Azərbaycan və Ermənistan nazirləri ABŞ-da görüşüblər

Şəklin mənbəyi, Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ-ın dövlət katibi Antony Blinken-nin iştirakı ilə görüşüblər.
Nazirlər BMT-nin Baş Assambleyasının New-Yorkda başlayacaq iclasında iştirak etmək üçün ABŞ-a gediblər.
Bu görüş ötən həftənin əvvəlində hər iki ölkənin sərhədində baş verən, tərəflərin 200-dən çox itki verdiyi döyüşlərdən sonra Azərbaycan və Ermənistan rəsmiləri arasında baş tutan ilk görüş olub.
ABŞ Dövlət Departamenti açıqlama verərək, "iki ölkə arasındakı gərginliyi tez bir zamanda dayandırmaq üçün bu görüşün Blinken tərəfindən təşkil edildiyini" açıqlayıb. ABŞ Dövlət Departamentinə əsasən, iki nazir atılacaq "növbəti addımları" müzakirə ediblər və cənab Blinken onları bu ayın sonuna qədər "yenidən görüşməyə çağırıb".
"Bu gün mən Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov arasında birbaşa danışıqlara ev sahibliyi etdim. Görüş zamanı bildirdiyim kimi, hərbi qüvvələrin çəkilməsinin və diplomatların masa arxasına qayıtmasının vaxtıdır", - ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada Antony Blinkenin sözləri iqtibas olunur.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə nazir Ceyhun Bayramov son döyüşlərin Ermənistanın hücumları nəticəsində olduğunu və bu ölkənin İkinci Qarabağ müharibəsindən sonra əldə edilmiş razılaşmalara əməl etmədiyini deyib.
Nazir bildirib ki, Azərbaycan işğaldan azad edilmiş torpaqlarda yenidənqurma işləri görür və mülki əhalini ora qaytarır deyə "sabitliyi pozmaqda maraqlı deyil", - Azərbaycan XİN-i yazıb.

Şəklin mənbəyi, Getty Images
Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, Ararat Mirzoyan Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisindən çıxarılmalı olduğunu, güc tətbiqi və ya güc tətbiq etməklə hədələmənin yolverilməz olduğunu deyib.
"Gərginliyin daha da artmasının qarşısını almaq üçün beynəlxalq mexanizmlər tətbiq edilməlidir. Humanitar məsələlərin, o cümlədən hərbi əsirlərin vətənə qaytarılması dərhal həllini tapmalıdır", - Ermənistan XİN görüş barədə məlumatında bildirib.
Görüş barədə hər iki ölkə yaydığı məlumatda danışıqlara hazır olduqlarını bəyan edib. Azərbaycan tərəfi danışıqların üçtərəfli bəyanatlara və Brüssel görüşünün nəticələrinə uyğun davam etdirilməsini istəyib, Ermənistan tərəfi isə "münasibətlərin hərtərəfli normallaşmasında" iştirak etməyə hazır olduğunu deyib.
ABŞ-ın Bakıdakı keçmiş səfiri Richard Kauzlarich Turan informasiya agentliyinə deyib ki, tərəflərin yenidən görüşməyə çağırışı "ABŞ-ın ikitərəfli prosesi irəlilətmək üçün konkret planının olmadığını deməyə əsas verir".
"Bu, mənə 1994-cü ili, Minsk Qrupunun yaradılmasından əvvəlki dövrü xatırladır, o zaman ABŞ, Rusiya, İran və Türkiyə münaqişə tərəfləri ilə birtərəfli diplomatiya aparmağa çalışırdılar", - Richard Kauzlarich "Turan"a bildirib.
Azərbaycan 95 erməni hərbçinin meyitini təhvil verib
Çərşənbə axşamı Azərbaycan Ermənistana daha 95 hərbçinin meytini təhvil verib, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirib.
Qurumun məlumatına görə, 95 erməni hərbçisinin meyitinə "Azərbaycan Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə" Ermənistana təhvil verilib.
Son döyüşlərdən sonra ikinci dəfədir ki, Azərbaycan Ermənistan hərbçilərinin meytini verir, ötən həftə bu rəqəm 32 olub.
Azərbaycan -Ermənistan sərhədində ötən həftənin əvvəli başlayan qanlı döyüşlərdə hər iki tərəf 200-dən artıq itki verib.
Sərhəddəki gərginliyiə görə hər iki ölkə bir-birini ittiham edir.
Blinkenin zəngi
Bu görüş ərəfəsində, bazar günü ABŞ dövlət katibi katibi Anthony Blinken Prezident İlham Əliyevə zəng edərək Ermənistan və Azərbaycan arasında silahlı toqquşmanın dayandırılmasını "müsbət qarşıladığını" deyib.
O, "iki ölkə arasında ziddiyyətlərin həlli zamanı hərbi gücdən istifadədən çəkinməli və problemlərin sülh danışıqları ilə aradan qaldırılmalı" olduğunu vurğulayıb, - ABŞ Dövlət Departamenti bildirib.
Prezident. az saytının yaydığı xəbərdə açıqlanır ki, Blinken və Əliyev telefon söhbətində Azərbaycan və Ermənistan arasında "sülh müqaviləsi üzrə danışıqların, eləcə də nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməli" olduğundan danışıblar.
Amerikalı rəsminin Azərbaycan Prezidenti ilə son bir həftə ərzində sayca ikinci telefon danışığı ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nancy Pelosi-nin Ermənistana səfəri ilə üst-üstə düşüb.
Ötən həftəsonu Ermənistana gedən Nancy Pelosi Yerevanda çıxış edərkən son sərhəd toqquşmasına görə Azərbaycanı günahlandırıb və rəsmi Bakını Ermənistan ərazisinə "qanunsuz hücumda" ittiham edib.
Azərbaycanın Xarici İşlər Nazirliyi Nancy Pelosi-nin açıqlamasını "əsassız, ədalətsiz və qəbuledilməz" adlandırıb və Ermənistanla Azərbaycan arasında "hal-hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbə" kimi qiymətləndirib.

Şəklin mənbəyi, Getty Images
Bazar ertəsi günü Ermənistan Təhlükəsizlik Şurası Azərbaycanla sərhəddəki son döyüşlərdə 207 hərbçinin həlak olduğunu və itkin düşdüyünü bəyan edib.
"Ölənlərdən yeddi mülki şəxs həlak olub, iki mülki şəxsin yeri məlum deyil", - Təhlükəsizlik Şurası bəyan edib.
Ermənistan rəsmilərinin məlumatına görə, döyüşlərdə 293 hərbçi və üç mülki şəxs yaralanıb, "20 hərbçi əsir düşüb".
Bazar günü sərhəddəki son döyüşlərdə yaralanaraq xəstəxanada müalicə olunan yaralı Azərbaycan hərbçisi həlak olub, bununla Azərbaycanın itkilərinin sayı 80-ə çatıb.
Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan sərhədindəki son döyüşlərdə həlak olan hərbçilərin siyahsını yeniləyib və xəstəxanada vəfat edən Yusif Qurbanovun adını siyahıya əlavə edib.
Şənbə günü Azərbaycan sentyabrın 12-13-də Ermənistanla sərhəddə olan döyüşlərdə həlak olan 32 erməni hərbçinin meyitini qarşı tərəfə təhvil verib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirib ki, Azərbaycanın nəzarətinə keçən ərazilərdə aşkar edilən meyitlərdə hər hansı zorakılıq əlamətləri olmayıb.
Qurum bildirib ki, "Hazırda Ermənistan hərbçilərinə aid digər meyitlərin müayinəsi aparılır və yaxın zamanlarda onlar da təhvil veriləcək".
Cümə günü Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasında açıqlayıb ki, Azərbaycanla sərhəddə olan döyüşlərdə Ermənistan tərəfindən 135 nəfər həlak olub.
Nikol Paşinyan bildirib ki, bu rəqəm dəyişə bilər. O, çoxsaylı yaralıların olduğunu əlavə edib.
Azərbaycan tərəfindən döyüşlərdə 282 hərbçi yaralanıb. Onlardan biri bu gün xəstəxanada vəfat edib.
"Yaralanan 282 hərbi qulluqçudan 43 nəfəri ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir", - Azərbaycan Müdafiə Nazirliyi elan edib.

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi
Rəsmi məlumatda həmin ərazidə olan Azərbaycan tərəfindən 2 mülki şəxsin də yaralandığı bildirilib. Onlardan biri ilkin tibbi yardımdan sonra evə buraxılıb, digəri xəstəxanada müalicə alır.
Azərbaycan Dövlət Sərhəd Xidməti döyüşlərdə həlak olanlardan 8-nin sərhədçi olduğunu və sentyabrın 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissələrində erməni hərbçilərinin "genişmiqyaslı təxribatlarlarının qarşısının alınması" zamanı həlak olduqlarını açıqlayıb.
Azərbaycan və Ermənistan bu həftənin əvvəli sərhəddə başlayan atışmada və "ərazisinə hücumda" bir-birini günahlandırır.
Cümə axşamına keçən gecə "sakitlik olub"
Ermənistan Müdafiə Nazirliyi cümə axşamı bildirib ki, gecə boyu Ermənistan-Azərbaycan sərhədində "mühüm insidentlər qeydə alınmayıb".
Ermənistan MN-nin mətbuat katibi Aram Torosyan cümə axşamı rəsmi Facebook hesabında yazıb ki, ötən gecədən sərhəddə "əksər istiqamətlərdən atəş az qala tamamilə dayandırılıb, ciddi insident müşahidə olunmur".
Ermənistan "beynəlxalq səylər nəticəsində" Azərbaycanla atəşkəsə razılaşma əldə edildiyini bildirib, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai TV-də bildirib.
Azərbaycan tərəfindən sərhəddəki son vəziyyətlə bağlı hələ ki, məlumat yoxdur.
Azərbaycan və Türkiyə müdafiə nazirləri növbəti dəfə telefonla Azərbaycan-Ermənistan dövlət sərhədində olan vəziyyət barədə danışıblar, Azərbaycan MN bildirib.
Açıqlamada deyilir ki, nazir Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akara "Ermənistan təxribatlarının qarşısının alındığını" deyib.
Səmərqəndə Əliyevlə Putinin görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddədir, o, Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edib.
İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə sentyabrın 16-da ikitərəfli görüş keçirib.
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərgin olması səbəbilə Sammitə getməkdən imtina edib, Baş nazirin ofisinin mətbuat xidməti bildirib.
KTMT Ermənistana hərbi kontingent göndərməyi planlaşdırmır
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hazırda Ermənistana hərbi kontingent göndərməyi planlaşdırmır, KTMT-nin birgə qərargahının rəhbəri Anatoli Sidorov jurnalistlərə bildirib.
O deyib ki, KTMT Ermənistana nümayəndələrini göndərəcək və onların işinin nəticələrinə əsasən təşkilat tərəfindən müəyyən tədbirlərlə bağlı qərar veriləcək.
Anatoli Sidorov onu da deyib ki, "Eyni məsələ daim yaranır və həllini tələb edir - bu, sərhədin demarkasiyası ilə bağlı məsələdir".
ABŞ: "Prezident Əliyevi hücumları dərhal dayandırmağa çağırmışıq"
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price Azərbaycan-Ermənistan sərhədində 12-13 sentyabrda baş verən hücumlardan "dərin narahatlıq" keçirdiklərini bildirib.
Ned Price deyib ki, dövlət katibi Anthony Blinken döyüşlər vaxtı hər iki ölkənin rəhbəri ilə danışıb, Ermənistanda "mülki şəxslərin atəşə tutulmasından" narahatlığını çatdırıb.
Cənab Price, həmçinin qeyd edib ki, Anthony Blinken Prezident Əliyevi "hərbi əməliyyatları dərhal dayandırmağa, hərbi qüvvələrdən istifadədən əl çəkməyə, qoşunları sərhəddən geri çəkməyə, mülki əhali üçün təhlükə yarada biləcək hərbi əməliyyatları dayandırmağa" çağırıb.
"O, Prezident Əliyevi Ermənistanla Azərbaycan arasında bütün həll edilməmiş məsələlərin sülh danışıqları yolu ilə həllinə səsləyib", - Ned Price deyib.
ABŞ rəsmisi bildirib ki, onun ölkəsi əvvəllər də hər iki liderə və bütün səviyyələrdə bu mübahisənin hərbi yolla həllinin mümkün olmadığını açıqlayıb.
Cənab Price hər iki tərəfi gələcək hərbi əməliyyatlardan çəkinməyə, dialoq və diplomatiyaya qoşulmağa çağırdıqlarını deyib.
ABŞ nümayəndəsi söyləyib ki, onlar Cənubi Qafqazın dinc və firavan gələcəyini təşviq etməkdə davam edəcəklər.
Azərbaycan erməni hərbçilərinin meyitini qaytarmağa hazırdı
Azərbaycan 12-13 sentyabr gecəsi baş vermis döyüşlərdə həlak olmuş 100-ə yaxın Ermənistan hərbçisinin cəsədini qarşı tərəfə verməyə hazır olduğunu bəyan edib. Ermənistanın məhz bu açıqlamaya mövqeyi bəlli deyil.
Bu barədə məlumat yayan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirib ki, onlar cəsədləri birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazırdılar və bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsini məlumatlandırıblar.

Şəklin mənbəyi, BBC
Sentyabrın 14-nə olan vəziyyət necə olub?
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, çərçənbə günü günorta saatlarından etibarən Azərbaycan ordusunun mövqeləri atəşə tutulur.
Ermənistan da sərhəddə vəziyyətin gərgin olduğunu bildirib.
Türkiyə Prezidenti Recep Tayyip Recep Erdoğan və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan sərhədindəki gərginliyi müzakirə edəcək, Reuters xəbər verib.
Onlar sentyabrın 15-16-da keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində danışacaqlar.
Ermənistan Baş naziri Nikol Paşinyan həmin tədbirə getməyəcəyini açıqlayıb.
Yaralılar
Azərbayacan-Ermənistan sərhədində bazar ertəsi gecə saatlarında başlayan toqquşmalar nəticəsində Azərbaycanın 282 hərbi qulluqçusu yaralanmış və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Sentyabrın 17-də Müdafiə Nazirliyi bildirib.
Məlumatda həmçinin 2 mülki şəxsin yaralandığı da qeyd olunur. Bundan əvvəl mülkilərin yaralandığı barədə Azərbaycan Müdafiə Nazirliyi və Baş Prokurorluğu bildirib.
"Ermənistan tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Amin Musayev və Goranboy rayonu Qaraçinar kəndində yaşayan Arzuman Orucov yaralanıb", qurumların birgə açıqladığı məlmatda deyilir.
Məlumata görə, yaralı Amin Musayev hazırda Gəncədə xəstəxanada müalicə alır, "onun vəziyyəti orta-ağır qiymətləndirilir". Arzuman Orucov isə ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb, qurum bildirib.
Hərbi Prokurorluqda istintaq olunan cinayət işi çərçivəsində hər iki fakt üzrə araşdırma aparıldığı bildirilir.
Ermənistanın səhiyyə naziri Anahit Avanesyan sosial şəbəkə hesabında "Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisinə endirdiyi raket zərbələri nəticəsində 6 mülki şəxsin yaralandığını" bildirib.
Onun sözlərinə görə, yaralılardan 4-ü hazırda müxtəlif xəstəxanalarda müalicəsini davam etdirir.









