnalist Elçin İsmayıllı sakinlərə istinadən bildirib.
O, rayon və kəndlərdə saat 8-dən sonra insanlara 2-3 nəfərlik qrup şəklində gəzməyə imkan verilmədiyi deyir, "İsmayıllıda elan edilməmiş komendant saatı var".
İsmayıllı müxalifət fəalı Sadiq Umudlunun oğlu Tural Umudlunun polisə çağrıldığını və 400 manat cərimə edildiyini deyir.
Onun sözlərinə görə, hazırda rayon mərkəzində polis və xüsusi geyimlilər azalsa da, Bakı-Qəbələ istiqamətindəki yerlərdə qalmaqdadırlar.
Daxili İşlər Nazirliyi BBC Azərbaycancaya bildirib ki, həbslər və döyülmə iddiları haqqında Respublika prokurorluğu gün içərisində məlumat yayacaq.
Aksiya zaman saxlanılanlardan biri də etirazlara dəstək üçün Bakıdan getmiş və 13 sutka həbs cəzası alan fəal Dəyanət Babayevdir.
Onun vəkili Əsabəli Mustafayev BBC Azərbaycancaya onun Qəbələdə saxlanıldığını deyir.
Valideynləri narahatdır ki, o Qəbələdə döyülür.
Vəkil həftə ərzində Babayevin yanına getməyi planlaşdırdığını bildirib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Babayev İsmayıllıya yanvarın 25-də gedib.
Babayev haqqında həm də xuliqanlıq iddiası ilə istintaq işi gedir.
O, digər iki dostu ilə gecə vaxtı asayişi pozmağa görə saxlanılmışdı.

















