BBC

BBC navigation

VAFİ Region və VAFİ Turizm-in sayt domenləri eyni şirkətin adına qeydiyyatdan keçib

Foto Çıraq oteli yandıqdan sonra çəkilib.

İsmayıllıda yandırılmış Çıraq oteli ilə bağlılığı olduğu deyilən şirkətlərin saytlarının domenləri eyni şirkətin adına qeydiyyatdan keçirilib.

BBC Azərbaycancanın İnternetdə araşdırmalarına görə, şirkətlərin adına oxşar, "vafi-turizm.az" və "vafi.region.az" domenlərində saytlar mövcud olub, amma araşdırma zamanı saytlar açılmayıb.

Domen adlarının qeydiyyatı barədə məlumatlarda isə, "vafi-turizm.az" saytı VAFİ-Region MMC-nin adına qeydiyyatdan keçib.

Qeydiyyatdan keçirən şəxsin adı Əliyev Mikayıldır.

"vafi.region.az" domeni də VAFİ Region MMC-nin adı ilə qeydiyyatdadır, qeydiyyatdan keçirən şəxs isə Kərimova Dinarədir.

VAFİ-Turizm şirkəti Çıraq oteli üçün Mədəniyyət və Turizm Nazirliyindən lisenziya alan firmadır, sosial mediada nazirliyin saytındakı məlumatların fotoşəklində görünür.

VAFİ-REGİON şirkəti isə Vergilər Nazirliyinin saytından yayılan məlumatlara əsasən Vüqar Ələkbərov adlı şəxs tərəfindən təsis edilib.

Sosial mediadabu adı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovla əlaqələndiriblər. Nazir Füzuli Ələkbərovun qardaşı, ötən həftə üsyan baş verdiyi İsmayıllı şəhərinin icra başçısı Nizami Ələkbərov isə jurnalistlərə açıqlamasında deyib ki, onun və qohumlarının bu otellə heç bir əlaqəsi yoxdur.

Şirkətlər barədə məlumatları iqtisadçı bloqçu Natiq Cəfərli sənədləri İlqar Məmmədovla birgə araşdırır.

Cəfərli, BBC Azərbaycancaya adı çəkilən şirkətlər arasında əlaqə ola biləcəyini iddia edir.

"VAFİ Turizm və VAFİ Region eyni kökə malikdir, bir holdinqin törəmələri ola bilər", deyə o, ehtimal edib.

BBC Azərbaycanca deyilənlərə şərh almaq üçün çərşənbə günü hər iki şirkətlə əlaqə saxlamağa cəhd edib.

VAFİ Turizm şirkətindən özünü təqdim etməyən şəxs telefon nömrəsinin turizm şirkətinə aid olmasını təsdiqləsə də, suallara cavab verməyib və "rəhbərliyin burada olmadığını" bildirib.

VAFİ-Region şirkətinin telefonlarına isə zəng çatmayıb.

Mədəniyyət və Turizm Nazirliyinin saytının, 2012-ci il üçün mehmanxanalar barədə rəsmi sənədlər bölməsində Çıraq otel üçün “VAFİ Turizm” MMC-yə 2017-ci ilə qədər lisenziya verildiyi yazılır.

Turizm şöbəsinin işçiləri "səfərdədir"

“VAFİ Turizm” MMC-yə (hüquqi ünvanı: İsmayıllı şəhəri, Nizami küçəsi, 26.12.2012-ci il tarixli, qeydiyyat nömrəsi 393, seriya nömrəsi 074370) İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən “Çıraq” oteli üçün”, nazirliyin saytından yayılmış sənədlərdə görünür.

Amma nazirlik “Çıraq oteli üçün lisenziya verilən şəxsin” adını BBC Azərbaycanca bildirməyib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətov bildirib, hazırda üç müxtəlif ölkədə sərgilər keçirildiyindən turizm şöbəsinin işçiləri səfərlərdədir.

Hümbətov, Vergilər nazirliyinə müraciət etməyi məsləhət görüb.

Vergilər nazirliyinin saytında isə, bu şirkətın adına oxşar, İsmayıllıda yerləşən və təsisçisi Vüqar Füzuli oğlu Ələkbərov olan “VAFİ Region” MMC barədə məlumat verilib.

Bu sənədləri REAL Hərəkatının həmtəsisçisi İlqar Məmmədov yaysa da, sonradan araşdırma zamanı sənədin yerləşdiyi link açılmayıb.

Şirkət 4 avqust, 2010-cu ildə qeydiyyatdan keçib və hüquqi ünvanı İsmayıllı şəhəri, M.Orucov,100-dür.

Qeydiyyat ünvanında hazırda yaşayan Ruhiyyə Cavadova isə Azadlıq radiosuna bildirib ki, “2009-cu ildən burda yaşayır və belə bir MMC-dən xəbərsizdir”.

İqtisadçı Cəfərli, bütün bu məlumatların İcra başçısı Nizami Ələkbərov və digər məmurların xalqa “yalan danışdığını ortaya çıxardığını”deyir.

İsmayıllı rayon icra başçısı Nizami Ələkbərov mediaya bildirmişdi ki, bu otelin onun qardaşı və qardaşı oğlu ilə əlaqəsi yoxdur və kimə aid olduğunu da bilmir.

Yerli sakinlərin Çıraq otel barəsində BBC Azərbaycancaya dedikləri isə bu fikirlərin əksidir, onlar otelin tikintisini İcra hakimiyyəti ilə bağlayır.

"Çırağ"ın əvvəlki binasının sakinləri

Təxminən 5 il əvvəl otuza yaxın ailə Çıraq otelin yerləşdiyi ərazidəki binadan İcra Hakimiyyəti tərəfindən köçürülüb, sakinlər deyir.

“Bizi 2008-ci ilin fevralın 28-də axşamüstü məcburi şəkildə polis gücünə çıxarıblar”, Təranə Ağayeva dilə gətirir.

Ağayeva hazırda digər iki qonşu qadınla birgə 2008-ci ildən köçürüldükləri kərpic satışı ilə məşğul olan obyektin döşəməsi beton otaqlarda yaşayır.

Ağayeva onlara həm də topraq sahəsi verildiyini deyir, amma onlar həmin sahələr “gərginliyin altında” yerləşdiyindən ərazilərini “sənədləşdirə bilmir”.

Köçürülən ailələr 1993-cü ildən otelin yerləşdiyi binada yaşayıblar.

“Sovet dövründə bura “raykoittifaq” deyilirdi, sonra yataqxana kimi istifadəyə verildi. Biz orda ev pulu köçürmüşük, kommunal xərcləri verirdik”, Ağayeva bildirir.

“Bizə kömək etməli idilər, tullamalı deyildilər. Aclıq aksiyası keçirdik, şikayət etdik, nəticəsi olmadı”.

Ağayevanın qonşusu Lalə Məlikova da köçürülmələri barədə yeni sözləri deyir

“Məni çıxaranda evə girib lomla döşəmələri qaldırdılar, bir də gördüm ki, pəncərələr yoxdur”.

Baş verənləri “haqsızlıq” adlandıran qadınlar köçürülən zaman onlara heç bir ödəniş edilmədiyini qeyd edir.

Onlar İcra başçısına və digər məmurlara şikayət etdiklərində dəfələrlə “çıxmayaydınız” sözlərini eşitdiklərini deyir.

Onlar Çıraq otelinin yandırılmasını köçürülən ailələrin “ahı və göz yaşları” ilə əlaqələndirir.

"Kommersiya sirridir"

Otel barədə məlumatlar yayılan kimi nazirliklərin saytında həmin məlumatları göstərilən ünvanda tapmaq mümkün olmayıb.

Natiq Cəfərli məlumatların gizlədilməsini Azərbaycanda qapalı “offshore” zona yaradılma cəhdləri ilə bağlayıb.

“Azərbaycanda kommersiya sirri barədə mürtəce qanun dəyişiklərinin tez Parlamentdən keçirilməsi elə onu göstərdi ki, məmurlar öz biznes strukturlarını və maraqlarını gizlətmək istəyir.

Vergilər Nazirliyi şirkətlər barədə Azadlıq radiosuna bildirib ki, “qanunvericiliyə görə, biz hüquqi şəxslər, təsisçilər və onların nizamnamə kapitalındakı payları haqda açıqlama verə bilmərik. Bu haqda məlumat kommersiya sirri sayılır”.

Otel barəsində məlumatlar yayılan zaman isə Facebook sosial şəbəkəsində Vüqar Ələkbərov adlı istifadəçinin “Çıraq” otelinin şəkillər albomu olan profili yayılıb.

Amma Ələkbərovun profili elə həmin gün, yanvarın 28-də bağlanıb.

Yanvarın 23-də İsmayıllıda icra başçısı Nizami Ələkbərovun qardaşı oğlu və ya bacısı oğlu olduğu deyilən şəxs “Hammer“ markalı maşını ilə "Çıraq” otelindən çıxarkən taksi sürücüsünün maşınını vurub, sürücülər arasındakı mübahisə zamanı həmin şəxs söyüş işlətdiyindən yerli sakinlər də narazılıq bildirib.

Narazılıq növbəti günlərdə “icra başçısının istefası” tələbi ilə Klikləyin etiraz aksiyalarına çevrilib.

Aksiyalar polis və çevik polis alayının köməyilə yatırılsa da, yerli sakinlər arasında Klikləyin saxlanılanlar var.

Hadisə barəsində Baş Prokurorluqda cinayət işi açılıb.

Qeyd: Bəzi dəqiqləşdirilmələrdən sonra yazı yenilənib.

Mövzuya aid

Mövzular

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.

]]>