Bakıda, gecə klubunda baş vermiş partlayışdan sonra vəziyyət necədir?

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube-da izləyin.

Bakıda gecə klubunda baş vermiş partlayış zamanı xəsarət alanlardan üç nəfər artıq evə buraxılıb.

Hadisə bazar gününə keçən gecə baş verib. Partlayışda 1 nəfər ölüb, 30-dan çox adam yaralanıb. Onlardan bir neçəsinin vəziyyəti ağır sayılır.

Yaralıların əksəriyyəti, əsasən, yanıq xəsarətləri alıb. Travmatoloji sınıq xəsarətləri alanlar da var.

Yaralananlardan ikisinin xarici ölkə vətəndaşı olduğu bildirilir.

Baş Prokurorluğun məlumatında deyilir ki, ilkin ehtimallara görə, partlayış qaz balonundan sızma nəticəsində baş verib.

Hadisə zamanı 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəydiyi bildirilir.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış nəticəsində baş vermiş yanğın ətrafa yayılmayıb və söndürülüb.

Bakının mərkəzindəki gecə klubunda partlayış baş verib

Şəklin mənbəyi, Azertag

Gecə klubunda baş verən partlayışla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə ümumilikdə 37 müraciət olub.

TƏBİB sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə bildirib ki, xəsarət alanlardan 23 nəfəri stasionar müalicəyə qəbul olunub. Stasionara qəbul edilən iki nəfərə yardım göstərildikdən sonra vəziyyətləri normal olduğu üçün onlar evə buraxılıb.

"Yanıq mərkəzinə olan müraciətlər daha çoxdur. Xəsarət alan şəxslər arasında travmatoloji sınıqla bağlı müraciət edənlər də var və onlar müxtəlif xəstəxanalara yerləşdirilib", - Vüqar Qurbanov qeyd edib.

Daha əvvəl Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatında bildirilib ki, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, bir nəfər vəfat edib.

Qeyd olunub ki, xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən üçünün vəziyyəti kritik, 10-nun vəziyyəti orta ağır, 6 nəfərin isə vəziyyəti stabil olaraq qiymətləndirilir.

Baş vermiş partlayış zamanı xəsarət alanlardan ikisi xarici ölkə vətəndaşıdır.

İtaliya vətəndaşı üz-çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir.

Seneqal vətəndaşı isə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir.